Respublikaçı Alternativ Hərəkatı (REAL) 1 noyabr parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirib. REAL seçkilərə 17 namizədlə qatılacaq. Hərəkatın icra katibi Natiq Cəfərli sentyabrın 2-də keçirilən mətbuat konfransında bu barədə bildirib. O qeyd edib ki, REAL-ın əsas məqsədi seçkilərdə iştirak etmək və bu fürsətdən istifadə edərək insanlarla təmas qurub ölkədəki problemləri cəmiyyətin diqqətinə çatdırmaqdır.
REAL-ın seçkidə iştirak edəcək namizədləri bunlardır: Natiq Cəfərli, Erkin Qədirli, Xalid Bağırov, Azər Qasımlı, Zöhrab İsmayıl, Cəsur Məmmədov, Vəfa Rüstəm, Mübariz Rəhimli, Şadiman İsmayılov, Hafiz Babalı, Ramil Süleymanov, Kənan Məkanlı, Rafiq Muradov, Hacıbala Bayramov, Azay Vəlixanov, Əlayif Həsənov və Mikayıl Talıbov.
Həmçinin, REAL “D-18" Hərəkatının sədri Ruslan İzzətlinin 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini dəstəkləyəcək. REAL Hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədovun namizədliyi isə irəli sürülməyib.
Hərəkatın mətbuat üçün açıqlamasında isə bildirilib ki, hərəkat bir çox səbəblərdən parlament seçkilərində iştirak barədə qərar verib. Hərəkat üç əsas səbəb göstərib: sistemin çöküşə doğru getməsi, mədəni düşüş və nəsil borcu.
Həmçinin, bildirilir ki, ölkəmizdə son illər ərzində getmiş proseslər, baş vermiş hadisələrnəticəsində siyasi mövzuların açılması, müzakirələrin aparılması, qərarların qəbulu və icrası, eləcə də etirazların ifadəsi sahəsində ciddi mədəni düşüş var: “İctimai ünsiyyət fürsətlərinin təsirli dərəcədə qapadıldığı şəraitdə təhsil, elm, incəsənət kimi sahələr bir yana, siyasi səhnədə də mədəni örnəklərin azlığı təhlükəli hal alıb. ‘Hüququn üstünlüyü’ prinsipinin işləmədiyi şəraitdə siyasi mədəniyyətin formalaşması üçün, siyasi oyunçuların müzakirə səviyyəsini öz təşəbbüslərilə yüksəltmək borcu var. Bunun üçün siyasi hədəflər aydın göstərilməli, təməl əsaslandırma verilməli, ”qırmızı cizgilər" çəkilməlidir. REAL Hərəkatı bu seçkilərə həm də bunun örnəyini göstərmək üçün gedir".
Açıqlamada qeyd edilir ki, ölkədə gedən ən müsbət və qarşısıalınmaz proses- nəsil dəyişimidir: “70-ci və 80-ci illərdə doğulmuş nəsil yavaş-yavaş dominant olmağa başlayır və bu təbii prosesdir. Ölkədə siyasi dəyişikliyin təsisatlanmış formaları olmadığına görə, nəsil dəyişiminin siyasi önəmi üzə çıxır. REAL Hərəkatı siyasi səhnədə yeni nəsli təmsil etmək, onun maraq və qayğılarını ifadə etmək borcunu qürurla öz üzərinə götürür”.
Cia.az
