|
Azərbaycan kürdlərinin lideri PKK əvəzinə Ərdoğanı suçladı
Türkiyə son günlərdə yaşadığı faciələrdən sarsıldı. Bir-birinin ardınca gələn şəhid xəbərləri qardaş ölkəni matəmə qərq etdi. PKK terrorçularının isə təxribatları səngimək bilmir. Qardaş ölkədə baş verənlər Azərbaycanda da narahatlıqla izlənir. Bəs ölkəmizdəki kürd kəsim kimin yanındadır - Türkiyənin, yoxsa PKK-nın?
 
Azərbaycan Kürdləri İctimai Birliyinin sədri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanov baş verənlərin qardaş qırğını olduğu düşüncəsindədir. O hesab edir ki, qardaş qırğını qısa müddətdə dayandırılmalıdır: “Faciə ilə bağlı Ərdoğan deyir ki, 400 deputat olsaydı, bu hadisələr baş verməzdi. Sizin qəzetiniz vasitəsilə MHP, CHP, HDP-yə səslənirəm: hərəniz 40-50 deputat verin, qoyun AKP-nin 400 deputatı düzəlsin, bu vətəndaş müharibəsi dayandırılsın. Qardaş qırğınına son qoyulmalıdır”.
 
T.Süleymanov jurnalistlərlə birlikdə Türkiyəyə səfər planlaşdırdığını söylədi: “Baş verənlərlə bağlı xüsusi planım var. Sizin mətbuat da daxil olmaqla, 5-6 jurnalistlə birlikdə qardaş Türkiyəyə getmək niyyətindəyəm. Hadisələrin qaynar nöqtələrində olmalıyıq. Mediamız xalqı, hökuməti danışdırsın. Görək, bu hadisələrin axırı necə olacaq. Əgər maddi imkan əldə etsəm, planımı gerçəkləşdirəcəm. Çalışacağam ki, qorxmayan jurnalistlər olsun. Biz də qardaş ölkə olaraq dəstəyimizi, mövqeyimizi bildirməliyik. İmkan edə bilməsəm, imkanı çatan jurnalistlərə müraciət edəcəyəm. Qırğınların qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.
 
Azərbaycan kürdlərinin lideri proseslərdə prezident Ərdoğanı qınadı: “2002-ci ildən atəşkəs elan olundu. Ərdoğan da Türkiyədə yaşayan bütün xalqlara söz verdi ki, onların haqları tanınacaq. Bundan sonrakı illərdə o, baş nazir, prezident seçildi. Lakin son seçkidə təkbaşına hökumət formalaşdıra bilməyəcəyini, bir sıra nazirliklərin əlindən çıxacağını görən Ərdoğan birdən-birə terror məsələsini gündəmə gətirdi. Camaatı qırmaq olmaz. Niyə Ərdoğanın, Davudoğlunun övladları kreslo davası gedən bu müharibədə ölmür? Niyə kasıbın övladı ölməlidir? Bir çox dövlət adamları Ərdoğana qarşı çıxaraq, savaşın dayandırılmasını tələb etdilər. Bu gün Yaxın Şərq, İraq, Suriya, Liviyada baş verənləri Ərdoğan görmür? Xristian dövlətləri türk dünyasına qarşı birləşiblər. Avropa dövlətləri, ABŞ heç vaxt razı olmaz ki, Avropanın astanasında Türkiyə kimi güclü dövlət olsun. Onlar çalışırlar ki, bu qardaş xalqlar arasında daim müharibə olsun. Əgər Türkiyədə federativ quruluş yaradılarsa, nəyi pis olar? Rusiya, Almaniya və digər güclü dövlətlərdə bu quruluşdur. Ərdoğan bu xalqların demokratik haqlarını tanısaydı, istəsəydilər belə, bugünkü vəziyyəti yarada bilməzdilər. Necə olur ki, lazım olanda Abdulla Öcalanın adı ilə PKK-ya əmrlər verilir. Halbuki bu şəxs 16 ildir həbsdədir”.

Müsahibimiz yenə çağırış elədi: “Barmaqlar tətikdən çəkilməlidir. Hələ də gec deyil. Nə qədər şəhid verilib, yaralı, itkin düşənlər var. Görün bunların içərisində bir məmur, nazir övladı varmı? Nə  vaxta qədər kasıb övladları öləcək? Bu, terror savaşı deyil, qardaş savaşıdır. Türkün də, kürdün də analarının övlad yanğısı eynidir. Lənət olsun bu müharibəyə. Hər şeyi bir kənara qoyub bir insan kimi bildirirəm ki, barmaqlar tətikdən çəkilsin. Danışıq masası üzərində bu problemləri həll etmək lazımdır. Bunun türkü, kürdü, çərkəzi və digərləri yazıqdır. Yeri gələndə onlardan çox acı yaşayıram. Bu xalqdan bunlar nə istəyirlər?”

Göründüyü kimi, Tahir Süleymanov PKK-nın xain hücumlarını terror kimi qiymətləndirmir.  

Cia.az