|
Fransada “Azərbaycan obyektivdə” adlı fotosərgi keçiriləcək

Avropa Azərbaycan Cəmiyyəti (AAC-TEAS) Fransanın Kolmar şəhərinin meriyası ilə birgə mədəni tədbirlər təşkil edib.

Sentyabrın 7-də Kolmar Caz Festivalının 20-ci buraxılışının açılış konsertində tanınmış caz ifaçısı Emil Əfrasiyab konsert proqramı ilə çıxış edib. Konsert yerli televiziya kanalı (www.tv7.fr.) ilə canlı nümayiş olunub. Gənc azərbaycanlı pianoçunu fransız musiqiçilərindən ibarət kvartet – Rafael Pannier (zərb alətləri), Antuan Katz (bas) və Aleksandr Madlin (saksofon) müşayiət edib. Həmyerlimiz bu il Parisdə keçirilən “Jazz à Saint-Germain-des-Prés” və Reims şəhərindəki “Sunnyside” festivallarında da çıxış edib.

Sentyabrın 8-dən 12-dək Kolmarın Edmond Gerrer adına mediatekasında “Azərbaycan obyektivdə” adlı fotosərgi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın mədəniyyəti, təbiəti və tarixini şəhər sakinlərinə tanıtmaqdır. Sərgidə AAC-TEAS tərəfindən 2012-ci ildə təşkil olunmuş eyniadlı fotomüsabiqənin şəkilləri nümayiş olunacaq. Müsabiqəyə 150-dən çox fotoqraf 750-dək foto göndərib. Münsiflər heyəti “Condé Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallal kimi peşəkarlardan ibarətdir.

Qeyd edək ki, bu il may ayının 19-da Azərbaycanın Şəki və Fransanın Kolmar şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Bununla da, təməli hələ 2013-ci ildə qoyulmuş əlaqələr daha da möhkəmlənib.

Cia.az