|
Tamah məqsədi ilə törədilən cinayətlər artır
Azərbaycanda son dövrlərdə tamah məqsədilə törədilən cinayətlərin sayı artır. 
Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının (MHŞ) sədri Fikrət Məmmədov da Ali Məhkəmənin Plenum iclasında deyib ki, son 3-4 il ərzində birinci instansiya məhkəmələrində baxılan bu cür işlərin sayı iki dəfədən çox artıb. Bu cinayətkarlığa görə məhkum edilənlərin sayı isə 830-u keçib. Dələduzluğa görə məhkum edilmiş şəxslərin sayı da davamlı olaraq artır.
Bundan başqa, soyğunçuluq və oğurluq cinayətlərinin baş verməsi ilə bağlı da, demək olar ki, hər gün KİV-də məlumatlar dərc edilir. 
 
Keçmiş polis rəisi Mahmud Hacıyev bizimyol.info saytına açıqlamasında bildirib ki, tamah məqsədli cinayətlərin artmasında iqtisadi vəziyyətin, maddi durumun ağır olmasının təsirləri var. 
"Bu cinayətlərin heç biri ehtiyatsızlıq ucbatından baş vermir. Hadisəni törədən nə etdiyini bilir. Bu cinayətlərin motivi isə tamahdır. Burada insanların xarakteri də 50 faiz rol oynayır. Çünki insan mürəkkəb xarakterli məxluqdur. Demək olmaz ki, hamının tərbiyəsi, intellekti, şüuru eyni səviyyədə inkişaf edir. Elə adam var alimliyə, elə adam da var ki, cinayətə meyllənir. Üstəlik, ölkədəki sosial-iqtisadi durum problemli olanda, bunun da təsirləri olur. Tək bizim ölkədə deyil, istənilən bir ölkədə işsizlik, yoxsulluq, sərxoşluq, narkomaniya varsa, orada tamah məqsədilə baş verən cinayətlərin sayı artır. Deməli bu cinayətlərin artmasında 50-nin 50-yə nisbətində həm insanların xarakteri, psixologiyası, tərbiyəsi, hüquqi maarifləndirilməsi rol oynayır. Həm də iqtisadi problemlər tamah məqsədli cinayətlərin inkişafına təsir edən amillərdən biridir" - deyə ekspert bildirdi.
Cia.az