|
Hüquq müdafiəçiləri parlament seçkilərinə qatılmayacaq
Bu il noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərində nəzəri cəhətdən olsa da, iştirak edəcək siyasi qurumlar və tanınmış simalar məlumdur. Maraqlıdır ki, hüquq müdafiəçiləri əvvəllər olduğu kimi, bu dəfə də seçki prosesində passiv görünürlər. İndidən onlardan hər hansı birinin namizəd olacağını söyləmək çətindir. 
 
Yalnız hazırda deputat olan Çingiz Qənizadəni istisna etmək olar. Çox güman ki, o, builki seçkilərdə yenə də iddiasını irəli sürəcək. Hüquq müdafiəçiləri arasında bu mövzuda kiçik bir sorğu apardıq. 
 
 
 
Novella Cəfəroğlu deputat seçimlərinə qatılmayacaq. O, hesab edir ki, parlament gənclərdən və ortayaşlı şəxslərdən təmsil olunmalıdır: “Yaşım deputat olmağa, düşünürəm ki, imkan vermir. Doğrudur, parlamentdə məndən də yaşlılar var. Mən istərdim ki, parlamentdə daha çox gənclər olsun. Bütün deputatların siyasi mövqelərindən asılı olmayaraq, bütün qapıları üzümüzə açıqdır. Sözlərimizi onlara daim deyirik. Onların bizə köməyi deputat olmasalar belə, daha çox dəyər. Yaşlıların deputat olmasına münasibətim mənfidir. Gənclər və ortayaşlıların olması vacibdir. 55 yaşdan yuxarı şəxslər deputat olmasalar yaxşıdır”.
 
 
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bir daha deputatlığa namizəd olmayacağını açıqladı: “İddiamı bir dəfə irəli sürdüm. Mənə qarşı haqsız münasibəti gördüm. Bu baxımdan bir daha namizəd olmayacağam. 2010-cu il seçkilərində doğulduğum, boya-başa çatdığım Yasamaldan namizəd oldum. Ədalətsizliyi orada gördüm və özümə söz verdim ki, bir daha seçkilərdə iştirak etməyəcəyəm. Bundan sonrakı seçkilərdə də iştirak etməyi qətiyyən düşünmürəm. Bir dəfə namizədlik verərlər. Alınmadısa, daha cəhd etməyin mənası yoxdur”.
 
 
Mirvari Qəhrəmanlı hesab edir ki, hüquq müdafiəçisi olaraq, deputatlardan çox iş görüb: “Düşünürəm ki, hüquq müdafiəçisi kimi, fəaliyyətim 5 il xalq üçün heç nə edə bilməyən əksər deputatların fəaliyyətindən qat-qat üstündür. Bir deputat və bir hüquq müdafiəçisi hesabat versin. Kim öz xalqına daha çox xeyir verib, ya özünə? Mən hüquq müdafiəçisi kimi daha çox müstəqiləm, nəinki deputat kimi”.
 
 
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə hələ də tərəddüd içərisindədir: “Hələ ki bu barədə fikrim yoxdur. Gələcəkdə namizəd ola bilərəm. Amma hər şey mühitdən asılıdır. Ona görə də hazırda sualınıza konkret cavab verməyə çətinlik çəkirəm. Gələcəkdə buna baxarıq. Bu il deputatlığa iddiaçı olmağım mümkünsüz görünür. Obyektiv danışmaq lazımdır. Hər şeyin real olmağını istəyirəm”.
Cia.az