|
Moskvadan Qarabağla bağlı çoxgedişli kombinasıya
Arzu Nağıyev: “Putin-Sərkisyan görüşünün əsas məqsədlərindən biri ABŞ-ın münaqişənin həllində təşəbbüsünün qarşısını almaqdır”
Elxan Şahinoğlu: “Sabah Putin Sərkisyandan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağı tapşırsa, Ermənistan prezidenti buna müqavimət göstərə bilməyəcək.
Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya bir gecəlik səfərindən və cəbhədə itkilərlə müşayiət olunan gərginliklərin ardınca Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya çağırılması gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır.
 
Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başladığı bir ərəfədə erməniləri təşvişə salan situasiya yaranıb. Bu arada erməni mediası Kremlin təzyiqləri nəticəsində Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarıla biləcəyi barədə hay-küy salmağa başlayıb. Üstəlik, Rusiya və Qərb KİV-lərində Moskvanın ATƏT-in Minsk Qrupundan kənarda Qarabağ məsələsinin tənzimlənməsi üzrə “gizli plan”ının olmasına dair yazılarla çıxış edirlər. Lragir.am saytının baş redaktoru Aykazn Qaqiryanın fikrincə, Lavrovun Bakı səfəri cəbhədə gərginliyin kəskinləşməsi fonunda baş verib ki, bu da Rusiyanın “strateji tərəfdaşı” olan Ermənistana bir mesajıdır (azvision). 
 
“Əgər Moskva istəməsəydi, onda Azərbaycan Ermənistanı atəşə tutmazdı. Bu, hamıya aydındır” - müəllif vurğulayıb. Məqalədə iddia olunur ki, Rusiya öz planının həyata keçrilməsi üçün hətta Ermənistanın maraqlarını qurban verməyə də hazırdır: “Azərbaycan Ermənistandan fərqli olaraq Avrasiya ölkəsidir və Rusiyadan iqtisadi və siyasi imtiyazlar alır. Lakin indi Rusiya elə vəziyyətdədir ki, Bakı ondan artığını tələb edə bilər”.

Rusiyanın politrus saytı isə yazıb ki, Lavrovun Bakı səfərinin detalları yayılmasa da, fərz etmək mümkündür ki, Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni plan təklif edir: “Həm də bu təklif indi yox, Vladimir Putinin I Avropa Oyunlarının açılış mərasimində iştirakı zamanı Bakıya təqdim olunub”. 
 
 
Bütün bu mətbuat yazıları şübhəsiz ki, fərqli maraqlara xidmət edir. İstənilən halda Rusiyanın Qarabağ kartından imtina etmək niyyətinin olmadığı çoxlarına məlumdur. Moskva münaqişə faktorundan istifadə edərək bölgədə daha da möhkəmlənmək istəyir. Əks təqdirdə, BMT-nin toplantısı çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da nəzərdə tutulan görüşünün belə baş tutmaması üçün Kreml bu qədər çeşidli planlar qurmazdı. Moskva gah bu, gah da digər dövlətə “stavka” etməklə sadəcə status-kvonu saxlamağa çalışır, eyni zamanda tərəfləri özündən asılı saxlamağa səy göstərir. 

Ermənistana 200 milyonluq kredit vəd edən, qazın qiymətini endirən və bununla da erməni ictimaiyyətinin antirus ovqatını dəyişməyə çalışan Rusiya paralel olaraq bundan narahatlıq keçirən Azərbaycana növbəti silah partiyasını satmağa qərar verib. Düzdür, Rusiyadan silahı pulsuz alan Ermənistan Azərbaycanın böyük pullar hesabına Moskvadan silah almasını da sinirə bilmir. Lakin Moskva bu məsələdə də ikibaşlı qazanc əldə edir. Onun satdığı və pulsuz verdiyi silah-sursat Qarabağ cəbhəsində və ya Azərbaycan-Ermənistan sərhədində istifadə olunur. Yəni hər iki tərəfdə rus silahı işə yarayır ki, Moskva da bu münaqişə ocağından qazanc götürməkdə davam edir. 

Yayılan məlumata görə, Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir. TASS-ın yaydığı xəbərə görə, bu barədə Rusiya Strateji Təhlil və Texnologiyalar Mərkəzi bildirib. “Rosoboroneksport” şirkətinin baş direktorunun müavini İqor Sevastyanov isə Rusiya texnikası və silah-sursatına olan xarici sifariş portfelinin 12 milyard dolları keçdiyini bildirib. Görünən budur ki, Moskva Sərkisyanı çağırıb onu instruktaj edəndən sonra Azərbaycana növbəti silah partiyasını göndərməyə qərar verib. Bütün bu gərgin situasiya ekspertlərin də diqqətindədir. 
 
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Sərkisyanın Putinlə görüşü əsasən hesabat və təlimat xarakterli idi: “Əsas məqsəd də bu gün iqtisadi cəhətdən tənəzzülə uğramış bir ölkədə artan ictimai narazılıqların az da olsa, qarşısını almaq üçün kömək ummaq və bununla ictimai rəyi öz xeyrinə formalaşdırmaq idi. Məlumdur ki, Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyanın inhisarındadır və bu istiqamətdə Sərkisyan enerjidaşıyıcılarının, o cümlədən qazın qiymətinin aşağı salınması məsələsini qaldırdı və bunun da əsas məqsədi öz hakimiyyətini saxlamaq üçün geniş kütləyə bir mesaj verdi. Rusiya da bir tərəfdaş olduğunu göstərdi və qazın qiymətini 189 dollardan 165-ə salmağa razılıq verdi. 
 
 
Eyni zamanda Moskva Ermənistandakı Atom Elektrik Stansiyasının modernləşdirilməsi üçün sərmayə qoymağı planlaşdırır. Bizim üçün önəmli məsələ əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yollarıdır. Təbii ki, Sərkisyan Putinlə bu məsələni müzakirə edib və gözlənildiyi kimi, Rusiya bir daha birmənalı şəkildə Ermənistanla tərəfdaş olduğunu göstərdi. Sərkisyan əvvəlcədən düşünülmüş və bu məqsədlə son zamanlar tez-tez istifadə edilən iri çaplı silahlardan guya Azərbaycan tərəfinin istifadə etdiyini iddia etdi və bunun qarşısının alınması üçün yeni silah əldə etmək arzuları olduğunu bildirdi”. 
 
A.Nağıyev qeyd etdi ki, bunun müqabilində Rusiya Ermənistana 200 milyon dollar həcmində güzəştli kredit ayırdı: “Təbii ki, hazırda Rusiyanın bu krediti belə ödəməyə nə imkanı, nə də marağı yoxdur və onun əvəzində Ermənistana silah veriləcək və ya orada olan bazalarından ötürüləcək. Yəni əsas məqsəd Sərkisyanı iqtidarda saxlamaq və İrəvanı silahlandırmaq idi . Bu isə Dağlıq Qarabağ münaqişəsində status-kvonu bir müddət də uzatmaq deməkdir. Təbii ki, Rusiya bir daha Ermənistanın Avrasiya İttifaqına üzv olduğunu qabardır və KTMT-dəki üzvlüyünün mühümlüyünü ön plana çəkir. Bununla yanaşı, son  görüşün əsas məqsədlərindən biri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsünün qarşısını almaq və Rusiyanın nüfuzunun artırılması üçün təzyiqlər göstərməkdir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, münaqişənin tezliklə həll ediləcəyi bu görüşdən sonra real görünmür. Deməli, problemin həlli öz üzərimizə düşür və bu məqsədlə ordumuzun taktiki təlimləri davam etdirilməli, düşmən güc yolu ilə danışıqlar masasına əyləşdirilməlidir. Çünki istər ATƏT-in, istərsə də digər beynəlxalq qurumların bəyanatlarının öz həllini tapmaması çox məntiqlərdən xəbər verir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da baş verənlərin arasında ciddi əlaqə olduğu qənaətindədir: “Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovu əvvəlcə Bakıya göndərdi, 3-4 gün sonra isə erməni həmkarı Serj Sərkisyanı Moskvaya çağırdı. Kremlin bu kombinasiyaları bölgədə sülhü yaxınlaşdırmır, əksinə, cəbhə bögəsindəki gərginlik artmaqda davam edir. Əvvəlcədən bəlli idi ki, Sərkisyan Putinə şikayət edəcəkdi ki, Azərbaycan atəşkəsi pozur, Dağlıq Qarabağın ətrafına ağır texnika yığır, Türkiyə ilə birgə hərbi təlimlər keçirir və s. Belə də oldu. Ən maraqlısı Putinin ona verəcəyi cavab idi. Hər halda, əminliklə onu deyə bilərəm ki, Putin Sərkisyana ”Dağlıq Qarabağ ətrafındakı torpaqları boşalt, sülhə yaxınlaşaq" deməyib. 

E.Şahinoğlunun fikrincə, köləliyin də qiyməti var: “Lavrov Bakıya gəlir və bizi xəbərdar edir ki, işğalçıya qarşı müharibəyə başlamayın, o biri tərəfdən də baş işğalçını Moskvaya çağırıb deyirlər ki, ”möhkəm ol, arxandayıq, bu da sənə silah üçün pul". Ermənistan prezidenti Moskvaya dilənməyə və yalvarmağa getmişdi. Ermənistan silah yarışında açıq-aşkar Azərbaycana uduzur. Silah almaq üçün pulu yoxdur. Bunun qarşılığında isə Azərbaycan silahlanmaya milyardlarla dollar xərcləyir. Buna görə də iki qarşıduran tərəf arasında güclü disbalans yaranıb. Ermənistan hakimiyyəti bundan çıxış yolları axtarır. Çünki bir tərəf silahlanmada qarşısındakını dəfələrlə üstələyirsə, bu, mümkün müharibənin nəticəsinə də təsir edəcək. Ermənistan özünü Rusiyanın bazaları hesabına qoruyur. Ancaq Azərbaycanla müharibə zamanı həmin hərbi bazalar Ermənistanın işinə yaramaya da bilər". 

 
Ekspert fikrini bununla əsaslandırır ki, Azərbaycan Ermənistana hücum etməyəcək, Dağlıq Qarabağ və ətraf rayonları azad etməyə çalışacaq. Demək, Rusiya hərbi bazalarının Azərbaycanı hədəf almaq üçün hüquqi əsasları yoxdur. Həmin bazalar və rus silahı Ermənistanı qorumalıdır, Dağlıq Qarabağı yox: “Buna baxmayaraq, Ermənistan bir yolla özünə silah tapmalıdır. Həmişəki kimi də Ermənistanı bu durumdan Rusiya xilas edir. Sərkisyanın Putinlə görüşünün əsas nəticəsi odur ki, silah və sursat almaq üçün Rusiya Ermənistana 200 milyon dollar güzəştli kredit verəcək. Əslində bu kreditin adı ”güzəştlidir". Ermənistanın elə bir imkanı və əlavə gəlir mənbəyi yoxdur ki, bu krediti vaxtında qaytarsın. Sərkisyanın Putinlə görüşdən əldə etdiyi ikinci nəticə Rusiyadan aldığı qazın qiymətinin ucuzlaşması oldu. Bu, Ermənistan üçün çox vacibdir. Çünki xalq ayağa qalxıb, enerji və elektrik qiymətlərinin endirilməsini istəyir".
 
E.Şahinoğlu xatırlatdı ki, Rusiya Ukraynaya qazı min kubmetrə görə 268 dollara satdığı halda, Ermənistana 165 dollara satacaq: “Əslində Ermənistan heç bu pulu da vaxtında ödəmək istidarında deyil və bəlkə Rusiya yaranan borca görə İrəvana heç nə demədi. Halbuki Kreml Ukraynanı qaz borcuna görə sıxışdırır, beynəlxalq məhkəmələrlə hədələyir. Rusiyanın Ermənistana silah almaq üçün güzəştli kredit verməsi, ucuz qaz satması Kremlin Azərbaycana xoş olmayan mesajıdır. Rusiya hakimiyyəti vəd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək əvəzinə işğalçını işğalı davam etdirməyə həvəsləndirir. Ancaq o da məlumdur ki, Rusiyanın Ermənistana etdikləri əvəzsiz deyil. Bunun qarşılığında Ermənistan Rusiyanın bütün geosiyasi tapşırıqlarını vaxtı-vaxtında yerinə yetirməlidir. İrəvan Moskvanın bir sözünü iki edə bilməz. Məsələn, əgər sabah Putin Sərkisyandan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağı tapşırsa, Ermənistan prezidenti buna müqavimət göstərə bilməyəcək. Əks halda, həm hakimiyyətini itirər, həm də ölkəsini sosial uçuruma yuvarlandırar”. 
 
Xatırladaq ki, Sərkisyan Putinlə görüşdə Azərbaycandan şikayət edib, atəşkəsin pozulmasına görə bizi ittiham edib, hətta bu məsələni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaxınlarda Tacikistan paytaxtı Düşənbədə keçiriləcək zirvə toplantısında müzakirəyə çıxaracağını deyib. E.Şahinoğlu hesab edir ki, bu, sadəcə, tamaşadır: “Çünki Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatında Rusiyadan başqa heç bir dövlət Ermənistanı Azərbaycan torpaqlarının işğalına həvəsləndirmir, əksinə, Belarus və Qazaxıstan prezidentləri Azərbaycanın mövqeyinin haqlı olduğuna işarə edirlər. Sadəcə, Ermənistan məsələni bu təşkilatda qaldırmaqla atəşkəsin pozulmasını bir daha Azərbaycanın üzərinə yükləmək istəyir. Müharibə başlasa Rusiyadan başqa KTMT-nin heç bir dövləti Ermənistana arxa durmayacaq. Sərkisyanın Putinlə görüşündə bir detal da diqqəti cəlb etdi. Sərkisyan rusiyalı əsgər Permyakovu Ermənistan məhkəməsinə təhvil verdiyinə görə ona minnətdarlığını bildirdi. Başqa nə olmalı idi ki? Permyakov iki azyaşlı uşaq da daxil olmaqla, Ermənistanın 5 mülkü vətəndaşını vəhşicəsinə qətlə yetirmişdi. Permyakov Ermənistanda mühakimə olunmasaydı, bu ölkədə aləm bir-birinə dəyəcəkdi. Yəqin Sərkisyan Putinə dolayısı ilə ona görə minnətdardır ki, onu xaosdan xilas edib”.
Cia.az