|
KATV1-in yüzlərlə vətəndaşı məhkəməyə verməsinin sirri açıldı
Bu gün Azərbaycan məhkəmələrində KATV1-in (AG Telekom” MMC) yüzlərlə vətəndaşa qarşı iddiaları var. İlk baxışdan bir şirkətin vətəndaşla arasında yaranmış mübahisələrin sonucu olaraq məhkəməyə üz tutması hüquqdan istifadə kimi görünür. Amma bu iddiaların mahiyyətinə varanda şirkətin iddialarının vicdan və ədalət prinsiplərinə söykənmədiyi ortaya çıxır.
Redaksiyamıza müraciət edən vətəndaşlar deyirlər ki, şirkət rəsmiləri onları məhkəməyə vermək üçün əsasız aktlar tərtib edir, sonradan həmin əsassız aktlara istinad etməklə iddia hazırlayıb məhkəməyə göndərir.
 
Bakıda mənzillərini kirayə verən çoxsaylı mülk sahibləri “KATV1”-in əlindən zara gəliblər. Araşdırmalarımız onu deməyə əsas verir ki, şirkət kirayə mənzilləri özünün asan və əlavə gəlir mənbəyinə çevirmənin yeni texnologiyasını kəşf edib. Şirkət mülk sahibinin razılığı olmadan kirayəşinlə kabel televiziyasının çəkilişi üçün müqavilə bağlayır. 1 ay, bəzən də bir qədər artıq zamandan sonra kirayəşin evi tərk edir. Və ya hansısa səbəbdən “KATV1”-in xidmətindən imtina edir. Hər 2 halda mülk sahibi həlli müşkülə çevrilən işə düşür.
 
 Xidmətdən istifadədən imtina olunandan sonra şirkət əməkdaşları qanunsuz qoşulma adı ilə akt tərtib edir. Belə aktlar kirayəşindən və mənzil sahibindən gizlin bir neçə dəfə tərtib olunur.  Və son nəticədə həmin aktlara əsaslanıb vətəndaşı məhşər ayağına çəkirlər. İlk olaraq biçarə mənzil sahibi şirkətin hüquq firmasına dəvət olunur. Orada qanunsuz qoşulmaya görə müəyyən bir məbləği ödəmək təklifini alır. Əks halda vətəndaşa qarşı qanunsuz qoşulma səbəbi ilə məhkəmə iddiası qaldırılır.

İddialarda şirkətlə müqavilə bağlayan kirayəşinin əvəzinə cavabdeh kimi mülk sahibi göstərilir!
 
Başqa sözlə şirkət mülk sahibindən pul qoparmağa çalışır. Əksər hallarda şirkət sıravi və məzlum Azərbaycan vətəndaşını udur.
 
İllərdir ki, KATV-1 belə məzmunlu iddiaları məhkəmələrə göndərir. Amma şirkət qanunsuz müdaxiləni mümkünsüz edən texniki imkanlardan yararlanmağa da tələsmir. Qutulara müdaxiləni çətinləşdirmək; kabeli kəsib yığışdırmaq; informasiyanı xüsusi kodlaşdırılmış ödəniş kartlı qurğular vasitəsi ilə ötürürmək və digər texniki imkanlardan yararlanmırlar. Halbuki bu və digər üsullarla qanunsuz birləşməni mümkünsüz etmək çox rahatdır.
KATV-1 ən azından belə halların məhkəmə çəkişməsinə çevrilməsinin kütləviliyini nəzərə alaraq bunları etməli idi. Bunu etmirlər və şirkət rəsmilərinin bu halda marağının vətəndaşdan pul qoparmaqdan savayı bir başqa olması da ağla gəlmir.
 
Beləliklə baqasının əməlinə görə mülk sahibi necə məsuliyyət daşıya bilər sualının darmadağın edəcəyi iddialar kütləvi şəkildə məhkəmələrə göndərilir. Hər 100 vətəndaşdan 50-60-nın məsələni məhkəmədən kənar həll etmək arzusu da şirkət rəsmilərinin işinə yarayır. Vətəndaşlar məhkəməyə gedib-gəlməmək üçün şirkətə 300-500 manat ödəyib lazımsız problemdən uzaq dayanmağa üstünlük verir.
 
Araşdırma zamanı başqa bir maraqlı məqam üzə çıxdı. 
 
KATV-1-lə eyni xidmətləri göstərən şirkətlər - məsələn İP TV-yə qoşulmaq istəyənlərdən hökmən mənzil mülkiyyətçisinin razılığı tələb olunur. Üstəlik İP TV xidmətini mövcud telefon xətti ilə mənzilə heç bir xətər yetirmədən qoşur. Sual yaranır: dövlət qurumunun tabeliyində olan İP TV məsələyə bu cür həssas yanaşırsa, niyə bunu KATV-1 etmir? Vətəndaşın razılığı olmadan onun mənzilinə daxil olur, kabel xəttini binanın blokundan  mənzildəki lazımi nöqtəyə aparmaq üçün otaqların ara divarlarında dəlik açır və mülkiyyətçiyə bu və ya digər formada maddi və mənəvi ziyan vurur. Məgər, mənzil mülkiyyətçisinin razılığını tələb etmək və onu bu barədə məlumatlandırmaq bu qədər çətindir?
 
Sadə bir arayışı tələb etmək minlərlə iddia ilə məhkəməyə üz tutmaqdan asan deyilmi?

 KATV-1 nümayəndələri məhkəmələrdə mülk sahibinin öz mənzilinə nəzarət etməli olduğunu əsas gətirirlər.
 
Belə hallarda nümayəndələr özləri də bilmədən sadə bir həqiqəti dilə gətirmiş olurlar - əgər mülk sahibi mənzilinə nəzarət etməlidirsə, KATV-1 əməkdaşları da binaların bloklarındakı birləşdirici qutulara nəzarət etməlidirlər. Ora qanunsuz qoşulmaya şərait yaratmamalı, imkan verməməlidirlər.
 
Maraqlı bir məqam da odur ki, 2006-cı ildə “AG Telecom” MMC – “KATV1” kabel televiziyasına Bakı və respublikanın bir çox ərazilərində fəaliyyət göstərmək üçün lisenziya vərən Milli Televiziya və Radio Şurası da baş verənlərin qarşısılığında susqunluq nümayiş etdirir.

Cia.az