Adil Qeybulla: “Bizdə heç kim beyin ölümü keçirmiş gənc övladını yarmağa, onun hansısa orqanını başqasına köçürməyə psixoloji cəhətdən hazır deyil...”
Əvvəllər Azərbaycanda orqan transplantasiyası mümkünsüz idi. İndi isə bir neçə xəstəxanada bu əməliyyatlar həyata keçirilir. Ancaq bu əməliyyatlar xəstələrə həm baha başa gəlir, həm də insanlar lazımi orqanın tapılması üçün gözləməli olurlar ki, bu da təcili əməliyyata ehtiyacı olan xəstələrin həyatı bahasına başa gələ bilər.
Buna görə də səhhətində problem olanlar Azərbaycanda cərrahiyyə əməliyyatı etdirməkdənsə qonşu ölkələrə, daha çox İrana, Türkiyəyə üz tuturlar. Çünki bir çox xarici ölkələrdə orqan köçürmə, eləcə də digər cərrahiyyə əməliyyatları Azərbaycandan ucuz həyata keçirilir.
Ölkəmizdə, eləcə də bütün dünyada açıq ürək və böyrək köçürmə əməliyyatları geniş yayılıb. Azərbaycanda isə bu əməliyyatları etdirə bilmək üçün sözün əsl mənasında milyonçu olmalısan. Azərbaycanda orqan bankının olmaması da qiymətlərə təsir edir. Çünki ölkədə heç kim beyin ölümü keçirmiş yaxınının meyitinin yarılmasına və onun orqanlarının götürülməsinə razılıq vermir.
Azərbaycanda əhali hələ ki psixoloji cəhətdən buna öyrəşməyib. Ancaq digər dövlətlərdə vəziyyət fərqlidir. Məsələn, qonşu Türkiyədə hansısa vilayətdə yerləşən xəstəxanada beyin ölümü keçirmiş insan varsa, dərhal onun qohumlarından orqan götürmək üçün razılıq almağa çalışılır. Ölü sahibindən razılıq alınıb, yaradılmış şəbəkə vasitəsilə bütün xəstəxanalara məlumat verilir. Hansı xəstəxanada xəstəyə təcili olaraq orqan lazım olursa, Səhiyyə Nazirliyinin razılğı ilə dərhal helikopter vasitəsilə orqan xəstəxanaya çatdırılır və xəstəyə köçürülür.
Azərbaycanda bir insanın orqanının başqa birinə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sonradan bu iş dayandırılıb. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsi həkimlərin əlini uzun müddət bu işdən soyudub, onlar transplantasiya ilə məşğul olmayıblar. Azərbaycanda orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması 1999-cu ildən başlayıb. Belə ki, həmin il “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.
Bunlar ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrək, mədəaltı vəz və onların seqmentləri, mədəaltı vəz onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi, gözün buynuz qişasıdır.
Hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə bir milyon əhalidən 800-1200 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla ölkədə orqan nəqlinin sistem şəklini almadığını dedi:“Azərbaycanda orqanların nəqli, transplantasiyası məsələsi mütəxəssislərin olmasına baxmayaraq sistem şəklini almayıb. Bu, epizodik olaraq bir neçə xəstəxanada və regionların birində həyata keçirilir. Bunun sistem şəbəkə şəklini alması üçün çox ciddi bir struktur yaradılmalıdır. Burada donorların mənbəyi müəyyən edilməlidir ki, kim donor ola bilər. Donor olmaq, donor bankını yaratmaq asan məsələ deyil. Bundan başqa, lazım olan yerdə böyrəyin köçürülməsi hüququ əsaslarla tam təsdiq olunmalıdır. Böyrək ancaq qohumdan qohuma, yəni qan qohumluğu olan adamlara verilə bilər. Yad adamlara verilə bilməz. Çünki bu cür məsələlər kriminala yol açır. Keçmiş təcrübələr də bunu bir daha göstərdi. Türkiyədə böyrək köçürməsi əməliyyatı uğursuz deyil, Azərbaycandakından da ucuz həyata keçirilir. Bu, Türkiyədə tibbi xidmətin həddən artıq yüksək olması, bunun böyük bir şəbəkə şəklini alması ilə izah olunur. Təəssüf ki, Azərbaycanda bu məsələ hələ oturuşmayıb. Ona görə də orqan nəqlinin bir sistem şəkli almasından söhbət gedə bilməz. Düşünürəm ki, bunu etmək üçün ən böyük problemlərdən biri olan donor mənbəyi tapılmalıdır. Donor mənbəyi də beyin ölümü keçirmiş gənc adamlardır. Azərbaycanda heç kim beyin ölümü keçirmiş gənc övladını yarmağa, onun hansısa orqanını götürməyə psixoloji cəhətdən hazır deyil. Yəni bunun üçün böyük təbliğat getməlidir. İnsanlar bu məsələyə yavaş-yavaş öyrəşməlidir. Düşünməlidirlər ki, həyatını itirən şəxs kiminsə həyatına başlanğıc verə bilər. Bu məsələlər psixoloji həllini tapmamış donor məsələsi də öz həllini tapmayacaq. Ona görə də hesab edirəm ki, bunun üçün bizə hələ zaman lazımdır”.
Cia.az
