Bir anlığa təsəvvür edək ki, Rusiyada yeni düşüncə tərzi hakim kəsilib. Bu zaman nələr baş verər? Başqa sözlə, Rusiya yeni konsepsiya ilə yaşasa nə qazanar?
Öncə yeni konsepsiyanın mahiyyəti barədə.
Tarix bizə deyir ki, imperiyalar dağılanda hakim etnoslar ciddi problemlərlə üzləşir və tədricən imperiyanın nüvəsinə tərəf sıxlaşmalı olur. Uzağa getmədən Osmanlının çökdüyü dönəmlərə və türklərin dünyanın hər yerindən Anadoluya axışmalarına nəzər salsaq kifayət edər. Sovetlər Birliyi dağılandan sonra ruslar imperiya dönəmlərindəsəpələndikləri ərazilərdə qaldılar. Bu durum Kremlin “yaxın xaric” konsepsiyasının ortaya çıxmasını stimullaşdırdı. Mövcud konsepsiyanın hədəflərindən biri Rusiya Federasiyasından qıraqda qalan rusların himayəsi istiqamətində düşüncələri rəsmiləşdirmək idi. Rusiya məhz bu amildən istifadə edərək “yaxın xaric”i təsir dairəsində saxlamağa çalışır, bu istiqamətdə həvəsi və istəyi get-gedə artır.
Lakin fərqli konsepsiya da var və onun məntiqi deyir ki, bu siyasət kökündən yanlışdır. Rusiya hazırda kənarda qalan rusları ölkəyə cəlb etmək haqqında düşünməlidir. Çünki bu ölkə əhalisi ilə ərazisi bir-birinə tərs mütənasib ölkələrdəndir (qonşu Çində isə məsələ tərsinədir-ərazi az, əhali çox). Cəmi 150 milyon əhalisi olan Rusiyaya bu gün heç olmasa 2 milyard əhali lazımdır ki, normal inkişaf edə bilsin. Texnika, texnologiya nə qədər inkişaf etsə də insan amili hər zaman aparıcı amil olaraq qalır. Qazaxıstan ağıllı tərpəndi və bu konsepsiyanı həyata keçirməyə başladı. Çünki dünyanın ən böyük ərazisinə malik dövlətlərdəndir və Rusiya kimi əhali ilə ərazi biri-birinə tərs mütənasibdir. Ona görə də rəsmi Astana kənarda yaşayan 5 milyon qazaxın ölkəyə qayıtması istiqamətində iş apardı və buna əsasən nail oldu. Almaniya da birləşəndən sonra Rusiya, Ukrayna, Qazaxıstandan və b. ölkələrdən almanların Almaniyaya qayıtması istiqamətində iş apardı, proses indi də gedir. Amma Rusiya imperiya təfəkküründən imtina edə, baxış bucağını dəyişə bilmir. Şübhə yoxdur ki, Kreml bu konsepsiyanı işə salsa yaxın xaricdən milyonlarla rus məmnuniyyətlə Rusiyaya gələcək və insan resursları ilə bağlı problemlərin bir qismi öz həllini tapacaq. Ən əsası Rusiyanın öz qonşuları ilə münasibətləri sahmana düşəcək. Gün kimi aydındır ki, ekstensiv böyümə üçün Rusiyanın milli enerjisi və potensialı qətiyyən yetərli deyil. Belə olan təqdirdə silah və silahlanma gücünə üfüqi güclənmə nəyə və kimə lazımdır. Bu konsepsiya yenə də silahlanma və bu sahədə daim modernizasiya, qərblə yarış, son nəticədə isə kasıb rus əhalisinin kasıb olaraq qalması deməkdir.
Rusiyanın qapılarını ruslara açmaq və ölkəni onlar üçün cəlbedici etmək lazımdır. Başqalarının torpaqlarında möhkəmlənmək haqqında deyil, özünə aid boş qalmış torpaqlarda məskunlaşmaq haqqında düşünməyin vaxtıdır. Bu zaman qonşular da rahatlıq tapacaq, ruslar da rahatlanacaq, hüzur içərisində yaşamağa başlayacaq və fərqli düşünən siyasi liderlər axtarmağa meyllənəcəklər.
