|
Təhsil haqqını ödəyə bilməyən 1000 tələbənin arzusu gözündə qaldı
Ali təhsil müəssisələrinə bu il qəbul olunan abituriyentlərin qeydiyyatdan keçmə müddəti avqustun 27-də başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə bu il ali məktəblərə qəbul olunmuş 32279 abituriyentdən 1000-ə yaxını ali təhsil müəssisələrindən imtina edib. 
Tələbə adını qazanan, lakin qeydiyyatdan keçməyənlərin böyük əksəriyyəti təhsil haqqını ödəyə bilmədiyinə görə bu addımı atmaq məcburiyyətində qalıb. Ümumiyyətlə Azərbaycanın ali məktəblərinin hər birində təhsil haqları müxtəlifdir. Azərbaycanda təhsil haqqının 2000-4500 manat aralığında olması ölkədəki orta aylıq əməkhaqqının fonunda olduqca fantastik görünür. Buna görə də valideyn çox istəsə belə, övladını ödənişli əsasla oxutdura bilmir.
 

Bəs bunun çıxış yolu nədədir?


 
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü tələbə adı qazananların ödənişli ixtisaslarda oxuya bilmələrinin tək çıxış yolunu təhsil kreditində görür: “Ödənişli ixtisaslarda oxumaq üçün təhsil kreditlərinin verilməsi vacibdir. Tək çıxış yolu da budur. Bank o krediti tələbə ilə müqavilə bağlayaraq verməli, tələbə də ali məktəbi bitirdikdən sonra işləyəndə onun maaşından çıxılmalıdır. Bizdə dövlət universitetləri pulsuz olmalıdır. Bu konstitusiyada da göstərilib ki, dövlət təhsil müəssisələrində, istər orta məktəbdə, istərsə də ali məktəblərdə təhsil pulsuzdur. Ancaq təəssüf ki, universitetlərimizin 80-85 faizində təhsil pulludur. Təhsil haqlarının məbləğini kimlər təyin edir?! Məsələn, Bakı Dövlət Universitetində təhsil haqqı 2500 manat, Tibb Universitetində 3000-4000 manatdır. Kim bu məbləği təyin edir?! Camaatın sosial-iqtisadi vəziyyəti nəzərə alınmadan çox yüksək təhsil haqları təyin edilir. Tələbələrin çoxu Türkiyə universitetlərinə üz tutur. Çünki orada ödənişli təhsil Azərbaycandakından dəfələrlə aşağıdır. Türkiyənin yüksək səviyyəli universitetlərində təhsil haqları 500-700 dollar arasındadır. Ancaq bizdə bundan dəfələrlə çoxdur və hər il də artmağa davam edir. Elə tələbələr tanıyıram ki, 3-cü kursa kimi bir təhər oxuyub borc-xərclə. Ancaq sonradan təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoymalı olub. Yaxud da uşaqlar var ki, gündüz dərsə gəlir, gecələr də işləyir. Dərsdə də başını partaya qoyub yatır. Bu adamı qınamaq da olmur. Axı bu uşaq təhsil haqını ödəmək üçün gecələr işləyir”.
 
 
Azərbaycanda tələbələr üçün təhsil kreditlərinin verilib- verilməməsi məsələsinə gəlincə isə iqtisadçı ekspert Samir Əliyev bunun hələ ki yalnız dildə olduğunu dedi: “Azərbaycanda təhsil kreditləri verilir. Amma bu kreditlərin adı təhsildir. Yəni o kampaniya xarakteri daşıyır. Əslində isə onun təhsil krediti anlayışına aidiyyəti yoxdur. Çünki burada həm faizlər yüksəkdir, həm də kredit götürəndən sonra növbəti aydan ödənişi başlayır. Bu da təhsil krediti fəlsəfəsinə uyğun gəlmir. Tələbə kreditləri əksər ölkələrdə var. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr kredit götürür və onu öz təhsilinə xərcləyir, sonra da onu  qaytarır. Bu kreditlər adətən iki cür olur. Biri sırf təhsil haqqını ödəmək üçün. Bir də var təhsil haqqı ilə yanaşı tələbənin kirayə haqqını və gündəlik xərclərini ödəmək üçün. Bütün o xərclər kreditə daxil olur. 
 
Tələbə kreditlərinin digər kreditlərdən əsas fərqi ondan ibarətdir ki, faizlər aşağı olur. Həm də ödənməsində güzəşt olur. Adi kreditlərdə götürəndən bir ay sonra qaytarmağa başlayırsan. Amma tələbə krediti belədir ki, krediti götürüb təhsil alır. Ali məktəbi bitirib işə qəbul olandan sonra həmin krediti ödəməyə başlayır. Yəni təhsil müddətində bu kredit ödənilmir. Bu kreditin əsas üstünlüyü bundadır”.
 
Ekspert təhsilin inkişafı üçün tələbə kreditlərinin olmasının vacib olduğunu bildirdi: “Tələbə kreditlərinin Azərbaycanda da verilməsi çox yaxşı olardı. Burada söhbət sahibkarlığın qazancından getmir. Təhsilin inkişafından gedir. Burada insan faktoru var və insan kapitalı formalaşır. Həmin insan gələcəkdə ölkə iqtisadiyyatına, gələcək inkişafına öz töhfəsini verə bilər. Bu baxımdan mən düşünürəm ki, Azərbaycanda tələbə kreditlərinin verilməsi çox yaxşı olardı”.
Cia.az