|
Türkiyəyə qarşı savaşan PKK-nı kimlər yaradıb...
PKK terror təşkilatı hazırda Türkiyədə ordu və polisə qarşı hər gün hücumlar təşkil edir. Terror təşkilatının yenidən fəallaşması və faktiki olaraq Türkiyə dövlətinə qarşı müharibəyə başlaması kürd problemi və PKK-nın özünə diqqəti artırıb. 
Qeyd edək ki, PKK son 100 ildə Yaxın Şərqdə bir-birini əvəzləyən kürd təşkilatlarının sırasında nisbətən yenisi hesab olunur. PKK solçu təşkilatdır, bu təşkilatın adı Kürdüstan Fəhlə Partiyası (kürdcəsi Partiya Karkeren Kurdistane) kimi qeyd olunur. Orta Şərqin 4 ölkəsinə - Türkiyə, İran, İraq və Suriyaya yayılmış kürdlərin müstəqil dövlətinin yaradılması şüarları ilə ortaya çıxan növbəti qruplaşmalardan fərqli olaraq PKK çox tezliklə əsas metod kimi silahlı terrora baş vurdu. 
 
1974-cü ildə Abdullah Öcalan tərəfindən qurulan PKK marksist-leninçi ideyalara əsaslanır. Təşkilatın elan etdiyi hədəfi Türkiyənin cənub-şərqi, İraqın şimalı, Suriyanın şimal-şərqi və İranın şimal-qərbində kürdlərin yaşadığı (bəzi bölgələrdə isə sadəcə ərazi olaraq iddia edərək - K.R.) ərazilərdə dövlət qurmaqdır. Ancaq bu hədəfi elan edən PKK mübarizə metodu olaraq terroru, dinc vətəndaşları, o cümlədən əsasən də Türkiyədə dövlət məmurları, polis, ordu nümayəndələri, eləcə də yerlərdə kənd qoruqçuları, hökumətlə əməkdaşlıq edən kürdlərə qarşı terror hücumlarını seçdi. PKK müəyyən müddətdə KADEK (türkcə Kürdüstan Azadlıq və Demokratiya Konqresi) və Konqra-Gel (Xalq Konqresi) adlarından istifadə edib. 
 
Təşkilatın ilk adı isə Ankara Demokratik Ali Təhsil Dərnəyi olub. 1978-ci ilin noyabrında Diyarbəkr Licə rayonunda keçirilən birinci konqresdə qruplaşma adını Kürdüstan Fəhlə Partiyası olaraq dəyişir və fəaliyyət sahəsinin genişləndiyini elan edir. Həmin vaxt PKK-nın rəhbəri Abdulla Öcalan, Cəmil Bayık isə onun müavini təyin olunub. İlk PKK heyəti isə 16 nəfərdən ibarət olub. 
 
1980-ci illərin əvvəllərində Türkiyədə baş verən daxili münaqişələrə qatılıb, şəhərlərdə baş verən toqquşmalarda iştirak edib. Ancaq hərbi çevrilişdən az əvvəl Öcalan ölkəni tərk edib. Digər PKK-çılar isə hərbi çevriliş zamanı yaxalanaraq həbsə atılıb. Türkiyədən qaçan Öcalan bir müddət Livanda, ardınca isə Suriyaya köçərək orda yenidən təşkilatlanmağa başlayıb. 
1984-cü ildə PKK yenidən Türkiyədə terror aksiyalarına başlayıb. Həmin il avqustun 15-də PKK-çılar Türkiyənin Eruh və Şəmdinli rayonlarında ilk silahlı terror hücumlarını həyata keçiriblər. 1986-cı il oktyabrın 25-də Livanda keçirilən 3-cü qurultayında PKK “Kürdüstan Xalq Ordusu” yaratdığını elan edir. 
 
Bundan sonra PKK-nın silahlı terror hücumlarının sayı və miqyası artır. 1993-cü ildə Bingöl-Elazığ yolunu kəsən PKK-çılar 33 silahsız hərbçini öldürür. 1990-cı illərin ortaları və sonları Türkiyədə PKK terroru ilə ağır mübarizə dönəmi hesab olunur. Türkiyə ordusu və təhlükəsizlik qüvvələri terror təşkilatına ağır zərbələr vurub. Ancaq eyni zamanda PKK-ya qarşı mübarizədə yaranmış silahlı qrupların apardığı gizli mübarizə terrorla mübarizəyə böyük miqdarda vəsaitin xərclənməsinə səbəb olub. 1996-cı ildə ilk dəfə PKK Türkiyə ərazisində canlı bombalardan istifadə edir. Kamikadze-terrorçular özlərini əhalinin gur yerində partlatmaqla əsgər və zabitlərin ölümünə səbəb olub.
 
 
1990-cı illərin sonlarında Türkiyə hökumət qüvvələri PKK-nın ləğv edilməsi üçün qruplaşmaya qarşı geniş miqyaslı kəşfiyyat və ordu müharibəsi başladıb. Xüsusi hazırlanmış hökumət qüvvələri PKK liderlərini ələ keçirib. 1998-ci il aprelin 13-də PKK-nın bir zamanlar ikinci adamı olmuş Şemdin Sakık və qardaşı Arif Şimali İraqda ələ keçirilərək Türkiyəyə gətirilir. 

 
Uzun illər Suriyaya sığınmış Öcalan sonradan münasibətlərin pisləşməsi və Türkiyənin təzyiqi ilə Hafiz Əsədin dəstəyi kəsməsindən sonra ölkəni tərk edir. 1999-cu il fevralın 2-də Abdulla Öcalan Cənubi Kipr vətəndaşı pasportu daşıyaraq Lazarus Mavros adı altında Keniyada Yunanıstan səfirliyinə yerləşir. Türkiyə ordusu xüsusi təyinatlıları və kəşfiyyatın həyata keçirdiyi əməliyyatla Öcalan Keniyada ələ keçirilərək Türkiyəyə gətirilir.
 
 
Türkiyədə İmralı adasında keçirilən məhkəmə prosesində 1999-cu il iyunun 29-da məhkəmə heyəti Öcalan barədə edam hökmü verdi. Bu cəza Ankara 2 saylı Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən təsdiqlənsə də, icra olunmadı. Hesab olunur ki, beynəlxalq təşkilatlar və Qərb dövlətləri Türkiyə hökumətini edamdan çəkindirib. Ancaq eyni zamanda hökumətin Öcalanı əlində kart olaraq diri saxlamaq istədiyi üçün edam hökmünün icra olunmadığı ehtimal olunur. 
 
PKK 2002-ci ildə formal olaraq özünü buraxdığını və Kürdüstan Demokratik və Azadlıq Konqresini qurduğunu elan etsə də, qruplaşma PKK olaraq tanınır. 
 
Qeyd edək ki, bir sıra tədqiqatçılara görə, PKK-nın yaranması “soyuq müharibə” dönəmində SSRİ-ABŞ qarşıdurmasından qaynaqlanır. Daha dəqiqi NATO-nun cənub gücü olan Türkiyədə kürdlərin solçu terror təşkilatının yaranması SSRİ-nin planı idi. Bu mənada PKK liderlərinin SSRİ və KQB ilə əlaqələrinə dair çoxlu sayda iddialar ortadadır. Öcalanın Türkiyədə ki çevrilişdən az əvvəl ölkədən çıxarılması və Livana, daha sonra SSRİ-nin Yaxın Şərqdəki əsas müttəfiqi olan Suriyaya yerləşməsi bu ehtimalı böyük ölçüdə doğrulayır. PKK-nın zəifləməsi, daha sonra liderinin ələ keçməsi məhz SSRİ-nin ləğvi, Rusiyanın isə başının daxili müharibələrə qarışdığı dönəmə təsadüf edir. 

Ancaq PKK-nın yalnız Rusiya deyil, eyni zamanda müəyyən dövrdə ABŞ, eləcə də Almaniya, Fransa və o cümlədən İsraillə bağlarının olması ilə bağlı faktlar var. Bu ölkələrin PKK daxilindəki təsir qruplarının olduğu, belə demək olarsa, öz maraqları üçün bu təşkilatdan faydalanmağa çalışıblar. Bu mənada hazırda PKK-nın simpatizanları və önəmli kadrları məhz Avropa ölkələrində yaşayır. Bundan başqa, terror qruplaşmasının əsas bazası İraqın şimalında Qəndil dağlarında yerləşir. Ancaq eyni zamanda Suriyada PKK-nın tərəfdarları, eləcə də eyni ideologiyanı paylaşan PYD təşkilatı var. İranda isə PEJAK adlı terror təşkilatı PKK ilə yaxın kürd terror təşkilatı hesab olunur. Hazırda yeganə tanınan kürd muxtariyyəti olan Şimali İraq administrasiyası isə daha çox qərbyönlü bir quruluş olaraq PKK ilə isti münasibətlərə malik deyil. Əksinə, muxtariyyətin rəhbəri Məsud Bərzani Türkiyə ilə qonşuluq münasibətlərinin qurulmasında maraqlıdır. Bu isə zaman-zaman Bərzani ilə PKK liderləri arasında gərginliyə səbəb olur. 
 

2013-cü il martın 20-də Novruz bayramında Öcalanın çağırışı ilə PKK atəşkəs elan etsə də, bu il iyulun sonlarında yenidən PKK Türkiyədə yeni terror ocaqları alovlandırıb. Qanlı hörgütün yenidən ayaqlanmasının konkret səbəbləri, məqsədləri bilinməsə də, əsas ehtimal kimi Türkiyənin Yaxın Şərq siyasətinə görə Qərb tərəfindən cəzalandırılması, həmçinin siyasi qruplar arasında mübarizənin təzahürü kimi yozumlar var. 
Cia.az