|
Hakimiyyət böyük əfvə hazırlaşır

Siyasi motivlərə görə həbsdə olan məhbusların əfv ediləcəyi barədə redaksiyamıza məlumat daxil olub. Bildirilir ki, qarşıdan gələn Qurban bayramında hakimiyyət geniş əfv sərəncamı ilə bir çox məhbusu azadlığa qovuşduracaq. 


İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı Qurban bayramında əfv sərəncamının gözlənildiyini qeyd etdi: “Əfv bilavasitə prezidentin səlahiyyətindədir. Qurban bayramında, yaxud Yeni ildə veriləcək, bunu deyə bilmərik. Təbii ki, bayram ərəfəsində belə bir gözəl töhfəni cəmiyyətə versələr, çox məqsədəuyğun, neçə-neçə ailəyə sevinc bəxş edən hadisə olardı”.
 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məhbuslara əfv ərizələrinin yazdırılmasını düzgün hesab etmir: “Əfv ərizəsi yazdırılırsa, demək, həmin məhbusların azadlığa çıxma şansları olduğunu, bu ərizəni yazdıranlar yaxşı bilirlər. Əslində qalsa, bu düzgün deyil. Ərizəni öz istəyi ilə məhbuslar yazırlar. Çox güman ki, belə bir proses gedir. Amma əfv prezidentin səlahiyyətindədir. Çünki Əfv Komissiyası var. Bu komissiyanın hazırladığı siyahı prezidentə təqdim olunur. Heç kim deyə bilməz ki, əfv  olacaq, ya yox. Düşünürəm ki, cəmiyyəti əfv olacağına kökləmək düzgün deyil. Çünki stress keçirənlər, həyəcanlananlar çox ola bilər. Hamımız istəyirik ki, Qurban bayramında əfv olsun. Açığı, inanmıram. Sevinən ailələrlə bərabər mən də sevinmək istəyirəm”.

REAL Hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova əfv olacağına inanmır: “Çoxdan belə bir məlumat var. Yeni bir şey deyil. Artıq heç nəyə inanmıram. İlqar bu barədə heç nə deməyib. Əminəm ki, o, heç bir əfv ərizəsi yazmayacaq”.
NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova hər bayramqabağı bu cür xəbərlərin yayıldığını qeyd etdi: “Rəşadətin bu barədə heç bir fikri yoxdur. Hər bayram öncəsi bu tipli xəbərlər gəzir. Qəti bir fikrim yoxdur. Əfv ola da bilər, olmaya da. İradəmizdən asılı olmayan məsələdir”.
 
Digər NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov da Qurban bayramında əfv ola biləcəyini söylədi: “Ömərə elə bir təzyiq yoxdur. Onsuz da o, əfv yazıb. Qurbanda əfv olacağı söz-söhbətləri gəzir. Amma kimin çıxacağı, kimin bir daha dəmir barmaqlıqlar ardında qalacağı bəlli deyil. Son vaxtlar Ömər çox darıxır. Bu çıxacağına işarə deyil. Keçən dəfə belə bir işarə oldu, amma alınmadı. Özü daim mənə deyir ki, heç nəyə ümid etmə. Çox ümid etdik, sonda puç oldu. Yenə də gözləməyə məcburuq”.
Cia.az