|
Türkiyə səfirliyindən PKK ilə bağlı sərt mesaj
Türkiyədə PKK-nın xaincəsinə hücumları və terror aktları nəticəsində qardaş ölkə ağır itkilər verməkdədir və bu itkilər Azərbaycanda da dərin kədərlə qarşılanır. Redaksiyamıza müraciət edən ayrı-ayrı vətəndaşlarımız türk şəhidlərinin xatirəsini anmaq üçün Türkiyənin Bakıdakı səfirliyinə getmək istədiklərini deyirlər.
Odur ki, qardaş ölkənin böyükelçiliyində anım mərasiminin təşkil olunub-olunmayacağını öyrənmək və həm də şəhidlərdən dolayı üzüntülərimizi ifadə etmək üçün səfirliyin mətbuat müşaviri Hamid Karadənizlə danışdıq. 
 
“Yeni Müsavat”a açıqlamasında H.Karadəniz baş verənlərin Türk-İslam dünyasına yönəlik planların tərkib hissəsi olduğunu söylədi: “PKK əslində bəzi qüvvələrin əlində bir maşadır. Biz baş verənləri kəskin şəkildə qınayırıq. Onlara dəstək, güc verən bütün qüvvələri lənətləyirik. Allah millətimizə güc-qüvvət versin! İnşallah, dövlətimiz və millətimiz bu xainlərin öhdəsindən gələcək”. 
 
H.Karadəniz Azərbaycan xalqının və dövlətinin Türkiyədəki terror lənətləməsinə, türk qardaşlarımızın ağrı-acısını bölüşməsinə görə təşəkkür etdi: “Azərbaycan qardaş ölkə olaraq hər zaman acımızı paylaşır. Bu anda türk əsgəri hansı duyğu və düşüncəyə sahibsə, Azərbaycan da onlara sahibdir. Azərbaycanlı qardaşlarımız Türkiyədəki qardaşları üçün canını fəda etməyə hazırdır. Burdakı qardaşlarımız hər zaman bizim yanımızdadırlar, necə ki, biz hər zaman Azərbaycanın yanındayıq. Bu iki dövlət hər dəfə qardaşlığını ortaya qoyur. Prezident İlham Əliyev də bizim cümhurbaşqanını arayıb həm başsağlığını bildirdi, həm də acılarımızı paylaşdı. Biz də bu diqqətə görə Azərbaycan dövlətinə və millətinə təşəkkür edirik”. 
 
Səfirlikdə anım mərasiminin keçirilməsinə gəldikdə, H.Karadəniz dedi ki, hələ belə bir qərar verilməyib: “Hələ bir yenilik yoxdur. Bu, hörmətli səfirin verəcəyi bir qərardır”. 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Cia.az