Yeni Azərbaycan Partiyasının 1 noyabr parlament seçkilərində hansı namizədlərlə iştirak edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Hakim partiya öz namizədlərini açıqlamadıqca, seçkilərlə bağlı canlanma da müşahidə olunmur, ictimai fəallar, siyasi partiyalar və müstəqil şəxslər YAP-ın son qərarını gözləyir. Cəmiyyətdəki durğunluğun aradan qaldırılmasında açar rolunu oynaya biləcək siyahının isə artıq yekun variantının prezident yanında müzakirə olunduğu və son qərarın verildiyi barədə xəbər almışıq.
Musavat.com-un əldə etdiyi məlumata görə, sentyabrın 10-da hakim partiya deputatlığa namizədlərinin siyahısını elan edəcək. Siyahıdan çox məhdud çevrənin məlumatlı olduğu bəlli olsa da, bəzi konturlardan görünür ki, YAP budəfəki seçkiyə daha yeni heyətlə qatılacaq. Elə köhnə YAP-çıların etirazlarının mənbəyi də siyahıdakı köklü dəyişikliklərdir. 125 dairədən elan olunan namizədlər sırasında hakimiyyətin vazkeçilməz fiqurları kifayət qədərdir. Lakin hakim partiyanın bəzi ziyalılara və partiya təmsilçilərinə güzəşt etməsi də tam gözləniləndir.
Xatırladaq ki, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov imzaların təqdim olunması prosedurunun 12 sentyabrda başlanacağını demişdi. Eyni zamanda bildirmişdi ki, YAP-çı namizədlərə imza toplamaq üçün 1 gün kifayətdir, ona görə də tələsmirlər. S.Novruzov digər açıqlamasında isə “sentyabrın 10-da siyahıdan məlumatınız olacaq” demişdi. Artıq vaxt yetişib və cəmiyyəti bundan artıq intizarda saxlamağın yeri yoxdur.
YAP-ın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı musavat.com-a deyib ki, partiya seçki hazırlığını hələ ötən ildən başlayıb və hazırda davam etdirir: “Demək olar ki, bütün komanda hazırdır. Artıq bizdə illərin təcrübəsi var. İmza vərəqələri toplayacaq şəxslər, müşahidəçilərimiz dəfələrlə treninqlər keçiblər. Ancaq namizədlər dairələrə müraciət etsələr də, onların imzaları toplayıb imza vərəqələrini təhvil verməsi məsələsi 12-sindən tez mümkün olmayacaq. Ona görə də YAP-ın öz siyahısını tələsik elan etməsinə ehtiyac yoxdur. Hələ vaxta var. Yəqin yaxın vaxtlarda bu barədə qərar veriləcək. Mən dəqiq deyə bilmərəm. Bununla bağlı qərarı partiyanın ali orqanı verir. Partiyamızın sədri, sədr müavinləri və İdarə Heyəti var. Bu gün hələ ayın 9-udur. 12 sentyabra zaman var. Ondan sonrakı müddətdə də namizədlərin irəli sürülməsi mümkündür. Ona görə də YAP tələsmir, özünün hazırlıqlarını davam etdirir. Siyahının açıqlanmasından da vacib işlər var. Yekunda siyahı da açıqlanacaq. Başa düşürük, çoxları siyahını səbirsizliklə gözləyir, amma inşallah, açıqlanacaq, bir az da səbirli olsunlar”.
Modern.az isə xəbər verib ki, hakim partiyanın seçki siyahısını açıqlamağı gecikdirməsinin səbəblərindən biri idarəetmədə rəhbər olan şəxslərin, o cümlədən rektorların deputat olmaları ilə bağlıdır. YAP-dan sayta daxil olan məlumata görə, qarşıdakı seçkilərdə dövlət ali təhsil müəssisələrinin rektorları ilə bağlı konkret qərar verilib. Hazırda dövlət universitetlərinin rektorlarından kiminsə adı YAP-ın seçki siyahısında olacaqsa, həmin şəxs rektorluqdan gedəcək. Və əksinə, adı YAP-ın seçkı siyahısında olmayan rektor öz vəzifəsində qalacaq.
Qeyd edək ki, IV çağırış Milli Məclisdə təmsil olunan 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var: Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev.
Eyni zamanda ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edən və hazırda deputat olan vəzifəli şəxslər də iki yoldan birini seçməli olacaqlar: ya deputat mandatı daşıyacaqlar, ya da vəzifədə çalışacaqlar. YAP-dan modern.az-a daxil olan məlumata görə, yalnız Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev öz vəzifəsini saxlamaqla yanaşı, həm də deputat kimi fəaliyyətini davam etdirəcək. Məlumata görə, Dillər Universitetinin rektoru Səməd Seyidov və Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı rektor postundan gedəcəklər. Onların deputat mandatı uğrunda mübarizə aparacaqları bildirilir.
Cia.az
