|
Baş nazirin “istefası” xəbərinə rəsmi reaksiya

Akif Əli: “Heç olmasa bir az utansınlar”

Sentyabrın 1-də baş nazir Artur Rəsizadənin istefaya getdiyi barədə xəbər sosial şəbəkələrdə və xəbər saytlarında əsas mövzulardan biri oldu. Yayılan xəbərlərə hər hansı dairələrdən rəsmi münasibət öyrənmək mümkün olmasa da, günün sonunda yalnız o məlum oldu ki, əslində A.Rəsizadənin başçılığı ilə Nazirlər Kabinetinin iclası keçirilib və dövlət büdcəsi müzakirə olunub.

Yeri gəlmişkən, bir həftə öncə Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli qəzetimizə müsahibəsində Artur Rəsizadənin tam sağlam olduğunu deyərək onun vəzifəsindən uzaqlaşmaq niyyətində olmadığını demişdi. Elə isə A.Rəsizadənin guya səhhətinə görə işdən uzaqlaşdığı barədə yayılan xəbərin mənası nə idi, ümumən bu ajiotaj hardan yarandı, onun səbəbləri nə imiş?

Bu suallarla Nazirlər Kabinetinin mətbuat katibi Akif Əliyə müraciət etdik. Suallara cavabında Akif müəllim dedi ki, bunun səbəbi onun özünə də məlum deyil: “Həmin vaxt mən iclasda olmuşam və bütün bunlardan sonra xəbər tutdum. Həmin vaxt mənə mətbuatdan 256 zəng gəlmişdi. (gülür) Amma istefa söhbətini kim, niyə yaymışdı, mənə bəlli deyil. Sizə keçən dəfə də demişdim, belə xəbərləri yayarkən kiminsə müəyyən məqsədləri olur. Amma hər halda həmən adamlar sonradan, məsələnin onların yazdığı kimi olmadığını görəndə heç olmasa bir az utansınlar”.
 

Eyni gündə icra başçılarının yeni təyinatı ilə bağlı da xəbərlərin yayıldığını, hətta onlardan birinin baş nazir gətiriləcəyi haqda deyilənlərin əvəzində A.Əli bunları bildirdi: “Gördüyünüz kimi, yazıldığı kimi olmadı. Yaxşı bir rus məsəli var: ”Slışal zvon, no ne znayu qde on". (“Səs eşidirəm, amma bilmirəm hardan gəlir”) Bunlar da (bu barədə xəbər yayanları nəzərdə tutur-E.P.) bəzi adlar eşidiblər, ancaq özləri üçün Ştirlis kimi özüləri üçün versiyalar hazırlayıblar, lakin bunlar yanlış versiya olub. Səs eşidiblər, lakin bilməyiblər həmin səs hardan gəlir".
 
A.Əli əlavə etdi ki, baş nazirin adı ətrafında yaşanan “ajiotaj”dan əslində hökumətin hər hansı məlumatı olmayıb: “Həmin gün hökumət öz işindəydi və çox ciddi bir iclas keçirildi, 2016-cı ilin dövlət büdcəsi müzakirə olundu. Sonradan ”ajiotaj" olduğunu mənə gələn telefon zənglərindən, yazışmalardan, işçilərimə zəng edib məni soruşmalarından bilmişəm. Başqa bir ajiotaj olmayıb, hökumət öz ritmində öz işini davam etdirib. Bu ajiotaj sadəcə mətbuatda, sosial mediada ola bilər. Hökumət gündəlik işi ilə məşğul olub, ölkənin taleyi üçün çox əhəmiyyətli iclasını keçirib, çox ciddi müzakirələr olub. Yekunda da cənab prezidentə sənədlərin təqdim olunması üçün qərar qəbul edilib".

Xidmət rəhbəri 2016-cı ilin dövlət büdcəsinin 6 milyard manat azaldılacağı barədə yayılan xəbərə reaksiyasında dedi ki, onda bununla bağlı rəqəmlər yoxdur: “Onu yəqin ki, yekunda biləcəyik”. 
 
Elə fürsət düşmüşkən, hökumət rəsmisindən sabiq maliyyə naziri Saleh Məmmədovun anti-böhran tədbirləri barədə “Yeni Müsavat”da dərc olunmuş təkliflərinə münasibət soruşduq. Maraqlıdır, hökumət maliyyəçi ekspertin təkliflərini dəyərləndiribmi? A.Əli bu təklifləri mətbuatda gördüyünü vurğuladı: “Ancaq bu barədə dəqiq məlumatım yoxdur. Bəlkə kimsə onu oxuyub öyrənir, hardasa nəzərə alır, ancaq mən bununla bağlı məlumatlı deyiləm”.
Cia.az