Sentyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İcra hakimiyyətinə qadın başçının təyin olunması ictimaiyyət arasında maraqla qarşılanıb. Sovet dönəmində dövlət katibi, müasir tarixdə isə komitə sədrləri, deputatlar səviyyəsində qadın təmsilçiləri tanımışıq. Müstəqillik illərində də az-az belə hallara rast gəlinib. Amma son illərdə nə nazir, nə də icra başçısı vəzifəsinə qadınlar təyin edilməyib.
Bunu Azərbaycanın idarəetməsində yeni bir dalğa hesab etmək olarmı? Bundan sonra qadınların gücü hakimiyyətdə özünü göstərəcəkmi?
Müxalifətdəki xanımların bu təyinatla bağlı fikirləri də maraqlıdır. Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı dedi ki, bir qadın olaraq bu təyinatı təqdir edir. Belə ki, ölkəmizdə istər qanunvericilik, istər idarəçilik orqanlarında qadınlarının sayının çox olması cəmiyyətə fayda verə bilər. Onun sözlərinə görə, qadınların düşüncə tərzi, təhlil qabiliyyət və əzmkarlığı kişilərdən fərqlidir: “Uzun illərin təcrübəsindən də məlum olduğu kini, qadınlar öz fəaliyyətləri ilə dövlətlərinə xeyir gətiriblər. Azərbaycanda da bu tendensiyanın özünü göstərməsi təqdirəlayiq haldır. Çünki burda da qadınlar yüksək səviyyədə təmsil olunmağa layiqdirlər”.
Konkret İ.Gülməmmədova ilə bağlı situasiyaya gəlincə, müsahibimiz yeni icra başçısından çox şey gözləmədiyini bildirdi. Dedi ki, mövcud idarəçilik qaydası dəyişməyincə, ortaya qeyri-adi heç nə qoymaq da mümkün deyil: “Amma yenə də adına müvafiq olaraq iradə nümayiş etdirib, ortaya müsbət işlər qoyacağına ümid etmək istəyirəm. Konkret qadınların ön plana çıxarılmasına gəlincə, bunun təkcə Azərbaycanda belə olduğunu demək olmaz. Dünya siyasətində də, cəmiyyətdə də qadınlara çox yer verilir. Çox güman ki, Azərbaycan da bu tendensiyadan kənarda qalmaq istəməyib”.
AzNews.az saytı isə məsələnin aktuallığını nəzərə alaraq İradə Gülməmmədova haqda bəzi məlumatlar əldə edib.
Həmin məlumatları təqdim edirik:
İradə Gülməmmədova Şuşada ziyalı ailəsində anadan olub. O, Şuşanın 4 nömrəli orta məktəbini bitirib. Ailədə 5 uşaq - 3 bacı, 2 qardaş olublar. Qardaşları Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
Tibb Universitetini bitirən İradə Gülməmmədova Abşeron Rayon Uşaq Poliklinikasında pediatr, daha sonra isə baş həkim işləyib. Bir müddətdən sonra isə Abşeron Rayonu Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
İradə Gülməmmədova 10 ilə yaxındır ki, Abşeron Rayon İcra Hakimiyyətində çalışır. O, öncə icra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsində işləyib. Daha sonra həmin şöbə üzrə başçının müavini vəzifəsinə qədər yüksəlib.
Cia.az
