|
Biznesmenin qətlində adı keçən qadın nələrdən danışdı...
“Butastone” tikinti şirkətinin təsisçilərindən biri olan 1975-ci il təvəllüdlü Nadir İbrahimovun qətl işində adı keçən qadın danışıb. Həbibə Bağırova milli.az-a açıqlamasında Nadir İbrahimovla tanışlığı, eyni zamanda qətl ətrafında adının hallarındırılmasına münasibət bildirib: “Nadirin qətlinin mənimlə heç bir əlaqəsi yoxdur. Qətl hadisəsi mənim üstümdə baş verməyib. Düzdü, əvvəllər Nadir İbrahimovun ”Butastone" şirkətində işləmişəm. Oradan ayrılandan sonra Nadir məni bir müddət narahat edib. Ancaq Rövşən Həsənov adlı şəxsi, ümumiyyətlə, tanımıram".
H.Bağırova qətldə onun adının məqsədli şəkildə hallandırıldığını və qətldən sonra istintaqa cəlb edildiyini açıqlayıb: “Hadisə baş verən gün prokurorluğa çağırıldım və izahat verdim. Dindirilməyimə səbəb isə mənim əvvəllər Nadirlə bir şirkətdə işləməyim olub. Mən kiminsə ailəsini dağıtmaq, başqa birinin isə öldürülməsini istəmərəm. Öz işim-gücüm, ailəm və ətrafım var”.
 
Qətllə bağlı bəzi təfərrüatlar da üzə çıxıb. Sayt yazır ki, əslində qanlı olay söyüşdən qaynaqlanıb. Əsəbləşən Rövşən isə onunla Nizami rayonu ərazisində görüş təyin edib. Elə görüş yerinə gələn kimi Nadirə maşınından düşməyə imkan verməyib. Tapança ilə onu elə maşının sükanı arxasında öldürüb. Məlumata görə, Rövşən Həsənov SAB kolbasa zavodunun direktoru Hacı Sabirin kürəkənidir. Hadisəyə gəlincə, Nadir İbrahimov idarə etdiyi “Lexus” markalı, Az  90 SF 333 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Başqa bir “Lexus” markalı, Az 10 VM 006 dövlət nömrə nişanlı maşının sürücüsü Rövşən Həsənov ona tapança ilə 8 güllə vurub.
Hadisə yerindən özünə məxsus “Lexus” markalı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış “Chevrolet”in sürücüsü xəstəxanaya yerləşdirilib.  
Hadisəni törədən Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim olub. O, “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.
 
Mərhum N.İbrahimov biznesmen Nizami Piriyevin qaynı olan Namiq Əsədovun şəriki idi. 2 uşaq atası olan Nadir məşhur müğənni Azər Zeynalovun qaynıdır.
Nadir İbrahimov və Namiq Əsədov “Butastone” şirkətinin həmtəsisçiləri olublar. Onlar arasında konflikt var idi. N.İbrahimov öz şəriki Namiq Əsədovu fəhlələrin maaşını verməməkdə ittiham edirdi. Tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib çıxıb və nəticədə Nadir İbrahimov  məhkəmədə iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə “Akkord” şirkəti üçün gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın pula həbs qoyulmasını tələb edib. Məhkəmə isə onun iddiasını təmin edib.
Cia.az