ABŞ Dövlət Departamentinin “qadın məhbus” siyahısı nə vəd edir? Qabil Hüseynli: “Qərbin seçkilərlə bağlı mövqeyi yetərincə sərt olacaq...”
Son aylarda Qərbin Azərbaycan hökumətinə təzyiqlərinin növbəti dalğası müşahidə olunmaqdadır. Xüsusilə, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və araşdırmaçı jurnalist Xədicə İsmayıla oxunan məlum məhkəmə hökmlərindən sonra bu hal daha da güclənib. Bu şəxslərin azad olunması üçün bəyanat və çağırışlar əsas təzyiq vasitəsi kimi seçilib.
ABŞ Dövlət Departamentinin dünyadakı 20 siyasi qadın məhbusdan ibarət siyahı hazırlaması, həmin siyahıya L.Yunus və X.İsmayılın adını salması və siyahıda adı keçən məhbusların dərhal azadlığa buraxılmaları üçün çağırışlar etməsini yeni bir təzyiq mərhələsi adlandırmaq olar.
Ekspertlər hesab edirlər ki, bütün bunlar noyabrın 1-də keçiriləcək parlament seçkiləri öncəsi Azərbaycan hakimiyyətinə edilən təzyiq vasitələrindən biridir. Bu cür çağırış, bəyanatların müsbət mənada heç nə vəd etmədiyini düşünənlər az deyil. Belə davam edərsə, seçkilər öncəsi və sonrakı zamanlarda ölkə iqtidarının zərbə alacağını ehtimal etmək də mümkündür.
Politoloq Qabil Hüseynli ABŞ-ın bəzi məsələlərdə mövqeyinin anlaşılmaz olduğu qənaətindədir: “Çox mürəkkəb bir məsələdir. ABŞ-ın bir-birinin ardınca Azərbaycana təzyiqlər etməsi, qadın məhbusların azadlığa buraxılması üçün cəhdlər göstərməsi, bundan sonra təzyiqlərini davam etdirəcəyini bildirməsi onu göstərir ki, ciddi bir kampaniya başlamaqdadır. Kampaniya Azərbaycanın imicinə, xüsusilə, Dağlıq Qarabağ probleminin həllinə ciddi zərbə vura bilər. Amerika bu məsələyə insan haqları kontekstindən yanaşdığını iddia edərək, özünün strateji maraqlarını da ortaya atır. Bu insan haqları kontekstində kiçik dövlətlərə özünün psixoloji təzyiqlərini göstərməyə çalışır. Zənnimcə, Azərbaycan hökuməti bu məsələdə gərginliyin artmasına imkan verməməlidir. Məsələnin həlli istiqamətində optimal variant tapmaq zəruri görünür. Qadın məhbusların azadlığa buraxılması, yaxud onlara verilmiş həbs müddətinin azaldılması bu variantlardan biri ola bilər. Azərbaycan üçün elə bir ağır iş deyil.
Qərb dövlətləri, xüsusilə, ABŞ iki qadın məhbusun həbsə atılmasından ciddi narahatçılıq keçirir. Bunu aradan qaldırmaq üçün təzyiqlərə əl atır. Güman edirəm ki, Azərbaycan ABŞ-la danışıqlar aparmalı və bu məsələnin optimal həlli yollarını tapmalıdır”.
Politoloq seçkilər öncəsi bu cür çağırışların Azərbaycan üçün olan təhlükələrindən də söz açdı: “Oxunan hökmlər seçki öncəsi, yaxud başqa vaxt olsaydı da, reaksiyalar oxşar olacaqdı. Seçkini də bunun gözünə qataraq, daha ciddi cəhdlər etməyə çalışırlar. Seçkilərin nəticələrini əvvəlcədən görmüş kimi hərəkət edirlər. Hətta indidən seçkilərlə bağlı bəyanatlar verirlər. Mühitin qeyri-demokratikliyi, yaxud siyasi mübarizə üçün normal şəraitin yaradılmaması ilə bağlı fikirlər irəli sürürlər. Bunun üçün hələ də onların əlində konkret faktlar yoxdur. Belə görünür ki, seçkilərlə bağlı Qərbin mövqeyi anlaşılmaz olsa da, kifayət qədər sərt olacaq”.
Q.Hüseynli təzyiqlərin verə biləcəyi nəticələrdən də danışdı: “Qərb Azərbaycanla diktə ilə danışır. Bərabərhüquqlu dövlət kimi danışmır. Bu da haqlı olaraq, Azərbaycan rəhbərliyini qəzəbləndirir. Mənə elə gəlir ki, Azərbaycanın dilini tapmaq lazımdır. Əgər Qərb burada nəticəyə nail olmaq istəyirsə, Azərbaycanla bərabərhüquqlu dövlət kimi danışmalı və diktə mövqeyindən əl çəkməlidir. Doğurdan da, Leyla Yunus və Xədicə İsmayılın azad olunmalarını istəyirlərsə, Azərbaycana bəyanatları dayandırmalıdırlar. Səlahiyyətli bir şəxs ölkə rəhbərliyi ilə danışıqlara başlamalıdır. Nəticə əldə etmək üçün diktə bəyanatlarının rolu olmur. Əksinə, vəziyyət daha da gərginləşir. Öz mövqeyimi deyə bilərəm ki, Azərbaycanın siyasi rəhbərliyi ilə dil tapmaq mümkündür. Bunun yollarını tapmaq diplomatiyanın üzərinə düşür”.
Cia.az
