|
Bakıda brend mağazaları siyasi layihə olub?
Son aylarda Bakının mərkəzindəki bir sıra məşhur brend mağazalarının bağlanması ictimaiyyətin diqqətini çəkib. Qapadılan dükanlar əsasən Səbail rayonu ərazisində - Zərifə Əliyeva, Rəsul Rza və Üzeyir Hacıbəyli küçələrində yerləşirlər. Bu firmaların bəziləri fəaliyyətini birdəfəlik dayandıraraq, mağazalarını boşaldıblar. Bəzi butik və mağazalar isə qapı-pəncərələrə elan vuraraq başqa ünvana köçdüklərini bildiriblər. Sahibkarlar mağazaların ünvanının dəyişdirilməsini icarə haqlarının artırılması və alıcılıq qabiliyyətinin azalması ilə izah ediblər.
 
Həmin ərazidə yerləşən, idman həvəskarlarının tez-tez baş çəkdiyi "United Sport" mağazasının qəfil bağlanması da alıcıları məyus etmişdi. Mağaza nümayəndələri mətbuata verdiyi açıqlamada başqa ünvanda fəaliyyət göstərəcəklərini bildiriblər. ""United Sport"un mərkəzi mağazası Səməd Vurğun küçəsi, 34 ünvanında yerləşən AF Mall ticarət mərkəzinə köçüb. Yerdəyişmənin səbəbi mağazanın yeni konsepsiyasının və ona uyğun olaraq, kolleksiyalarının daha geniş məkan tələb etməsi olub". 
İqtisadçı ekspert Natiq Cəfərli "Bizim Yol" qəzetinə açıqlamasında  bildirdi ki, brend mağazaların bağlanmasının iki səbəbi var. Birinci səbəb həmin mağazaların özlərinin funksionallığı ilə bağlıdır: "Yəni o mağazalar açıldığı gündən indiyə qədər öz sahiblərinin ziyanına da olsa fəaliyyət göstərirdi. Əsasən vizual effekt yaratmaq üçün  düşünülmüşdü. Bakının çox cazibədər, bahalı, brendlərlə zəngin bir şəhər olduğu təəssüratını yaratmaq lazım idi. Həmin mağazalar əgər fikir vermişdinizsə, əsasən mərkəzi küçələrdə, yol kənarlarında, ölkəyə gələn qonaqların yollarının üstündə açılırdı. Bu mağazaların böyük əksəriyyəti məmurlara aid idi. Onların da qazanc mənbələri, gəlir yerləri həmin dükanlar olmadığından vizual effekt yaratmaq, brend mağazaların Bakıda geniş şəbəkəsinin olduğunu göstərmək üçün belə bir addım atılmışdı. İndi bu səbəb yavaş-yavaş aradan qalxır. Çünki ölkədəki iqtisadi vəziyyətin ağırlaşması, büdcə vəsaitinin xərclənməsində olan problemlər dolayısı yolla məmurlara da təsir etməyə başlayıb. Onlar da artıq bir yük kimi dükanları öz üzərlərində saxlamaqdan imtina etmək istəyirlər".
 
N.Cəfərli deyir ki, mağazaların bağlanmasının ikinci - fundamental səbəbi alıcılıq qabiliyyətinin get-gedə aşağı düşməsidir. Əsasən həmin butiklərdən və mağazalardan alver edən insanların böyük əksəriyyəti əvvəllər orta sinfin üst qatına aid olan insanlar idi: "Hədiyyəlik və ya özləri üçün həmin dükanlardan az da olsa alış-veriş edirdilər. Həmin səviyyəyə uyğun insanların gəlirlərinin azalması prosesi də sürətlə gedir. Bankların, tikinti şirkətlərinin bağlanması, avtomobil bazarında olan durğunluq həmin insanlara da təsir göstərməyə başlayıb. Xaricə tez-tez gedib gələn insanların böyük əksəriyyəti həmin brendləri Bakıdan deyil, İstanbulda, Avropada olan mağazalarından almağa üstünlük verirlər. Çünki qiymət fərqi ciddi rəqəmdir".
 
Daha bir səbəb də ondan ibarətdir ki, bu dükanların icarə haqqı həddindən artıq yüksəkdir. Bizdə bəzi dükanlar var idi ki, şəhərin mərkəzində Nyu Yorkdakından baha icarə haqqı ödəməyə məcbur olurdular. Məsələn, 40-50 kvadratlıq dükanlara 15 min manata yaxın aylıq icarə pulu verirdilər. Bu da həddindən artıq böyük məbləğdir. Problemlər həmin dükanlarda icarədə oturan şirkətlərə və ya fiziki şəxslərə getdikcə ondan imtina etməyə, bağlamağa sövq edir. Bu proses getdikcə davamlı olacaq". 
Cia.az