Rəşad Məcid seçkilərlə bağlı son qərarını verməsə də, hücuma keçib
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin parlament seçkilərinə namizədlərlə bağlı verdiyi son açıqlamalar mediada müzakirə mövzusuna çevrilib. Baş yazar bildirib ki, Milli Məclisində (MM) çoxsaylı dövlət şirkəti rəhbərləri, ali məktəb rektorları və iş adamlarının mövcud olması qanunla qadağandır. Onun fikrincə, bu cür hallara son qoyulmalıdır. Baş yazar bu statusda olan adamların seçkilərə qatılmasını arzuedilən saymayıb.
R.Məcid daha öncə Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Bölməsinin baş məsləhətçisi Riçard Lapp və məsləhətçi Radiovoe Qruiçinin Azərbaycanın bir qrup KİV rəhbəri ilə görüşündə də bu məsələni qaldırmışdı.
Həmin görüşdə R.Məcid Seçki Məcəlləsinin 14-cü, Azərbaycan Konstitusiyasının 85 və 89-cu maddələrinə istinad edərək, sözügedən sənədlərin dövlət orqanlarında vəzifə tutan və ödənişli əsaslarla çalışan, kommersiya və sahibkarlıqla məşğul olan şəxslərin deputat olmasını qadağan etdiyini xatırlatmışdı.
Seçkilərə start verildiyi bu günlərdə R.Məcidin yenidən bu məsələni gündəmə gətirməsi yeni müzakirələrə səbəb oldu. “Yeni Müsavat”a açıqlamasında baş yazar dedi ki, bu barədə fikirlərini bir neçə dəfə səsləndirib. ATƏT təmsilçiləri ilə görüşündə dediklərini yada salan R.Məcid həmin vaxt müzakirələrdə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun da iştirak etdiyini və dediklərindən sonra fokusun onun üzərinə yönləndirildiyini dedi:
“Bəxtiyar müəllimə dedilər ki, sən həm redaktorsan, həm millət vəkili. Mən orda da dedim ki, əslində qəzet redaktorluğu kiçik, adi bir haldır. Amma bizdə konstitusiya və Seçki Məcəlləsi var. Dövlət qurumlarının rəhbərləri, rektorlar, bizneslə məşğul olan şəxslərin parlamentdə təmsil olunması qanunla qadağandır. İlyarım bundan əvvəl demişdim bu sözü. Həmin vaxt Mətbuat Şurasındakı həmkarlarım zarafatla dedilər ki, Rəşad bunları deməklə özünə parlamentdə yer boşaldır. Amma bu zarafatın içində də bir həqiqət vardı. Mən o düşüncədəyəm ki, qanunvericilik fəaliyyəti ilə məşğul olan şəxslər digər vəzifə tutmamalı, yalnız pedaqoji fəaliyyətlə məşğul olmalıdılar”.
R.Məcid dedi ki, bu sırada daha çox ARDNŞ prezidenti Rövnəq Abdullayev görünür. Belə ki, onun millət vəkili kimi fəaliyyəti çox minimaldır: “Seçicilərinə müəyyən maddi köməkliklər göstərə bilər. Amma qanun yaradıcılığında və digər məsələlərdə onun vaxtı yoxdur ki, millət vəkili fəaliyyəti ilə məşğul olsun. Belə geniş fəaliyyəti olan insanların parlamentdə yer alması hüquqi və mənəvi baxımdan doğru deyil. Onun o qədər işi var ki, deputat kimi effektiv fəaliyyət göstərməsi mümkün deyil. Üstəgəl, qanunvericilik fəaliyyəti də sıfırdır. Şirkət rəhbərləri də həmçinin. Dövlət şirkəti rəhbərlərindən Cavid Qurbanovun adını da bu sırada çəkmək mümkündür. Eləcə də biznes fəaliyyəti ilə məşğul olan şəxsləri”.
Müsahibimizdən yaxınlaşmaqda olan parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı soruşduq. Xatırlatdı ki, daha öncəki seçkilərdə Ağcabədidən namizədliyi qeydə alınıb və uğurlu təbliğat kampaniyası aparıb: “O zaman iqtidardan olanlar dedilər ki, bu günə qədər bu cür təbliğat aparılmayıb. 2000-ci ildə 35 yaşında daha gənc idim və diqqətçəkən təbliğat apardım. Sonra da alınmadı. 2005-də də namizədliyimi vermişdim, geri götürdüm. O ki qaldı budəfəki seçkiyə, elə də ürəyim axmır ki, millət vəkili olum. Əslində mən 2000-ci ildə deputat olmalıydım. İndi isə elə bir təşnə arzum yoxdur”.
R.Məcid hazırda prosesləri müşahidə etdiyini dedi. Müsahibimiz hansısa bir məqamda Ağcabədidən namizədliyini irəli sürəcəyini də istisna etmədi. Onun sözlərinə görə, normal mühit, şərait olsa namizədliyini irəli sürəcək: “Ağcabədidə çoxları elə bilir ki, mən millət vəkiliyəm. Deyirlər, biz sizi deputatımız kimi görürük. Hətta problemləri olanda da mənə müraciət edirlər. Amma hələ ki, son qərarımı verməmişəm”.
R.Məcid katibi olduğu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın bu il seçkilərdə namizədliyini irəli sürmək fikri olmadığını bildirdi.
Cia.az
