|
Həkim-kosmetoloqla necə əlaqə saxlamalı? –

Müasir qadının həyatını kosmetoloqsuz təsəvvür etmək mümkün deyil. Lakin hər kəs kosmetoloqla düzgün əlaqə saxlamağı bacarırmı? Kosmetoloqla pasient arasında yazılmamış etik qaydalar mövcuddur. Hkim-kosmetoloq Günay Mikayılova Ailə.lent.az vasitəsilə həmin qaydaları təsnifatlandırıb:

 

  1. Pasient həkimlə telefon və müasir zamanın ən tez və əlverişli ünsiyyət vasitəsi olan sosial şəbəkələr vasitəsilə əlaqə saxlaya bilər.
  2. Ünvan götürüb birbaşa kosmetoloq yanına gəlmək düzgün deyil. Çünki o, sizə vaxt ayırmaya bilər.
  3. Yadda saxlamaq lazımdır ki, həkimi telefon və ya sosial şəbəkə vasitəsilə məsləhət verməyə məcbur etmək olmaz.
  4. Kosmetoloqla gün təyin etmək üçün əlaqə saxlamaq lazımdır. Kosmetoloqla pasient arasında canlı ünsiyyət olmalıdır.
  5. Kosmetoloq yanına gələn bilməlidir ki, plastik cərrah yanına gəlmir. Onun istədiyi nəticə o saat əldə edilmir. Nəticəni bir neçə seans və prosedurdan sonra almaq olar. Həkim yanına gedəndə xəstəyə resept yazılır və o gedir. Xəstənin istəyi nəzərə alınmır. Amma gözəllik sahəsində pasient kosmetoloq yanına xəstəliklə gəlmir. Çivzə, səpki və s. kimi xəstəliklə gələnlər var, lakin ümumiyyətlə gözəlləşmək məqsədi ilə gəlirlər. Biz pasientlə ünsiyyət quranda onun istəklərini də nəzərə alırıq: necə olmaq istəyir, prosedurdan hansı nəticəni gözləyir?
  6. Kosmetoloqa ilk dəfə zəng edən insan onun qəbulunda əvvəlcə olub-olmadığını bildirməlidir. Bəzən pasientin xətrinə dəyir ki, kosmetoloq onu tanımadı. Həkim xəstənin problemini görəndə xatırlayır.
  7. Pasientin neçə seansdan sonra istədiyi nəticəni əldə etməsi və prosedurların gedişatı haqqında məlumatlandırılması kosmetoloqun borcudur. Bu halda kosmetoloqla pasient arasında problem yaşanmır.
  8. Pasient kosmetoloqa ilk dəfə zəng edirsə, onu əsas narahat edən məsələni deməlidir. Çünki uzun-uzadı danışmaqla kosmetoloqun vaxtını alırsınız. Eyni zamanda, kosmetoloq onsuz da sizi görmədən heç nə deyə bilməyəcək.
  9. Pasient zəng edən zaman özünü düzgün təqdim etməyi bacarmalıdır, birbaşa ad demək olmaz. Çünki o adda başqa pasientlər də ola bilər. Bilmək lazımdır ki, vaxt puldur. Həkimin vaxtını alırsansa, maksimum səmərəli istifadə etməlisən. Boş-boş söhbətlərə vaxt ayırmaq olmaz.
  10. Kosmetoloqun yanına gəlib-gedəndən sonra hər prosedurun nəticəsi və ya gedişatı ilə bağlı zəng edirsinizsə, sizi narahat edən məsələni qısa və konkret deyin. Kosmetoloq problemin nə zaman sovuşacağını və ya hansı dərmandan istifadə edəcəyinizi məsləhət görəcək. Telefonla zəng zamanı suallar konkret qoyulmalıdır.  
  11. Zəng edən zaman hər hansı insanın xəstəliyi, problemini misal gətirib eyni müalicə üsulunu tələb etmək olmaz. Çünki elə simptomlar var ki, pasient onu görmür, amma hansısa xəstəliyin yanaşı simptomudur. Ona uyğun olaraq dəqiq diaqnoz qoymaq olur. Məsələn, çivzə hamı üçün eyni problem ola bilər. Amma hər kəsdə başqa-başqa səbəblərdən yaranır.
  12. Kosmetoloqun sizə tətbiq etdiyi prosedur, müalicə və ya dərmanı başqa bir adama məsləhət görməyin. Çünki həkim-kosmetoloq çivzənin yaranma səbəbini aşkar etdikdən sonra ona uyğun müalicə yazır. Digər bir insanın çivzəsi başqa problemdən yarana bilər. Bəzən insanlar özləri özlərinə antibiotik təyin edirlər, hətta özlərini cərrahi əməliyyat edirlər. Bu qəti qadağandır.
  13. Həkim-kosmetoloq pasientə ona tərtib etdiyi müalicə haqqında informasiya verməlidir. Pasientin müalicə və dərmanlar haqqında bilgi almaq hüququ var.  
  14. Pasient müalicə qaydası, prosedur gedişatını həkimə məsləhət verə bilməz. Siz yalnız istəyinizi deyin, onu necə və hansı formada həyata keçirmək kosmetoloqun üzərinə düşür.
  15. Həkimin sərbəst vaxtına hörmət etmək lazımdır. Həkimə istənilən vaxt zəng etmək olmaz. Həkim də insandır, onun da ailəsi var. Ciddi problem varsa və əgər kosmetoloq sizə istənilən vaxt zəng edə biləcəyinizi deyibsə, o zaman zəng edə bilərsiniz. Bəzən həkimə zəng edirlər, cavab verə bilmir, ard-arda yığmaq lazım deyil. Çünki sizin zənginizi gördü. Bir sms yaza bilərsiniz.
  16. Kosmetoloqla vaxtı onun qrafikinə uyğun təyin edilir, lakin pasientlə razılaşdırılır.
  17. Kosmetoloq yanına təyin edilən zamanda gəlin. əgər qəfil işiniz çıxıbsa, 2-3 saat əvvəldən xəbərdarlıq edin. Estetika elə sahədir ki, pasient gələndə tam diqqəti öz üzərində istəyir. Geciksəniz, digər pasientin vaxtını alır və ya vaxtına girirsiniz.
  18. Həkim-kosmetloq üçün pasientlərin şəklini çəkmək önəmldir. Müalicədən sonra müqayisə etmək üçün.
  19. Özünə hörmət edən pasient kimin yanına gəldiyini bilməli, araşdırmalıdır. Çünki ən dəyərli “geyim” dəridir. Dərini tullama lüksümüz yoxdur. Dəri insanın müdafiə orqanıdır. Bizi ətraf mühitdən qoruyur. Dəri insanın sərhəddidir.
  20. Ən sonda, pasientlər bilməlidir ki, yaxşı kosmetoloqun həkim olması vacibdir. Kosmetologiya tibbi sahədir. İndiki zəmanədə iynələr, saplarla prosedurlar mövcuddur. Bugünün kosmetologiyası 20 il əvvəlki kimi deyil. 20 il əvvəl sadəcə maska və kremlərlə nəsə etmək olurdusa, artıq tibbi prosedur yaranıb. Məsələn, üzün saplarla dartılması plastik cərrahiyyə ilə demək olar ki, bərabərdir. Əlimizə iynə götürmüşüksə, hara və nə vurduğumuzu bilməliyik. Bunun üçün anatomiya, fiziologiya, biokimyanı bilmək lazımdır.. Cia.az