Lavrovun Bakıya səfər etdiyi gün Sərkisyan Xankəndinə gəldi; işğalçı rejim Qarabağda “müstəqillik günü”nü qeyd edir, üstəlik, “seçki” oyununa hazırlaşır
Avqustun 31-də Moskvada “Domodedovo” hava limanında saxlanılan rusiyalı iş adamı Qerman Sterliqov bir neçə saatdan sonra sərbəst buraxılıb. Rusiya hakimiyyətinə yaxın telekanallardan birinə müsahibə verən Sterliqov 3 saat müddətində sorğu-suala məruz qaldığını etiraf etsə də, istintaq sirri olduğundan detalları açıqlamayıb.
Azərbaycan və beynəlxalq qanunvericiliyi kobud şəkildə pozaraq ailəsi ilə birlikdə Şuşaya köçən və burada ermənilərin maraqlarına uyğun bir sıra layihələrdə rol alan Sterliqovun saxlanılmasının rəsmi Bakının müraciəti əsasında həyata keçirildiyi barədə məlumatlar var. Düzdür, İnterpol ortada guya siyasi motivlərin olduğunu əsas gətirib iş adamının axtarışını dayandırıb. Lakin fakt budur ki, rusiyalı iş adamı işğal altındakı Azərbaycan ərazilərində məskunlaşaraq burada bir sıra tədbirlər keçirir, üstəlik, Azərbaycanı təhdid edir. Sterliqovun vəkili Artur Ayrapetov bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətdən sonra iş adamı sərbəst buraxılıb.
Azərbaycanın Baş Prokurorluğu rusiyalı iş adamı German Sterliqovun saxlanılması ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2015-ci il 4 iyul tarixində işğal olunmuş ərazilərə daxil olub. (APA). Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 2015-ci il iyulun 13-də Şuşa şəhərində mətbuat konfransı keçirib və özünə məxsus “V Kontakte” sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib, həmçinin qanunsuz biznes fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini də bu işə sövq edib.

G.Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin tərkibi olduğundan fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb və o, dövlətlərarası axtarışa elan edilib. 2015-ci il avqust ayının 31-də saat 17 radələrində German Sterliqov İrəvandan Moskvaya gələrkən Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb və gecə saat 01.00 radələrində Rusiya Federasiyasının ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu German Sterliqovun yuxarıda göstərilən cinayətlərdə təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.
Bu mövzu ilə bağlı digər suallarımızla əlaqədar sorğumuza DİN-in mətbuat xidmətindən cavab olaraq bildirildi ki, rəsmi məlumatda göstəriləndən əlavə hər hansı açıqlama verilməyəcək.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu qənaətdədir ki, G.Sterliqov Azərbaycan qanunlarını kobud şəkildə pozmaqda davam edir: “Mən inanmıram ki, Moskva bu şəxsi Azərbaycana təhvil versin. Sadəcə, rəsmi Bakı ona nail ola bilər ki, Rusiyanın müvafiq orqanları vətəndaşına anlatsınlar ki, onun Dağlıq Qarabağda yaşaması, həyat yoldaşı ilə birgə işğal altındakı torpaqlarda qeyri-qanuni bizneslə məşğul olması iki ölkə arasındakı münasibətlərə xələl gətirir. Aydındır ki, Sterliqov heç bir neçə ay əvvələ qədər Dağlıq Qarabağın harada yerləşdiyini düz-əməlli bilmirdi, oturmuşdu Rusiyanın kəndlərinin birində, heyvandarlıqla məşğul idi. Rusiyadakı erməni lobbisi erməni vəkilin ”məsləhəti" ilə ona Dağlıq Qarabağda yerləşməyi məsləhət görüblər". Ekspert deyir ki, indi əgər Sterliqov bu səhvini anlayıb geri qayıtsa, problem həllini tapacaq: “Yox, əgər həbs və dindirilmədən sonra yenə işğal altındakı torpaqlara qayıtsa, bu, vəziyyəti daha da qəlizləşdirəcək. Rusiyanın güc strukturları Sterliqovu həbsdə saxlamayacaqlar. Ancaq həmin güc strukturları Sterliqovu Qarabağa qayıtmağın fəsadları haqqında xəbərdar etməlidirlər”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfərə gəldiyi gün Ermənistan prezidenti də Azərbaycanın işğal altındakı ərazilərində peyda olub.
Ermənistan KİV-i xəbər verir ki, Sərkisyan sentyabrın 1-2-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın 24 illiyi münasibətilə təşkil edilən tədbirlərdə iştirak edəcək. Düzdür, Ermənistan rəhbərliyinin bu kimi səfərləri artıq adiləşib. Lakin Qarabağ məsələsinin tənzimlənməsi ilə məşğul olduğunu bəyan edən Rusiyanın birinci diplomatının Bakıda olduğu gün işğalçı ölkənin, həm də Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın prezidentinin Xankəndinə gəlməsi bir tərəfdən Moskvaya arxalanmaqdırsa, digər tərəfdən, Rusiyanın özünə qarşı da sayğısızlıqdır. Güman olunur ki, bu məsələ Lavrovun Bakı görüşlərində diqqətdən kənarda qalmayacaq.

Elxan Şahinoğlu hesab edir ki, Bakıya səfər edən Rusiya XİN başçısı Sergey Lavrov da bu məsələyə aydınlıq gətirməli, belə halların təkrarlanmayacağına dair Bakıya zəmanət verməlidir: “Əgər Kreml Azərbaycanı dost dövlət adlandırırsa, buna adekvat addım atmalıdır. Biz hələ onu demirik ki, Kreml erməni işğalçıların girovluğunda saxlanılan vətəndaşını azad etməlidir. Bunlar olmayacaqsa, Lavrovun Bakıya səfərinin heç bir əhəmiyyəti və nəticəsi olmayacaq”.
***
İşğalçi Ermənistan sentyabr ayında daha bir özbaşınalığa imza atmağa hazırlıq görür. Belə ki, separatçılar “bələdiyyə seçkiləri” keçirəcəklərini bəyan ediblər. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində 13 sentyabrda keçirilməsi planlaşdırılan “özünüidarəetmə orqanlarının” seçkisi barədə bəyanat yayıb.
“Qondarma ”seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin və ilhaq niyyətlərinin möhkəmləndirilməsi üçün davamlı addımlar ataraq, Ermənistan silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və əksinə, olaraq, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub" deyə, bəyanatda bildirilir.
Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan XİN-nin Dağlıq Qarabağda keçirilən “seçki”yə verdiyi reaksiya yerindədir: “Biz bu cür hüquq pozuntularına seyrçi qala bilmərik. Beynəlxalq aləm bilməlidir ki, işğal olunan ərazidə seçki keçirmək beynəlxalq hüquqa ziddir. Ona da bilməlidirlər ki, Azərbaycan iki şərtlə yerli seçkilərin lehinədir: birinci şərt odur ki, sülh anlaşması imzalanmalıdır və bölgə idarəetməsinin bütün müddəaları bu sənəddə yer almalıdır. İkinci şərt isə odur ki, sazişin şərtinə görə azərbaycanlılar doğma yerlərinə qayıtmalıdırlar ki, seçkidə iştirak edə bilsinlər. Yoxsa Şuşadan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirəcəksən, sonra da Şuşanın idarəetməsini Xankəndindən təyin olunan erməniyə tapşıracaqsan? Bütün azərbaycanlılar Dağlıq Qarabağa qayıtdıqdan sonra yerli orqanlara seçki keçirmək olar. Çünki yerli orqanlarda hər iki xalqın nümayəndələri təmsil olunmalıdırlar. İndiki ”seçki" isə etnik təmizləmənin nəticəsində irəli gələn təxribatdır. Belə bir seçkini özünə hörmət edən heç bir dövlət qəbul etməz. Bəzən qərbli diplomatlar, o cümlədən həmsədrlər sanki bizə demək istəyirlər ki, “axı separatçı da olsalar əraziləri hansısda yolla idarə etməlidirlər”". E.Şahinoğlu deyir ki, bu arqument də yersizdir: “Birincisi, Dağlıq Qarabağ Ermənistanın nəzarəti altındadırsa, burdakı ”seçki" formal xarakter daşıyır. Sadəcə, Ermənistan “seçki” adıyla beynəlxalq aləmə nümayiş etdirmək istəyir ki, guya Dağlıq Qarabağda müstəqil idarəetmə var və bütün prosesə həmin idarəetmənin başında dayanan şəxslər başçılıq edirlər. Belə isə bu necə “idarəetmədir” ki, büdcəsini də Ermənistan formalaşdırır, ərazini də Ermənistan hərbçiləri qoruyurlar. Düşünürəm ki, bu dəfə Dağlıq Qarabağdakı “seçkiyə” yalnız XİN bəyanatı ilə kifayətlənmək olmaz. İşğalçı qətiyyətimizi də görməlidir. Azərbaycan ordusu “seçki günü” işğalçıya xəbərdarlıq mesajı göndərməlidir və bu, onların keçirəcəyi hər “seçkidə” təkrarlanmalıdır. Digər tərəfdən, elə həmin “seçki günü” Dağlıq Qarabağ azərbaycanlılarının nümayəndələrindən ibarət qrupun iştirakı ilə Avropa paytaxtlarından birində, ən yaxşısı isə AŞ PA və ya Avropa Parlamenti divarları arasında tədbir keçirməyə ehtiyac var. Tədbirin məqsədi o olmalıdır ki, beynəlxalq aləm Dağlıq Qarabağda azərbaycanlı əhalinin iştirak etmədiyi seçkiyə qiymət verməlidir. Bununla avropalılara bir daha xatırladarıq ki, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirilib və biz beynəlxalq aləmdən bu təmizləmənin nəticələrinin ortadan qaldırılmasını tələb edərik".
XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”ın sorğusuna cavabında bildirdi ki, istintaq getdiyi üçün prosesə müdaxilə etməyi düzgün saymır.

Rusiya XİN başçısının Bakı səfərində Sterliqovun Qarabağa qanunsuz səfəri, Qarabağ məsələsinin tənzimlənməsi və digər mövzuların müzakirə predmeti olub-olmayacağına gəldikdə, H.Hacıyev bunları söylədi: “Lavrovun səfərində ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən də Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi müzakirə olunacaq. Lavrovun səfəri əldə olunmuş razılıq əsasında həyata keçirilir və işçi xarakter daşıyır”. XİN təmsilçisi sualımıza cavabında Lavrovun Bakıya səfər etdiyi gün S.Sərkisyanın işğal olunmuş ərazilərimizə gəlməsi arasında birbaşa əlaqə görmədiklərini də vurğuladı: “Sərkisyanın işğal olunan Azərbaycan ərazilərinə səfəri bir daha onun təsbitidir ki, Azərbaycan Respublikası ərazilərinin işğalına görə bilavasitə məsuliyyət daşıyan tərəf Ermənistan Respublikasıdır”.
Diplomat qeyd etdi ki, Qarabağ separatçıları “yerli özünüidarələrə seçkiləri” 13 sentyabr tarixində keçirməyi planlaşdırır. Rəsmi Bakı bu “seçkilər”də “müşahidəçi” kimi iştirak etmək istəyənlərə də xəbərdarlıq etdi: “Özünü ”müşahidəçi" adlandıran şəxslər təbii ki, burada iştirak edə bilər. Lakin müşahidəçilik institutları ikitərəfli və çoxtərəfli əsasda müəyyən edilmiş hüquqi və siyasi mexanizmlər əsasında həyata keçirilir. Ona görə də kimsə bu seçkilərdə müşahidə statusunda iştirak edəcəksə, bu, ancaq özü-özünü “müşahidəçi” adlandırmaqdan başqa bir şey deyil. Bundan əvvəlki hallar, qondarma “seçkilər” də göstərdi ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində keçirdiyi bu seçkilər beynəlxalq ictimaiyyət tərəfindən legitim hesab edilməyib və onun nəticələri tanınmayıb".
Cia.az
