Sentyabrın 9-da Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirildi. Tədbirdə sənətkarın ailəsi, yaxın dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, müxtəlif KİV nümayəndələri iştirak ediblər.
Mərhum sənətkarın oğlu Rəvan Habiloğlu atasının ölümü ilə bağlı “Yeni Müsavat”ın əməkdaşına öz kədərini bölüşüb: “Habil Əliyev öz yaşıdları arasında son mənzilə yola salınan son korifey sənətçidir. Onun ölümü Azərbaycan mədəniyyəti, xalqı üçün böyük itkidir... Allahdan bir arzum var, gənc nəsil Habil Əliyevi yaxşı tanıya, yaxşı yaddaşlarında saxlaya bilsinlər. Çünki Habil Əliyev fenomeni təkcə musiqiçi deyil, həm də gözəl yumorları, deyimləri olan gözəl şəxsiyyətdir. Allah qəni-qəni rəhmət eləsin...”
Xalq artisti, muğam ustası Əlibaba Məmmədov da mərhum sənətkarın Azərbaycan mədəniyyəti üçün gördüyü dəyərli işlər barəsində “Yeni Müsavat”a danışıb: “Habil Əliyev çox istəyirdi ki, kaman sənəti daha da inkişaf etsin. Nəhayət ki, onun sayəsində və onun istedadı ilə kamançada böyük inkişaf getdi. Azərbaycan xalqı nə qədər yaşayacaqsa Habil də yaşayacaq. Allah rəhmət eləsin”.
Xalq artisti, muğam ustası Arif Babayev isə bu sözləri deyib:
“O, böyük sənətkar kimi həmişə qəlblərdə yaşayacaq, xalq həmişə onu sevəcək. Hər adama belə şərəfli ölüm qismət deyil. Allah rəhmət eləsin”.
Xalq artisti Gülyaz Məmmədova mərhum sənətkarla bağlı xatirələrini bölüşüb: “Bu gün hər kəs Habil müəllim üçün kədərlənir. Lakin kədərlə yanaşı, onun yumorlu deyimləri yada düşəndə insan gülümsəməyə bilmir...Habil müəllimə ”kamanın atası" deyərdilər. Yadımdadı, gözəl sənətkar Ədalət Vəzirov dünyasını dəyişəndə Habil Əliyev böyük kədərlə “kamanımız ağlar qaldı” demişdi. Yəni özündən kiçik olan həmkarlarına belə dəyər verməyi bacarırdı. Gözəl sənətkar olmaqla yanaşı, həm də çox gözəl yol yoldaşı idi. Həmişə deyib-gülən, şən, insana öz dəyərli məsləhətlərini verən şəxsiyyət idi... Çox heyif, xalqımız böyük sənətkarını itirdi. Özü aramızdan getdi, ancaq kamanının səsi bizə əmanət qaldı. Allah rəhmət eləsin".
Xalq artisti Zöhrə Abdullayeva da mərhum sənətkarın ölümünün Azərbaycan xalqı üçün böyük itki olduğunu deyib:
“Habil müəllim dahi sənətkar, böyük insan, mədəni şəxsiyyət idi. Onun kamanının səsi heç bir kamanda yoxdur. Kamanı özünəməxsus necə kökləyirdisə, alətdən təkrarolunmaz ifalar səslənirdi... Habil müəllim çox hazırcavab, şən idi. Eyni zamanda gözəl də ailə başçısı, yol yoldaşı idi. Yadımdadır, 90-cı illərdə məni özü ilə Almaniyaya qastrol səfərinə aparmışdı... Millətimizin başı sağ olsun”.
Xalq artisti, gülüş ustası İlham Namiq Kamal: “Habil müəllim bir əsrə qədər yaşadı. Lakin yaşayıb-yaratmaq üçün istedadlı, görkəmli şəxsiyyətlər üçün bir əsr, iki əsr yetmir. Habil müəllim bir kamançası ilə Azərbaycanı dünyada tanıtdı, tərənnüm etdi. Buna görə də Azərbaycan xalqı bu böyük sənətkarı dünən də, bu gün də alqışlayıb, bundan sonra da alqışlayacaq. Qəbri nurla dolsun...”
Xalq artisti Aybəniz Haşımova isə göz yaşları içində “Allah rəhmət eləsin, başqa heç nə deyə bilmirəm, mənim üçün çox çətindir”, - deyib.
Mərasimi giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açıb. Nazir Habil Əliyevin özünəməxsus ifaları ilə Azərbaycan musiqisində yeni səhifə açdığını deyib: “Habil müəllim öz ifaları ilə Azərbaycan musiqisini zənginləşdirib. O, öz peşəsinə fədakarcasına bağlı olan böyük sənətkar idi. Dahi sənətkar Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində təbliğ edib. Ölkə başçısı Habil Əliyevin vida mərasiminin ən yüksək səviyyədə keçirilməsi üçün xüsusi tapşırıq verib. Habil Əliyevin xatirəsi onu tanıyanların, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin”.
Bəstəkar Firəngiz Əlizadə Habil Əliyevin Azərbaycan ifaçılıq sənətinə gətirdiyi yeniliklərdən danışıb, onu böyük sənətkar kimi dəyərləndirib.
Mərasimdə xalq artistləri Siyavuş Kərimi, Canəli Əkbərov, Arif Babayev və başqaları da Habil Əliyev haqqında xatirələrini danışıb, onun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini qeyd ediblər.
Ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.
Daha sonra mərasim iştirakçıları xalq artisti, kaman ustası Habil Əliyevlə son mənzilə yola salmaq üçün vidalaşıb, ruhuna fatihə oxuyub, dualar səsləndiriblər.
Qeyd edək ki, mərhum sənətkar I Fəxri Xiyabanda dəfn olunub.
Xatırladaq ki, xalq artisti Habil Əliyev sentyabrın 8-də, axşam saatlarında dünyasını dəyişib. Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xalq artistinin səhhəti bir qədər yaxşılaşdıqdan sonra müayinəsini evdə davam etdirilib. Buna baxmayaraq kaman ustası bir neçə gün əvvəl yenidən komaya düşüb.
Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. 1952-ci ildə Bakıya gəlib, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.
H. Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib. Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Kaman ustası 1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. Bundan başqa, dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.
Cia.az
