|
ABŞ diplomatlarından Azərbaycana Qarabağ dəstəyi

Minsk Qrupunun indiki və keçmiş həmsədrlərindən erməniləri məyus edən açıqlamalar gəldi; rəsmi Moskva və Paris isə hələ ki susur... 

Erməni işğalçı qüvvələri Azərbaycan ərazisində daha bir qanunsuz seçki keçirməyə hazırlaşır. Bu dəfə - sentyabrın 13-də separatçı rejimin “özünüidarə orqanları”na “seçkilər” keçirmək nəzərdə tutulub. Şübhə yox ki, burada əsas hədəf guya “DQR” adında saxta qurumun mövcud olduğunu və onun normal dövlətlərə xas bütün atributları daşıdığını dünyaya nümayiş etdirməkdir.

Ancaq 20 ildir çoxdur seçki tamaşaları davam eləsə də, ermənilər istəklərinə çata bilmirlər. Sadə səbəbə: çünki dünya belə bir qurumu tanımır, tanımağa hazırlaşmır və “seçkilərin” arxasındakı gerçək niyyətdən də yetərincə yaxşı xəbərdardır. O da çoxdan bəllidir ki, “DQR” adlanan qondarma dövlətin büdcəsini hər il Ermənistan və bir də erməni lobbist təşkilatları, varlı ermənilər müəyyən edir və ödəyir.
 
Separatçı rejimin hərbi mövcudluğu isə müstəsna olaraq Ermənistan silahlı qüvvələrinin hesabına təmin olunur. İrəvanın özü də fərqindədir ki, Dağlıq Qarabağda hansısa ikinci “müstəqil erməni dövləti” mövcud deyil. Yoxsa onu ilk növbədə Ermənistan tanıyardı - hərgah, Rusiyanın marioneti və forpostu olan işğalçı ölkənin özü də bu gün uzaqbaşı, 30% müstəqildir.
 
***
“ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, buna görə də Vaşinqton qondarma ”seçkilər"in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsirini qəbul etmir". Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Azernews” qəzetinə müsahibəsində deyib.
 
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması haqqında sualı cavablandıran həmsədr qanunsuz seçkilərin ziyanı kontekstində bildirib ki, tərəflərə gərginliyi azaltmaq və atəşkəs rejiminə ciddi riayət etmək çağırışları ilə müraciət olunub: “Həmçinin atəşkəs rejimini gücləndirən və nizamlanmaya gətirib çıxaracaq danışıqlar üçün daha əlverişli şərait yaradan etimadın möhkəmləndirilməsi üzrə tədbirlər təklif etməyi davam etdiririk”.

Onun sözlərinə görə, həmsədrlər sentyabrda BMT Baş Assambleyası çərçivəsində münaqişə tərəflərinin xarici işlər nazirləri ilə görüşlər keçirəcəklər: “Biz nazirlərlə bu il prezidentlərin növbəti görüşünün mümkünlüyünü müzakirə edəcəyik”. Uorlik əlavə edib ki, vasitəçilər payızda regiona səfər etməyi planlaşdırırlar.
 
Lakin amerikalı vasitəçi anlayır ki, Azərbaycan ərazisində istənilən adda qanunsuz seçkilər nizamlama prosesinə yalnız zərbə vurur və sülhün əldə edilməsini əlçatmaz, yüksək səviyyədə danışıqları mənasız edir. Eyni zamanda müharibə risklərini artırır. Növbəti seçki oyunu da sözsüz ki, ən əvvəl buna - konfliktin tezliklə həllində maraqlı olmayan qüvvələrin maraqlarına xidmət edir.
 
***
“Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz hissəsidir və ona görə də orada işğalçı rejim tərəfindən keçirilən, heç kim tərəfindən tanınmayan ”seçkilər" legitim və hüququ qüvvəyə malik ola bilməz". Bu sözləri isə Minsk Qrupunun sabiq amerikalı həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri, Tallindəki Beynəlxalq Müdafiə Tədqiqatları Mərkzəinin direktoru Metyu Brayza “Vestnik Kavkaza” nəşrinə müsahibəsində deyib.
 
“Dünyanın heç bir ölkəsi, hətta Ermənistan Dağlıq Qarabağın suverenliyini tanımır. Bundan əlavə, beynəlxalq hüquq normalarına uyğun olaraq, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır. Deməli, 13 sentyabr ”seçkiləri" legitim kimi tanınmayacaq və hüququ qüvvəyə malik olmayacaq  - ki, bu yolla Dağlıq Qarabağın suverenliyinin tanınmasına və ya onun Azərbaycandan müstəqilliyinin  tanınmasına yardımçı olsun" - qeyd edib sabiq səfir.
 
Brayzanın sözlərinə görə, əgər “Madrid prinsipləri”nin müddəalarına uyğun surətdə konfliktin nizamlanmasının baza prinsipləri qəbul edilərsə, o zaman Dağlıq Qarabağ sakinləri özlərinin hakimiyyət təmsilçilərini seçməyin qanuni hüququnu əldə eləmiş olacaqlar. “Bunu hətta regionun yekun statusu dədiqləşməzdən öncə qazana bilərlər. Bütün tərəflər üçün ən yaxşısı o olardı ki, mübahisəli seçkilərdənsə, əsas prinsiplərin razılaşdırılmasına  diqqət yönəldiləydi” - əlavə edib keçmiş həmsədr. 
 
***
Lakin təəssüflər olsun ki, işğalçı tərəf üçüncü on illikdir ikinci erməni dövləti illüziyaları ilə yaşayır. Bununla da həm özlərinin yeganə dövlətinin iqtisadi-siyasi bataqlıqda qalmasını təmin edir, həm də böyük güclərin, ələlxüsus Rusiyanın əlində Azərbaycan və Ermənistana qarşı  şantaj və təzyiq vasitəsi olmaqla bölgənin inkişafını ləngidirlər.
 
Etnik təmizləmə aparılmış Azərbaycan torpaqlarında saxta, qanunsuz və qeyri-legitim seçkilər heç vaxt tanınmayacaq. Bunu ermənilər nə qədər tez anlasalar və dayandırsalar, bir o qədər özləri üçün də, bölgə üçün yaxşı olar və müharibə ehtimalı azalar.

Maraqlıdır ki, hələlik Minsk Qrupunun digər iki həmsədr ölkəsi - Rusiya və Fransa Dağlıq Qarabağda gözlənilən növbəti “seçki” tamaşasına reaksiya verməyib. Yəqin ki, yenə şablon, ikibaşlı bir bəyanatın şahidi olacağıq.
Cia.az