|
Aqşin Yeniseydən Kəramət Böyükçölə tənqid
Şair Aqşin Yenisey gənc yazar Kəramət Böyükçölü səsləndirdiyi fikirlərə görə tənqid edib. 
Bu barədə “Yeni Müsavat”a danışan Aqşin Yenisey Azərbaycan ədəbiyyatına şou detallarının gətirilməsindən narazılıq edib:
“Əhməd  Cavad, Bəxtiyar Vahabzadə və digər görkməli şair və yazçılarımızın yaradlıcılığı haqqında hər hansı bir fikri söyləmək üçün üçün kifayət qədər tutarlı ədəbi təhlil təqdim etmək lazımdır. Özünə “qələm adamı” deyən şəxs tində, çayçıda, virtual aləmdə hansısa şairi, yazıçını müzakirə etməz. Mən o zaman Kəramətin fikrilərinin tərəfini saxlayardım ki, o, dedikləri barədə bir araşdırma məqalə yazıb sübut edərdi ki, doğrudan da qeyd etdiyi yazıçıların yaradıcılığında hər hansı bir çatışmazlıq var. Çox narahatedici haldır ki, artıq ədəbiyyatımıza şou detalları gəlir. Bu uşaqlar görkəmli şəxslər barəsində elə danışırlar ki, sanki onlar Azərbaycan toylarında insanları əyləndirən bir müğənni, sünnət toylarına dəvət alan tamadadır. Bu cür yanaşma qəbuledilməzdir! Bu cür şeylər Azərbaycan insanını çox səviyyəsiz şeylərə aparıb çıxardır. Çox təhlükəli haldır və bunun sabah tendensiyaya çevrilməsi isə daha təhlükəli ola bilər. Gənc yazıçıların yazdıqlarına baxanda mənə əyan oldu ki, onlar elə fərz edirlər, ədəbiyyat yalnız ədəbiyyatın ətrafındakı söz-söbətlərdən ibarətdir. Onlar bu söz-söhbətləri yaradıcılıq hesab edirlər”.
 
Qeyd edək ki, gənc yazar Kəramət Böyükçöl bir müddət öncə sosial mediada xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığını tənqid edərək onu parlaq istedadı olmayan şair adlandırmış, onu fəlsəfi şair adlandıranları isə qınamışdı. Bu günlərdə isə K.Böyükçöl digər bir şair, dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavad haqqında xoşagəlməz fikirlər səsləndirib. O, məşhur “Çırpınırdın Qara dəniz, baxıb türkün bayrağına” şeirinə görə Əhməd Cavadı istedadsız şair adlandırıb.
Cia.az