Sentyabrın 1-də ölkənin elektron KİV-lərində bir-birindən ilginc iddialar yayılıb. Əvvəl prezident İlham Əliyevin hökumətin təcili iclasını keçirdiyi barədə xəbər verilib. Xəbərdə iddia olunurdu ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin təcili iclası keçirilir. Hökumətdəki məlumatlı mənbələrə istinadən verilən xəbərlərdə prezidentin hökumət üzvləri ilə ölkədəki iqtisadi vəziyyəti müzakirə etdiyi bildirilirdi. Hətta iclasda maliyyə naziri Samir Şərifovun, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və digər hökumət üzvlərinin məruzə ilə çıxış edəcəyi deyilirdi.
Maraqlısı da bundan sonra baş verib. Müxtəlif mənbələrdən mediaya ötürülən məlumatlarda iddia olunurdu ki, hökumətin təcili iclasının çağırılması baş nazir Artur Rasizadənin istefaya getməsi ilə bağlıdır. Hətta Rasizadənin “gözlərindəki problemlə bağlı” istefa vermək istədiyi bildirilirdi.
“Yeni Müsavat” xəbəri dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə danışmağa cəhd edib. Müxbirimizə deyilib ki, A.Əli hazırda iclasdadır və sonra əlaqə saxlasın. Amma mətbuat xidmətinin hansı iclasda olduğu deyilməyib.

Yalnız günün sonuna yaxın məlum olub ki, müşavirə prezidentin deyil, “istefaya göndərilən” baş nazir Artur Rasizadənin sədrliyi ilə keçirilib. Toplantıda Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
İclası giriş sözü ilə açan baş nazir bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosialyönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.
Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.
***
Diqqətçəkən budur ki, gün ərzində saytlar müxtəlif təyinatlar haqda da məlumatlar yayılıb. Məsələn, bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub. Sumqayıtın hazırkı icra başçısı Eldar Əzizov vəzifəsindən azad edilib və bəzi məlumatlara görə, o da Bakının Nizami rayonuna başçı təyin edilib. Musavat.com-in əməkdaşının Abşeron RİH-dən aldığı məlumata görə, Z.Fərəcovun yeni vəzifəyə təyin olunması barədə xəbər onlarda da var, ancaq başçı işdə olmadığından hər hansı bir təsdiqedici informasiyaya malik deyillər. Sayt əməkdaşı Z.Fərəcovun mobil telefonuna zəng etsə də, məlum olub ki, onun telefon bağlıdır.
Günün sonunda “Yeni Müsavat” hakimiyyət yaxın bir mənbə Z.Fərəcovun Sumqayıta icra başçısı təyin edildiyi barədə yayılan xəbərlərin gerçəyi əks etdirdiyini söyləyib.
Ümumilikdə isə “Bilik günü” kimi tarixə düşən 1 sentyabrı bu dəfə ilginc şayiələrinə nəzərən aprelə də bənzətmək olardı...
Cia.az
