Qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı siyasi qurumlar arasında ikitirəlik yaranıb. Müxalifət partiyalarının əksəriyyəti seçkilərdə iştirakla bağlı qərar versələr də, boykot taktikasını seçənlər də var. Milli Şura və AXCP, eləcə də bəzi müstəqil şəxslər bu qəbildəndir. Seçkilərdən imtina edən qurumlar hesab edirlər ki, builki seçki prosesində iştirak etmək xalqa xəyanətdir. Xüsusilə belə fikirlər sosial şəbəkələrdə cəbhəçilər tərəfindən daha çox səsləndirilir.

Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun sosial şəbəkələrdə paylaşdığı bir status deyilənlərə əyani sübutdur: “Seçki”yə getdiyinə görə heç kimi qınamaq olmaz. Hərə özünə cavabdehdir və o dünyada hərə öz əməlinə görə cavab verəcəkdir. Bəlkə elə “seçki”yə getməyənləri o dünyada cəhənnəmdə yandıracaqlar ki, niyə dövlətimizə xəyanət etmişik. Nə bilmək olar! Dövlətimizə, millətimizə xeyirli olması arzusu ilə hamınıza uğur diləyirəm, gedənlərə də, getməyənlərə də... Mən bu “seçki”də iştirak etməyəcəyəm, nə namizəd kimi, nə də seçici kimi".
Seçkilərdə iştirak qərarı verən siyasi qurumların məsələyə münasibətlərini öyrəndik.

Müsavat başqanının müavini Elman Fəttah bu cür yanaşmaların qeyri-ciddi olduğunu söylədi: “Hər kəsin seçdiyi mübarizə yolu var. Müsavat Partiyası bilir ki, bu ölkədə siyasi mübarizə aparmaq üçün ibtidai şərtlər mövcud deyil. Amma biz mübarizədən imtina etmirik. Seçki dövründə digər zamanlardan fərqli olaraq, əlverişli şərait yaranır. Mübarizənin ardıcıllığı baxımından seçkilərdə iştirak önəmlidir. Özümüzü cəmiyyətə göstərməliyik ki, biz varıq, mübarizəmiz davam edir. Seçkilərdən imtina mübarizədən imtinadır. Müxalifət üçün bu prosesdə iştirak etmək fədakarlıqdır. Kimlər ki, seçkilərdə iştirak etməyi xəyanət kimi qəbul edirlər, onlar müxalifətdaxili birliyin əleyhinə olan, hakimiyyətin maraqlarına xidmət edən şəxslərdir. Belələrini ciddi siyasətçi kimi qəbul etmirəm”.

Ümid Partiyasının sədri İqbal Ağazadə səslənən fikirlərə sərt reaksiya verib: “Qurban Məmmədov adlı bir siyasətçi tanımıram. O, olsa-olsa seçdiyi sahəyə uyğun vəkil ola bilər. Qurban Məmmədov mövqeyimə qiymət verəcək durumda deyil. Hərəkətimizlə o dünyada cavab verəcəyik kimi fikirlər nə deməkdir? Məsuliyyətsiz mövqe ifadə edir. Bunu məntiqdən uzaq bir addım kimi qəbul edirəm. Kim o fikirdədirsə, həkimə müraciət etsin. Psixi problemləri var”.

“Azadlıq 2015" seçki blokuna daxil olan partiyalardan KXCP sədri Mirmahmud Mirəlioğlunun cavabı qısa oldu: ”Müstəqilliyimizin bərpa olunmasında iştirak etmiş şəxslərik. Bu gün seçkilərdə iştirak edib-etməmələrindən asılı olmayaraq, hər kəs fərqində olmalıdır ki, bir-birilərinə qarşı hörmət və ehtiramlarını saxlamalıdırlar. Əsas fikirlərə gəlincə, deyə bilərəm ki, nəyin xəyanət olduğunu müəlliflərdən soruşsanız daha yaxşı olar. Bəzi məsələlər var ki, demək ayıb olur. Amma bəzi insanlar üçün bunun fərqi yoxdur. İstədiklərini deyə bilirlər".

ADP sədri Sərdar Cəlaloğlu bu cür fikirlərin AXCP üzvləri tərəfindən daha çox tirajlandığını qeyd etdi:“Vətəndaşların seçkilərdə iştirakları qanunla müəyyən edilir. Bunu xəyanət adlandırırıqsa, hüquqa ziddir. Çox absurd fikirlərdir. AXCP-nin bir ”təcrübəsi" var. Bütün müxalifət düşərgəsi seçkilərdə iştirak etməyəndə, Əli Kərimlinin dəstəsi iştirak edir. Çünki əlverişli şəraitin yetişdiyini görüb, hakimiyyətlə danışıqlara gedir və mandat yeri alır. Müxalifət seçkilərə gedəndə isə Əli Kərimlinin dəstəsi boykot qərarı verir. Çünki bazarlığı əldən çıxır. Əgər bu gün Azərbaycan müxalifəti seçkiləri boykot etsəydi, Əli Kərimli tək seçkiyə gedəcəkdi. Onun bazarı bağlandığına görə seçkilərdə iştirak edənlər xəyanətkar olurlar. Elə bir fikir yaradılıb ki, Əli Kərimlidən başqa hamı xəyanətkardır. Belədirsə, uzun illər əməkdaşlıq etdiyi partiyalar bu gün seçkilərə gedirlər. Həmin qurumlar xəyanətkar olurlarsa, bu qurumlarla vaxtı ilə əməkdaşlıq edən şəxs kim olur? Demək, ilk öncə özü xəyanətkardır. Milli maraqlarımıza birbaşa xəyanət edən şəxsən Əli Kərimlinin özüdür. Onu siyasi liderlər qədər yaxşı tanıyan yoxdur. Sadəcə, müxalifətdaxili mübarizənin kəskinləşməməsi üçün susuruq. Buna görə də Əli Kərimli öz xislətinə uyğun olaraq, bütün müxalifətə qarşı mübarizə aparır. Bilir ki, milli birlik naminə qarşı tərəf susacaq".
Cia.az
