İkinci Dünya Müharibəsindən sonra bəşəriyyət ən böyük qaçqın böhranını yaşayır.
Suriya müharibəsi ilə əlaqədar yaranan böhrandan ən çox əziyyət çəkən Türkiyə olmasına baxmayaraq, qərb mediası qardaş ölkəyə qarşı əsassız ittihamlarını davam etdirir.
Xüsusilə də ingilis və alman mediası öz ölkələrinin suriyalı qaçqınlara laqeyd yanaşmasına baxmayaraq, 2 milyon qaçqını qəbul etmiş Türkiyəyə əsassız ittihamlar irəli sürürlər.
İngiltərənin "Times" qəzeti Türkiyənin Suriyadan qaçan kürdləri "soyuq qarşıladığını" iddia edib. İŞİD-in irəliləyişi qarşısında Kobanidən qaçan kürdlərə Türkiyədə şübhə ilə yanaşıldığı və bürokratik maneələrlə qarşılaşdığını irəli sürən qəzet, keçən ilin sentyabr ayında 200 min kürdün Türkiyəyə keçdiyini xatırladır.
Qəzet iddia edir ki, Türkiyə Suriyadan gəlmiş ərəb və türkmən qaçqınlara yaxşı münasibət bəslədiyi halda, kürd qaçqınlara qarşı sərt münasibət sərgiləyir.
Türkiyənin qaçqınlar üçün göstərdiyi böyük səylərə dil uzadan "Times", BMT-inin türk hökumətini, Suriyadan qaçanlar üçün inşa etdiyi düşərgələr və onların problemlərinə həssas yanaşdığı üçün təriflədiyini, lakin rəsmi Ankaranın kürdlərə münasibətdə aşağılayıcı mövqe göstərdiyini qeyd edib.
Xatırladaq ki, İngiltərənin "Times" qəzeti Türkiyəyə qarşı sərt mövqeyi ilə seçilir. Qəzet hər zaman guya Türkiyədə "kürd probleminin" olmasını qabardır, PKK terrorçularını müdafiə edir və PKK-nın terror aktlarını "kürd xalqının azadlıq uğrunda savaşı" qiymətləndirir.
Cia.az
