|
Tağı İbrahimovun keçmiş şəriki yeni sənədlər açıqladı
İş adamı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimovla ortağı, "Fəqan-1" MMC-nin təsisçisi Rauf Hüseynov arasında münaqişə ikincinin xəstəxanalıq olması ilə nəticələnib. 
Xatırladaq ki, R.Hüseynov T.İbrahimovla Həsən Əliyev küçəsi 33 ünvanda tikdiyi 16 mərtəbəli, ikibloklu  binada mənzillərin 50 faizinə sahib olduğunu deyirdi. İddiasına görə İbrahimov onu ortaqlıqdan uzaqlaşdırıb, alacağı vəsaiti də ödəməyib. Hüseynovun sözlərinə görə, həmin tikintiyə cibindən ümumilikdə 3 milyon 883 min manat vəsait yatırıb. Sərmayəsi çatmayanda dəyəri 2 milyon manat civarında olan mülkünü də girov qoyub, sonradan T.İbrahimov həmin mülkü girovluqdan çıxararaq kürəkəninə bağışlayıb. R.Hüseynovun bildirdiyinə görə tikintiyə qoyulan sərmayənin 100 faizi, ümumi gəlirin isə 50 faizini götürməli imiş. Sonradan aralarında yaranan münaqişə səbəbindən eyni mənzilləri hər ikisi müxtəlif adamlara satıb. Nəticədə 43 ailə bu fırıldağın qurbanı olub. Aldanmış alıcıların şikayətindən sonra onlardan 29-na T.İbrahimovun kürəkəninə məxsus "Qlobal-SF" MMC-nin Yasamalda tikilməkdə olan binasından mənzillə təmin ediləcəyi barədə sənəd verilib, qalanlar əmlaksız qalıb. 
 
İndi də redaksiyamıza müraciət edən R.Hüseynov bu problem səbəbindən insult keçirdiyini, hazırda xəstəxanada müalicə aldığını deyir. O, şəriki ilə aralarında olan məsələyə dair yeni sənədlər təqdim edib. Onlardan birinə əsasən "Qlobal-SF" MMC-nin Yeni Yasamal Ə.Əhmədov (Talıblı) küçəsində inşa etdirdiyi hündür mərtəbəli 2-ci yaşayış binasından 29 ədəd (kv.m 550 manat olmaqla) 2365.6 kv.m sahəsi olan mənzil R.Hüseynova borc verilib. Onun 5-i birotaqlı, 22-si ikiotaqlı, 2-si üçotaqlıdır. Sənəd 2013-cü il mayın 21-də imzalanıb. R.Hüseynov keçən dəfə İbrahimovun hansı sənədə əsaslanıb ona borclu olduğunu soruşur, ortaya fakt qoymağı tələb edirdi. Lakin, elə həmin sənədi redaksiyaya özü təqdim edib. Mənzilləri borc almadığını desə də, şərtlə razılaşıb və sənədləri qəbul edərək sahiblərinə verib. 
 
R.Hüseynov bəzi müqavilələrin sonradan qanunsuz imzalandığını deyir: "İndiki zamanda kimsə-kiməsə borc vermir, hələ 29 mənzili heç verməzlər. "Qlobal-SF" MMC Tağı İbrahimova məxsusdur, kürəkəninə verib, o da işlədir. Tikilməyən "mənzilləri" kürəkən qayınatasına bağışlayıb, məni nə tanıyır ki, borc da versin? Öz aralarında olan məsələdir. Biz bina tikintisinə 2003-cü ildə başlamışdıq, odur ki, müqavilələri həmin ildə imzalamalıydıq, lakin "kişi sözü"nə işlədik. 2013-cü ildə konfliktimiz düşəndə dedi ki, gəl müqavilə bağlayaq, sən geri çəkil, binanı tikib camaatın mənzillərini verək. O, bir qəpik qoymasa da, mən razılaşdım. 2440000 manat pul verib əhalini oradan köçürmüşəm. 2006-cı ildə camaatdan aldığım "kupça"lar mənim adıma idi, amma öz adına keçirib. Notariusda təsdiq edilmiş sənədlər arxivdədir, sorğu vermişəm, onları sizə təqdim edəcəm. Aldığım məlumata görə, hazırda banka 13.5 milyon manat borcu var və onu qaytarmaq üçün evi tikməyə çalışır. Onların əli həmişə dövlətin "cibi"ndə olub. Məndən də iki dəfə hər blok üçün 369 min manat alıb dövlət qurumlarına ödəmək adıyla. Sonradan həmin qurumların hər birinə guya 315 min manat pul göndərib, 1-ci blokda işıq, su, qaz, lift 1055000 manat tutub. İkinci blok üçün 630 min manat təkcə 3 quruma verdiyini bildirir. Onları da mənim 3 milyon 883 min manatımdan çıxıb. Amma həmin pullarla ödəniş-filan eləməyib. Həmin vəsaiti mənə borcludur, üstəgəl gəlir. 43 mənzil satmışam, pulunu tikintiyə qoymuşam, ona da pul vermişəm. O isə müqavilədə mənə 842500 manat pul ödədiyini göstərib, amma bir qəpik də verməyib. Sizə müsahibəsində məni podratçı adlandırıb, əgər o pulları mən ödəmişəmsə, necə podratçı oluram və "podratçı" niyə vergiləri, əlavə xərcləri ödəyir? Onunla ortaq idim, baxmayaraq ki, tələbinə uyğun podrat müqaviləsi bağlanıb. Əvvəlkini mən tikirdim, indikini də bankın hesabına tikirlər. İş bitəndən sonra bank pulunu götürəcək, mənim pulum havada qalacaq. Təməli 22 mərtəbə qoymuşdum, mənə 16 mərtəbə tikdirdi, məndən sonra 22 mərtəbə ucaldıb. Təməli elə qoymasaydım, o hündür tikə bilməzdi, orada da şərikliyim var". 
Gəlirdən borcun nə qədər olduğunu soruşdum, R.Hüseynov onun satış qiymətinə uyğun hesablandığını bildirdi. Keçən dəfə bu məbləğin 4 milyon manat olduğunu söyləmişdi. Uzun illər tikinti ilə məşğul olmuş iş adamından əhaliyə mənzil adı ilə satılan "qara tikili", onun orta və əla təmirinin maya dəyəri ilə maraqlandım. R.Hüseynov: "Biz tikdiyimiz vaxt "qara tikili"nin maya dəyəri 220 manata başa gəlirdi. Bu 2003-2007-ci illər arası belə idi. O vaxt rüşvət də sən deyən yox idi. Orta təmir 50-70 manat arası, əla təmir üçün isə kv.m-ə görə 110 manat kifayət idi. Yaxşı təmirli mənzilin kv.m-i 330 manata başa gəlirdi. Bu pulun içində tikintini aparan şirkətin də gəliri var. Maya dəyəri o vaxtdan prinsipial dəyişməyib, demək olar həminki kimidir. Baha satılmağında müəyyən amillərin rolu var". 
 
R.Hüseynovun sözlərinə görə mənzilləri 2008-2009-cu illərdə özü satıb, kv.m-i 800-850 manat imiş. T.İbrahimov isə 2013-cü ildə onun satdığı evlərin üstünə ev satıb, dost-tanışı, qohum əqrabasına verib, ya da borcunu mənzillə ödəyib. Onun da 11-ni komitə sədri olan qardaşına, 16-nı keçmiş qudası Cavid Qurbanova borcuna görə verib. Müsahibim deyir ki, tikintini apardıqları tarixlə, müqavilənin bağlanma vaxtı gerçəkliyi əks etdirmir: "Guya 2003-2005-ci illərdə podrat müqavilələri imzalamışıq, amma bu, yalandır, həmin möhürün əsli məndə var, ekspertizaya verilsə, məlum olar ki, onlar 2003 yox, 2013-cü ildə vurulub. Boynuma alıram ki, mən də saxta sənədə imza atmışam. Amma məcburiyyət qarşısında, istəyirdim ki, camaatın evi tikilib verilsin, mənim canım qurtarsın. Ona da yalvarırdım ki, bu işi tez bitirək. İndi yalandan qaçıb Türkiyədə oturmaqla deyil, camaatın mənzilini özünə qaytarmağa borcludur. Əslində Tağının çevrəsindən mənə daxil olan məlumata görə, özü bu işlərdən artıq narahat olmağa başlayıb. Çünki ortada hər iki tərəfin də eyni məbləğ qoyma öhdəliyi barədə müqavilə var. Amma mən pul qoymuşam, o isə yox, bunu sübut edən sənədlərim mövcuddur. İndi təzə tikilən yerə şərik olmalıyam, məni yaxına buraxmır. Borcunu geri almaq üçün hazırda ikinci bloku bank özü tikir. Evləri qaytarıldığı deyilən 29 nəfərə sənədlər üzərində verilən mənzil isə kürəkəninə məxsus "Qlobal-SF" MMC-nin tikdiyi binadandır. Əvvəla, borcu yox idisə, mənə nəyə görə ümumi sahəsi 2365 kv.m ev verirdi? Həmin mənzilləri Həsən Əliyev 33-dən verməliykən, camaata yalvarıb-yaxarmışıq ki, Yasamaldakından almağa razılaşın, sakitlik olsun. Çoxunun sahəsi ödədiyi pula görə azdır. "Qlobal-SF" MMC-nin binası tikilsəydi, qalanlara da mənzil verilərdi, onun da inşası hazırda dayandırıldığından 29 nəfər də evini ala bilmir. Oranın da vəziyyəti ümidverici deyil, həmin binanın tikintisində normativlər gözlənmədiyindən başa çatdırılacağı ehtimalı azdır. Layihə düzgün tərtib edilməyib, özülə vurulan beton markası aşağıdır, tikintiyə nəzarət zəif olub, bir-iki dəfə orada yanğın baş verib. Bununla yanaşı qaraj katlavanda tikilməli idi, onlar yuxarı mərtəbələrə qaldırıblar. O ev tikilə bilməz, bunun üçün gərək əvvəlcə sökülə, sonra sıfırdan inşa edilə. Tikmək üçün hər kəsə təklif edilir, heç kim yaxın durmur. Mənə də dedi, amma yenə xərc qoymur, "özün tik, sonra oturub hesablaşaq", deyir. Ona da mən getmədim, əvvəla, problemli binanın məsuliyyətini üzərimə götürmək istəmirəm, ikincisi də tikməyə pulum yoxdur, məni müflis edib. İndi zənglərimə cavab vermir. Camaat məndən ora-bura şikayət edir, amma mənim günahım olsaydı, dərhal həbs edərdilər, görürsüz ki, azadlıqdayam. Əvvəlcə ikimizi də çağırıb sıxışdırırlar, sonra o, nə edirsə iş müvəqqəti ört-basdır olur. İndiyə qədər müxtəlif qurumlara 600 məktub, 120 teleqramla şikayət göndərmişəm, baxan yoxdur. Dövlət başçısına da qəzetiniz vasitəsilə müraciət edirəm ki, əgər mənim təqsirim olsaydı, çoxdan həbs edərdilər, çünki zəngin deyiləm. 43 ailənin evsiz qalmağında günahkar olan milyonçu İbrahimov isə hansı yollarlasa bu işi ört-basdır edir. Dünən Prezident Sarayından zəng vurub bəzi suallar verdilər. Görünür bu məsələ ilə maraqlanmağa başlayıblar". 
 
Qəzetimizə müsahibə verən T.İbrahimov R.Hüseynovla heç vaxt ortaq olmadığını, onu tikintiyə müqavilə ilə podratçı kimi cəlb etdiyini demişdi. Bildirirdi ki, R.Hüseynovun ona borc verdiyi mənzilləri qaytarması barədə məhkəmə qərardadı var. "Nehrəm" MTK təsisçisinin sözlərinə görə, R.Hüseynovun ailəsinin yalvarışlarından sonra ona borc şəklində bir neçə mənzil verib, lakin sonradan borc geri qaytarılmadığına görə vəkilləri vasitəsilə məhkəməyə müraciət edib, hazırda əlində icraya yönəldilmiş məhkəmə qərarı var. Cənab İbrahimov belə desə də, Hüseynov barəsində qərar olmadığını söyləyir: "Məhkəmələr barəmdə qərarlar çıxarıblarsa, bəs niyə o məhkəmələrə mən dəvət olunmamışam, niyə məni çağıran, sənəd tələb edən, hesab soruşan yoxdur? Məhkəmələr də "mülki məsələdir", deyib işə baxmırlar. Ortada dələduzluq faktı var, nəyi mülkü məsələdir? Mən dəfələrlə demişəm ki, dələduzluq etmişəmsə, məni tutub salın içəri, bu işə aydınlıq gəlsin, bunu da  eləmirlər, deyirlər, "onun qardaşı komitə sədridir, bu məsələ gərək yüksək səviyyədə həllini tapa"". 
2003-cü ilin 1 iyul tarixində sifarişçi "Nehrəm" MTK və podratçı qismində "Fəqan-1" MMC arasında bağlanan podrat müqaviləsinə əsasən, tikinti materialları və avadanlıqlarına xərclənən vəsaitdən tikinti-quraşdırma işlərinin aparılmasına görə podratçı təşkilata müvafiq binadan görülmüş işlərin həcminə uyğun olaraq ümumi gəlirin 50 faizi mənzillə əvəzləşdiriləcək. Müqavilədə 16 mərtəbəli binanın tikintisi bütövlükdə podratçıya həvalə olunub. Tikinti 2 il müddətinə başa çatdırılmalı idi. 2009-cu ilin aprelin 24-də tərəflər arasında bağlanan "şərikli sərmayənin qoyulmasına dair" müqavilədən bəlli olur ki, 6 il müddətində iş başa çatmayıb və tərəflər təzə bir sazişə və yeni şərtlərlə imza atıblar. 2 aprel 2005-ci il tarixli podrat müqaviləsi üzrə öhdəlikləri yerinə yetirən tərəf kimi "Fəqan-1" MMC tərəfindən "Nehrəm" MTK-ya məxsus Həsən Əliyev 33 ünvandakı torpaq sahəsində tikilməkdə olan ikibloklu, 16 mərtəbəli binanın inşasına sərmayə qoyulub. Müqavilə üzrə görülən bütün tikinti-quraşdırma işlərinin aparılmasına qoyulan sərmayə "Nehrəm" MTK ilə "Fəqan-1" MMC tərəfindən hər ikisinin tam ortaqlı, 50 faiz nisbətində bərabər şəkildə qoyulduğu bildirilir. Müqavilədə bərabər ortaqlıqdan söhbət gedir. Mənzillərin satışından da əldə olan gəlirin tam yarısının "Fəqan-1" MMC-yə aid olduğu qeyd edilir. 
Cİa.az