|
Eyni işi görən azərbaycanlıya 300, əcnəbiyə 3000 min dollar...
Ötən həftələr "Bizim Yol" qəzetində "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ümumi yığıncağından yazmış, səhmdarlara verilən müəssisənin illik hesabatını təhlil etmişdik. Hesabatda bəzi rəqəmlərin şişirdildiyi göz qabağında idi, ziddiyyətli məqamlar da xeyliydi. Redaksiyamıza müraciət edən Cəbrayıl rayonundan məcburi köçkün Yasin Qarayev "CTS"-də yataqxana xidmətçisi işləyib, ixtisasca rabitəçi olan o, dediyinə görə, fəhlə kimi bütün işləri görüb. Keçən ay ərizəsi ilə işdən çıxıb. Ərizəsini başqaları kimi "öz xahişi" əsasında yazmayıb, onu iş yerində səbəbsiz yerə mütəmadi incitdikləri səbəbindən bu addımı atdığını qeyd edib. Y.Qarayev redaksiyaya özəl tibb müəssisələrindən birinin verdiyi arayışı təqdim edib. Arayışda onun həmin mərkəzdə müalicə aldığı, xroniki qastrid və isterik nevroz diaqnozu qoyulduğu, odur ki, səhhətinin işləməsinə imkan vermədiyi qeyd edilir.   
 
Y.Qarayev bildirir ki, müəssisədə baş direktor səlahiyyətlərini icra edən Tural İsmayılov və "CTS"in 51 faizlə səhm-nəzarət paketi sahibi "Tekfen İnternational Finance & İnvestments S.A." şirkətinin təmsilçisi Turqay Çabaların qardaşı oğlu Ercan Çabalar tərəfindən psixoloji təzyiqlərə məruz qalıb, iki ay boyunca səhər və nahar yeməklərinə buraxılmayıb, daim ac və stresli şəraitdə işlədiyinə görə səhhətində problemlər yaranıb: "Müəssisədə iki nəfər dava eləmişdi, məni onların münaqişəsinə qarışdırırdılar. Ercan Çabalar Orxanla məni çağırıb "işləyə bilmirsiz", dedi. Necə olur ki, mən iki il işimin öhdəsindən gəlmişəm, indi bacarmıram? Bəhanə idi, yerimə başqasını götürmək üçün də məni sıxışdırırdı. Müqaviləmi pozmaq istəsə də, qanuni əsas tapa bilmirdi, odur ki, "orda oturma, burda dur, onu elə, bunu eləmə"lərlə mənə qarşı diskriminasiyaya başladı. Evdən saat 6-da çıxırdım, məni səhər və günorta yeməyinə buraxmırdı. Həkimin qoyduğu isterik nevroz diaqnozu ilə bağlı müalicə zamanı qəbul etdiyim psixotrop dərmanlar işimi davam etdirməyə imkan vermirdi. Ercan Çabaların briqadir olduğunu deyirdilər, İsmayılovun müavini kimi də qələmə verirdilər, amma ofisdə faktiki rəhbərliyi "Tekfen" şefi Turqay bəydən sonra o edir. Bu ilin iyun ayının 12-də Tural İsmayılov və baş mühasib Piyalə Mahmudovaya ərizə ilə müraciət etdim, işdən çıxma səbəbini də göstərdim. Bu məzmunda ərizəmi qəbul etmədilər, onu dəyişib, öz xahişimlə çıxmağımı tələb etdilər. Əks halda əmək kitabçama maddə tətbiq edəcəkləri, yararsız işçi kimi çıxaracaqları ilə hədələdilər. Həkim diaqnozuna məhəl qoymadan məcburi işə başlatdılar. Yuxarıda adlarını çəkdiyim şəxslər münaqişəni mümkün qədər ört-basdır edirdilər, bununla belə mənə təzyiqlər də səngimirdi".
 
Y.Qarayev ərizəsinə "müqaviləmə xitam verməyinizi xahiş edirəm" cümləsini yazdıqdan sonra işdən çıxıb, amma iddiasına görə, artıq işlədiyi saatların pulunu ala bilməyib, bu isə dediyinə görə təxminən 3 min manata yaxın bir vəsaitdir: "2013-cü ilin may ayından 385 manat əməkhaqqı ilə müəssisədə işə götürülmüşəm. Əmək müqaviləmdə 5 günlük iş rejiminə qol çəkmişəm, amma müqavilənin bir nüsxəsi mənə verilməmişdi. Su daşımaqdan tutmuş, zibil atmağa qədər kampda bütün işləri görürdüm". 
 
Y.Qarayevin redaksiyaya təqdim etdiyi iki eyni əmək müqaviləsində fərqli nüanslar var. 17 mart 2013-cü ildə bağlanan müqavilənin birində nömrəsi 23 göstərilib, eyni tarixə olan digər müqavilə nömrəsizdir. Sənədin 8-ci "əmək müqaviləsinə dəyişikliklər və əlavələr" maddəsinin 8.2-ci bəndində göstərilir: a) 01.01.2014-cü il tarixli ştat cədvəlinə əsasən əməkhaqqı 464 manat; b) 24.02.2015-ci ildən ştat cədvəlinə əsasən əməkhaqqı 603 manat (01.01.2015-ci ildən nəzərə alınır); c) 18.05.2015-ci il tarixli 30 a saylı əmrə əsasən müqavilə 3 aylıq bağlanır. İyunun 20-də Qarayevə təqdim olunan müqavilədə "a", "b", "c" bəndləri var, iyulun 21-də verilən müqaviləyə əlavə "d" bəndi yazılıb ki, bu bənd digərində əksini tapmır. Həmin bəndə görə "19.06.2015-ci ildən 6 günlük iş həftəsinə keçirildi (əmr N39)", yazılır. 6 günlük iş rejimini beləcə "leqallaşdırıblar". Həmin müddəa sonradan müqavilədə əvvəlki bəndin altına əllə sığışdırılıb, onun üçün əlavə sahə yoxdur. Bu isə həmin sənədin həqiqiliyini şübhəyə alır. Bu, Y.Qarayevin işdən çıxma barədə ərizəni yazdığı tarixdən bir həftə sonraya təsadüf edir. Y.Qarayev: "Mən onlardan şikayət edəndə ki, iki il boyunca 5 iş günü üçün bağlanan müqavilənin əksinə 6-cı gün də əvəzi ödənilmədən işləmişəm, sonradan öyrəndim ki, şikayətimə baxan birinci əmək müfəttişi onlara iş saatını azaldıb, günü artırmağı tövsiyə edib". 
Hər iki müqaviləni T.İsmayılov imzalayıb, müəssisənin möhürü də var. Müqavilələrdə Y.Qarayevin də imzası var, ancaq onlardan birinə nə vaxt qol çəkdiyini xatırlamır. Müqavilədə həmin bəndin Qarayevin ərizəsindən sonraya "təsadüf etməsi" də heç təsadüfə oxşamır. Y.Qarayev ona münasibətdə Əmək Məcəlləsinin 75-ci maddəsinin "B" bəndi və 69-cu maddəsinin 1-ci hissəsinin pozulduğunu əsas gətirib, hüquqlarının bərpası xahişi ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadəyə ərizə ilə müraciət edib. Pozulmuş hüquqlarının bərpası üçün ona məhkəməyə müraciət etmək tövsiyə olunub. Onda Y.Qarayev Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Ərizəsində göstərib ki, 17.05.2013-cü ildən 21.07.2015-ci ilədək müqavilədə 5 günlük iş rejimi olduğu halda onu 6 gün işlədiblər, lakin 5 iş günü üçün əməkhaqqı ödənilib. Odur ki, şənbə günlərinin ödənilməyən əməkhaqqının verilməsini tələb edib. Ona dəyən mənəvi-psixoloji ziyanı da 10 min manat dəyərləndirib, ASC rəhbərliyinin cəzalandırılmasını istəyib.
 
Bir haşiyə çıxım ki, bu ildən fəhlənin əməkhaqqının 600 manata qədər qaldırılması mənə səhmdar kimi sərf eləmir. Hələ keçən il maaş 464 manat olub və bizim dinlədiyimiz hesabat 2014-cü il üzrə idi. Burdan baxanda belə görünür ki, gələn il Çabalar bizə 1 milyon manatlıq maaşın hesabatını verəcək. Maraqlıdır ki, əməkhaqqının bu ilin fevralından artdığı göstərilsə də, Yasin yalnız 3-cü ay 651 manat pul alıb, qalanlar 500 manat civarında və ondan aşağıdır. Yasinin ABB-dəki hesabından çıxarışa əsasən 2013-cü il iyunun 6-da 200 manat maaş alıb. İyul ayında məbləğ 496 manat olub. Növbəti ay 368 manat, daha sonra 587 manat, 615 manat, 465 manat, 421 manat, 251 manat, 180 manat, 292 manat və s. fərqli məbləğlər alıb. 2014-cü ilin fevralına qədər maaş bu ardıcıllıqla davam edib, mart ayından əmək haqqı əsasən 400 manat civarında, bəzən də 300 olub, ilin sonuna qədər ardıcıllıq gözlənib. 2015-ci ilin əvvəlindən şikayətçinin maaşı 500-600 manat civarındadır. 1 aprel 2013-cü ildən 2015-ci il iyul ayının 22-nə olan dövr üzrə aldığı ümumi maaş 11593 manat təşkil edib. 28 ay üçün ortalama maaş 414 manatdır. Halbuki, 2014-cü ildən ştat cədvəlinə əsasən əməkhaqqı 464 manat, 2015-ci ildən 603 manatdır. Yasin deyir ki, hələ əməkhaqqından əlavə məzuniyyət pulu da aldığı məbləğə daxildir. Bildirdiyinə görə müəssisədən nə yardım, nə də mükafat görüb, sadəcə quru maaş alıb. Yasin: "Cəmi bir dəfə həkimə getmək üçün 50 manat istəmişəm, onu da maaşımdan çıxıblar. Gündüz müqaviləsinə qol çəkdiyim halda 9 ay gecə işlədim, gündüz təhsil alırdım. Gecə ödənişi yüksək olmalıdır, müqavilə dəyişilməli, gecə rejiminə keçilməli idi". 
Qəzetimizdə müəssisənin bir ildə 837678 manat əməkhaqqına çəkilən xərcləri görəndə təəccüblənib. Bildirir ki, fəhlələrin maaşı onunku qədərdir, yalnız ofis heyəti "deputat maaşı" alır. Ən az maaş mühafizə rəisinindir ki, o da 1700 manatdır.  
 
Y.Qarayev xəbər alıb ki, "Tekfen"in kampda kirayədə qalan fəhlələrinə şirkətdən 2500-3000 dollara qədər maaş verilir. İxtisaslı mühəndislərin əməkhaqqı 5000 dollardan yuxarıdır. Lakin pulu tam olaraq Bakıda almırlar, onun cüzi bir hissəsi - 500 dolları burda verilir, qalanı Türkiyədəki hesablarına oturur. Y.Qarayev: "Gecə klubları, barlar əsasən türklərdən, əcnəbilərdən ibarətdir. Onların qalmağı da, yeməyi də havayıdır, o pulu da onlara xırda xərclik kimi verirlər. Kampda qalan "Tekfen" fəhlələrinin maaşı 2500-3000 dollardan aşağı deyil. Müdirlər də söhbət əsnasında 5000 dollar aldıqlarını deyirdilər. Əməkhaqları "Yapıkredibank" vasitəsilə köçürülür, 500 dollarını burada avans şəklində alır, qalanı da Türkiyədəki hesablarına keçir. Bizimlə işləyən bir türk vardı, eyni işi görürdük, amma o, 3000 dollar aldığını demişdi. İşi də bizimkindən yüngül idi, gələn-gedəni qarşılayırdı. İşçilər narazılıq elədilər ki, "niyə biz 500, o, 3000 alır?" Söz-söhbətin dərdindən Əhmədi "CTS"-dən uzaqlaşdırdılar". 
 
Yasinin bu məlumatında həqiqət payı var. Ozan adlı türk mühəndis 3000 dollar əməkhaqqının cəmi 500-nü Bakıda aldığını, qalanının Türkiyədəki hesabına köçürüldüyünü bildirirdi. Yasin "Tekfen" şefi T.Çabaların qəbulunda olub: "Çabalar İsmayılova dedi ki, "bu insanı razı salın, əməkhaqqını ödəyin, getsin". Soruşdu ki, "qalan borcu hesablamısan, bizdən nə qədər istəyirsən"? Dedim, "mühasibiniz 2013-cü ildən bəri həftənin şənbə günü işlədiklərimin pulunu hesablasın, mən razılaşacam". Sonradan mühasib mənə dedi ki, "o pulu sənə ödəmişik". Amma köçürülən əməkhaqqında həmin məbləğ yoxdur".
 
Yasin deyir, heç bir yerdə günü 20 dollara "CTS"dəki şərait təklif olunmaz, lakin müəssisə bütünlüklə su qiymətinə "Tekfen"in icarəsindədir: "İnanmıram ki, o fəhlələr günü 20 dollara kampda yaşasınlar. Həmin şərait üçün bu pul azdır. Bir öynənin yeməyi ən azından 5-6 dollardır, gündə bu, heç olmasa 15 dollar edər. Səhər, axşam çeşidli yeməklər verilir. Günorta yeməyi sıfırdır, çünki onu azərbaycanlı işçilərə verirlər. Bir dəfə türk fəhlənin qarşısına gündüz yeməyi qoydular, qaytarıb boşqabı qarşısına qoyan oğlanın üstünə fırlatdı, dedi, "mən buraya pul ödəyirəm, xeyir ola bunu mənim qarşıma qoyursan?" Yeməkxana özü ayrıca şirkətdir, "İzmir" adlanır. Müqavilə əsasında müəssisədə işləyirlər. Bu şirkət başqa iri şirkətləri də ödəniş əsasında yeməklə təmin edir. "İzmir" "CTS"-nin ərazisində icarə əsasında oturur, işığının, qazının da pulunu özü ödəyir". Qeyd edim ki, "İzmir"in ASC-də icarə hüququ ilə işlədiyi, yemək haqqının nə qədər olduğu və kimin ödədiyi bizə verilən hesabatda əksini tapmır. 
 
Kampda qalanların sayına gəlincə, müsahibim bu statistikanın da gerçəkliyi əks etdirmədiyi qənaətindədir: "Mən müəssisədə olanda bütün otaqlar full idi, yəni dolu. 800 nəfər qalırdı, indi eşitdiyimə görə 1000-i keçib, "CTS"-dəki işçilər işin çoxluğundan şikayət edirlər. Say 700-ü keçəndə bizdən də gizlədirdilər. Şəxsən mən adi gündə 6-7 dəfə paltar paylayırdım, say 1000 olanda bir dəqiqə oturub dincimizi də ala bilmirdik. Say artanda dərhal hiss olunurdu, məsələn, camaşırxana öz işini çatdırmırdı, təmizliyə verilən paltarları vaxtında qaytara bilmirdilər. Fəhlələr də şikayət edirdilər. Əksəriyyətin müqaviləsi 5 illikdir, odur ki, il boyu davamlı qalanların sayı çoxdur. Müqavilə üzrə 400 nəfər işləməlidir, elə o qədər də adam daim işləyir. Hətta kimsə imtina edib getsə belə, dərhal onu əvəzləyən başqası gəlir".   
Cia.az