Son günlər dünya miqyasında baş verən ən səs-küylü qətl heç şübhəsiz ki, Amerikanın Virciniya ştatında canlı yayım zamanı jurnalist və fotomüxbirin öldürülməsi idi. Xatırladaq ki, hadisə canlı yayım zamanı baş verib. Belə ki, 24 yaşlı jurnalist Alison Parker və 27 yaşlı fotoqraf Adam Vardı “Bridgewater Plaza”da müsahibə alırmış. Bir anda silah səsləri eşidilib. Bundan sonra jurnalist qışqırmağa başlayır və görüntülərdən də bəlli olur ki, operator yerə yıxılır. Daha sonra yayım kəsilir. Kadrlarda 8 dəfə atəş açıldığı eşidilir.
Amma hələ də bu vəhşi qətlin səbəb və motivləri çoxlarına aydın deyil. Keçmiş iş yoldaşı.... niyə, hansı səbəbdən bu qədər vəhşi bir qətli törətsin ki? Həm qətli həyata keçirib, həm də bunu canlı-canlı çəkib, sosial şəbəkədə yerləşdirmə kimi bir hərəkətin arxasında hansı gerçəklər dayanır?
Qaradərili qatil kimi müdafiə edib?
“WDBJ7" telekanalının iki jurnalistini öldürməkdə şübhəli bilinən, onların keçmiş həmkarı 41 yaşlı Vester Li Flenaqan ”ABC News" telekanalına faks göndərərək öz hərəkətinin motivlərini açıqlayıb. Jurnalistlərin öldürülməsindən sonra kanalın redaksiyasına Brays Uilyams imzalı faks gəlib. Flenaqan WDBJ7 telekanalında işlədiyi vaxt məhz bu təxəllüsdən istifadə edib. Faksın müəllifi qeyd edib ki, onun bu hərəkəti Çarlstonda qaradərili şəxslər üçün kilsədə törədilən hadisəyə cavabdır. Qeyd edək ki, 17 iyunda 21 yaşlı ağdərili irqçi Dilan Ruf kilsəyə daxil olub və oradakı şəxslərə atəş açıb. İnsident nəticəsində 6 qadın və 3 kişi həlak olmuşdu. Hadisə şahidlərinin sözlərinə görə, kilsədə atəş açan bu sözləri deyib: “Mən bunu etməliyəm. Siz bizim qadınlarımıza təcavüz edir və ölkəmizi əlimizdən alırsınız. Siz ölməlisiniz”.
Bundan əlavə, Flenaqan məktubunda 2007-ci ilin aprelində Virciniya Politexnik İnstitutunda 32 nəfəri öldürən cənubi koreyalı Ço Sın Hi və 1999-cu ildə məktəbdə 13 nəfəri öldürən yeniyetməyə heyran olduğunu bildirib. Flenaqan həmçinin iş yerində irqi diskriminasiya, seksual təcavüz və s. kimi hallardan da şikayət edib. Onun fikrincə, o gey və qaradərili olduğu üçün ələ salınıb.
“Müəyyən müddət mən partlamağa hazır olan barıt çəlləyi idim” deyə, “ABC News” faksdan olan sitatı təqdim edir. Faks tam olaraq ictimaiyyətə təqdim olunmayıb. Telekanal qatilin məktubunu hüquq-mühafizə orqanlarına göndərib.
Gələcək qurbanlarını təqib edib, canlı yayım yerinə gəlib
Flenaqanın öldürülən sabiq həmkarları ilə şəxsi problemləri olub. Törətdiyi qətllərdən sonra twitterdə yazdığı postlarda o iddia edib ki, 24 yaşlı Elison Parker irqçi çıxışlar edib, cəmi bir dəfə əməkdaşlıq etdiyi Adam Uord isə Fleneqandan kadrlar şöbəsinə şikayət edib.
Daha əvvəl yayılan məlumatlarda isə qeyd olunub ki, Fleneqanın karyerası son illər heç də uğurlu alınmayıb. Floridanın “WTWC” telekanalından işdən çıxarıldıqdan sonra o, məhkəməyə müraciət edərək sabiq iş yerində irqçilik zəminində təhqirlərə məruz qaldığını bildirib.
Vesti.ru saytının apardığı araşdırmalarda isə bu qətlin arxasında daha ilginc məqamların yer aldığı qeyd olunub. Belə ki, qatil 23 səhifəlik etiraf faksında da yazıb ki, gələcək qurbanlarını təqib edirmiş. Verilişin canlı olduğunu da bilirmiş və saat 6.45-də canlı yayımda güllə səsləri eşidilib. Televiziya jurnalisti kimi 41 yaşlı Vester Fleneqen keçmiş həmkarlarından bir addım aralıda dayanaraq, böyük səbirlə “növbəsini” gözləyib. Operatorun panorama çəkilişlərini bitirib, kameranı reportyor və onun həmsöhbətinə tərəf çevirəcəyi anına qədər səbrini basıb. Açıq-aydın güllələnmə anının kameranın yaddaşına və milyonların beyninə həkk olunmasını istəyib.
Amma bu da ona azlıq edib. Ona həm də bu kadra internetdə milyonların baxması da lazım idi. Ona görə də bir əlində “Glock” silahı, o biri əlində isə smartfon olub. Yəni təkcə qətli törətməyib. Eyni zamanda bu qətl anını, qurbanlarının əzabını çəkib, sosial şəbəkədə paylaşmaq əsas məqsədi olub.
“WDBJ” kanalının baş meneceri Cefri Marks isə deyir ki, keçmiş əməkdaşının belə vəhşi bir plan quracağını heç vaxt təxmin edə bilməzdi: “Mübahisə etməyi sevən insanla əlinə silah götürüb iki nəfəri qətlə yetirən arasında ciddi fərq var. Xüsusən də işdən azad olunandan 2 il sonra. Ona görə də əməkdaşlarımızdan kiminsə başına belə bir iş gələcəyini təxmin etmək mümkün deyildi”.

Amma bununla yanaşı, bu adamın hər şeyə qadir olması ilə bağlı kanal əməkdaşlarında təəssürat yaranmışdı. Belə ki, iki il əvvəl onu böyük bir qalmaqalla işdən uzaqlaşdıranda hadisəyə polis də qarışmışdı. Fleneqen hamı ilə konfliktə girirdi, şikayət yazırdı. Şikayətlərində isə iddia edirdi ki, dərisinin rənginə və qeyri-ənənəvi cinsi oriyentasiyasına görə işdə mənəvi terrora məruz qalır.
Cin Cedxot isə kanalda 20 ildən artıqdır ki, çalışır. Fleniqeni iş vaxtı, kadr arxasında görüb və ondan gələn təhlükəni duyub: “Mən bu hadisə barədə eşidəndə heç təəccüblənmədim. Çünki onun necə qəddar adam olduğunu və bizim telekompaniyaya necə nifrət etdiyini bilirdim. Bəs belə situasiyadan özümüzü necə qoruyaq?”
Əvvəl özünü öldürmək istəməyib
Maraqlıdır ki, keçmiş həmkarlarını qətlə yetirən Fleniqenin başlanğıcda özünü öldürmək fikri olmayıb. Çünki onun maşınında silahdan başqa, tünd eynək, parik, yeni telefon və 3 avtomobil nömrəsi aşkarlanıb. Yəni onun gizlənmək, qaçmaq kimi planı olub. Amma polislər onu əhatəyə aldığı zaman silahı özünə tərəf çevirib və intihar edib.
Məlum olub ki, qatil üçün 2 il boyunca qurbanlarını izləmək elə də çətin məsələ olmayıb. İşdən azad edilsə də, Fleniqen həmin şəhərdə yaşamağa davam edib. Onun evindən redaksiyaya qədər olan məsafə olduqca kiçik olub. Qatil özü olduqca qarışıq, sahmansız həyat tərzi keçirib. Kompüterinin qabağında plastik bir stulu və depressiv durumda kompüterdə baş verənləri izləməsi... Onun dostları və yaxınları ilə heç bir dənə də şəkli olmayıb. Evində axtarış aparılan zaman iki fotosu tapılıb. Biri model agentliyində, o biri də kostyumda, mikrofon qarşısında çəkdirdiyi.
Bundan başqa, əməliyyatçılar qatilin evində LGBT-nin (qeyri ənənəvi cinsi orientasiyaya sahib olan şəxsləri birləşdirən təşkilat) bayrağı və seksual oyuncaqlar tapılıb. Hər yerdə pişik izi olsa da, bu izlərin təmizlənmədiyi, ümumiyyətlə, evin sahmana salınmadığı müşahidə olunub. Heyvanların özünü tapmaq mümkün olmayıb. Araşdırmalar zamanı üzə çıxıb ki, Fleninqen həmkarlarını qətlə yetirməyə getməzdən əvvəl pişiklərini də öldürüb.
Qətlə yetirilən operator Adam Uordun 27 yaşı olub. Qısa müddət bundan öncə telekanalın prodüseri olan Meliss Otta evlənmə təklifi edibmiş. İşdən çıxmağa hazırlaşırdı, çünki cütlük şəhərdən köçməyi planlaşdırırdı. Qətl günü Melissin axırıncı iş günü imiş. Səhər saat 6.45-də o, aparat otağında olub və nişanlısının necə qətlə yetirildiyini canlı yayımdan görüb.
24 yaşlı Elisson Parker üçün də “WDBJ” studiyasında müxbir olmaq həyatındakı bir ilk imiş. O, özünü peşəsinə həsr edib, CNN və yerli kanal üçün reportajlar hazırlayırmış. Baş vermiş dəhşətli qətldən sonra “WDBJ” kanalının ilk efir gününə yardım etmək üçün dost və rəqib kanalların əməkdaşları gəliblər. Onlar bildiriblər ki, belə bir gərgin gün keçirən həmkarları canlı yayımın öhdəsindən gələ bilməyəcəklər, onlar üçün ağır olacaq.
Daha bir məqam isə odur ki, qatil güllələrin üstünə qurbanlarının adını yazıbmış. Amerikan psixoloqlar hesab edir ki, ölkədəki siyasətçilərin silah satışına qadağa qoyulması ilə bağlı çağırışlarının heç bir əhəmiyyəti yoxdur. Çünki bu, silah satışı ilə yox, psixoloji problemlərlə bağlı olan bir nəticədir.
Amerika bu günə qədər bu və buna bənzər qətlləri çox görüb. Amma ölkə qorxur ki, Vester Flenegenanın tərəfdarları da tapıla bilər.
Cia.az
