|
Qərblə münasibətlərdə yeni qırılma nöqtəsi -

Dövlət Departamentinin L.Yunus və X.İsmayılla bağlı kampaniyaya başlaması rəsmi Bakıya nə vəd edir? 

Hüquq müdafiəçisi Leyla Yunus və araşdırmaçı jurnalist Xədicə İsmayıla verilən ağır cəzalar Avropa ölkələri tərəfindən birmənalı qarşılanmadı. Qərarın ardından xarici təşkilatların kəskin bəyanatları səsləndi. Hər bəyanatda Azərbaycan hakimiyyətinə açıq şəkildə etiraz notları hiss olunurdu.

Xüsusilə bəyanatlarda ABŞ təşkilatları daha fəal göründü. Hökmdən sonra Dövlət Departamentinin dünyanın müxtəlif ölkələrində həbsdə olan 20 qadınının azadlığa buraxılması üçün kampaniyaya başlaması, siyahıda L.Yunus və X.İsmayılın da adlarının olması bir çox mətləblərdən xəbər verir.
 
Bəzi ekspertlər hesab edirlər ki, seçkilər ərəfəsində Azərbaycan və Qərb arasında əvvəllər də yaxşı olmayan münasibətlərin daha da kəskinləşməsi müsbət heç nə vəd etmir. Verilən sərt bəyanatların ardınca iqtidar rəsmiləri də məhkəmə qərarlarının siyasiləşdirilməsinə öz kəskin etirazlarını bildiriblər. Hər iki tərəfin açıqlamalarını üstüörtülü şəkildə aparılan “söz savaşı”nı Qərblə münasibətlərdə yeni qırılma nöqtəsi kimi də qəbul etmək olar.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, X.İsmayıla hökm oxunmasının Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər etdiyi günlərə düşməsi təsadüf deyil:“Xədicə İsmayılın adı daim ABŞ, Qərblə bağlanırdı. Ona görə də, hökm verilməsinin Sergey Lavrovun səfəri ilə üst-üstə düşməsini təsadüf hesab etmirəm. Azərbaycan hakimiyyəti konkret mesaj verir ki, Rusiyaya doğru gedir. Azərbaycan xarici kursunu müəyyənləşdirib. Bundan sonra Azərbaycan və Qərb arasında münasibətlərin hansı səviyyədə olması rəsmi Bakı üçün heç bir əhəmiyyət kəsb etmir. Dövlət Departamentinin siyasi məhbuslarla bağlı başlatdığı kampaniya ciddi qəbul olunmalıdır. Burada söhbət konkret insan hüquqlarını müdafiə edən təşkilatlardan yox, ABŞ-ın yüksək dövlət qurumlarından gedir. Siyahıda adı olan ölkələrə qarşı ABŞ-ın siyasəti birmənalı olacaq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycana seçkiləri müşahidə etmək üçün göndərəcəyi üzvlərinin sayını azaltması təsadüf sayılmamalıdır. Çünki rəsmi Bakı seçkilərin necə keçəcəyini ehtimal edir. Reaksiyanın necə olacağı da sirr deyil. Bu baxımdan yaxın zamanlarda Qərblə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi istisna olunmur. Hətta bu gərginləşmə artan xətt üzrə gedə bilər”.
 
Ə.Oruclu bəyanatların hər zaman verildiyini də qeyd etdi: “Bəyanatlar ciddi addım deyil. BMT-nin ABŞ-dakı nümayəndəsi Samanta Pauerin bəyanatını ciddi saymaq olar. İkinci isə Dövlət Departamentinin başlatdığı kampaniyadır. Bu rəsmi Bakıya ciddi mesajlardır. Münasibətlərin yenidən  pisləşməsi təkcə siyasi məhbuslarla bağlı deyil. Hesab edirəm ki, indiki vəziyyətdə bu şəkildə xarici siyasət seçmək yanlışdır. Çünki bir tərəfi seçəndə əks tərəfdən hər cür təzyiqlər olur. Münasibətlərin bu şəkildə pisləşməsinin hər iki qadın məhbusuna heç bir müsbət mənada təsiri olmayacaq. Bəyanat, çağırışlar mənasızdır. Xatırladım ki, Emin Milli və Adnan Hacızadə həbsdə olanda, Azərbaycan prezidentinə dəfələrlə ABŞ-ın dövlət katibi Hillari Klinton, hətta Barak Obama müraciət etmişdi. Amma nəticəsi olmadı”.
Cia.az