Hakim Yeni Azərbaycan Partiyası (YAP) yaxın bir-iki sutka ərzində seçki siyahısını açıqlayacaq və indiyədək müşahidə olunmayan seçki gərginliyi çox güman ki, bundan sonra yaşanacaq. Hər halda seçkilərlə bağlı tərəddüdlü mövqedə dayananların əksəriyyəti iqtidar partiyasının hansı dairələrdən kimlərlə siyasi kampaniyaya qatılacağını gözləməkdədir.
Deputat, YAP Siyasi Şurasının üzvü və partiyanın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ilə Mingəçevir hadisələrini də əhatə edən söhbətimizdə öncə parlament seçkilərindən danışdıq.
- Aydın bəy, yaxın bir-iki günə hakim partiya seçkilərə kimlərlə qatılacağını rəsmən açıqlayacaq. Yəqin ki, siz konkret adlar çəkməyəcəksiniz. Bəs, ümumi şəkildə deyə bilərsinizmi, siyahıda sürpriz adlar olacaqmı?
- Yeni Azərbaycan Partiyası seçki prosesində bütün fəaliyyətini Seçki Məcəlləsinin tələblərinə uyğun qurur. Seçki siyahısı üzərində partiya rəhbərliyi uzun müddət iş aparıb və yaxın günlərdə seçki siyahısının açıqlanması gözlənilir. Konkret soyadlarla bağlı suallara isə siyahı açıqlandıqdan sonra cavab veriləcək. Belədə isə cəmiyyətin YAP-ın seçici siyahısına marağı partiyanın uğurlu fəaliyyətindən, onun atdığı addımların maraq doğurmasından xəbər verir. Hər halda seçki siyahısını gözləyin. YAP həmişə olduğu kimi, bu dəfə də xalqın marağından çıxış etdiyini ortaya qoyacaq. Bütün suallara siyahı açıqlananda cavab veriləcək. YAP hər bir üzvünü dəyərləndirir. Bu baxımdan siyahı da cəmiyyətin həm marağına səbəb olacaq, həm də hesab edirəm ki, razılıqla qarşılanacaq.
- Partiya daxilində 125 yer uğrunda mübarizənin getməsi barədə iddialar barədə nə deyə bilərsiniz?
- YAP-a üzvlər əqidə ilə, Heydər Əliyev, İlham Əliyev yoluna bağlılığa görə gəliblər. Bu baxımdan hansısa bir seçkiyə namizədliyinin verilməsi partiya üzvü üçün məqsəd deyil. Əksinə, partiyanın seçkidə qələbə qazanmasına öz dəstəklərini vermək üçün çalışacaqlar.
- Müxalifətin seçki startını necə şərh edərdiniz?
- Əlbəttə, siyasi rəqiblərimiz olduğuna görə onların da fəaliyyətini izləyirik. Artıq bir neçə müxalif partiya öz namizədlərini irəli sürüb. Hesab edirəm ki, hər birinə bərabər şərait yaradıldığına görə seçki prosesi rəqabətli, eyni zamanda açıq, şəffaf keçəcək.
- Bu dəfə müxalifəti razı salan ciddi yeniliklərin şahidi ola biləcəyikmi?
- Onu ancaq və ancaq əlahəzrət seçici deyə bilər.
- ABŞ Dövlət Departamentinin ötən illərdə baş verən hadisələri də əhatə edən tənqidi hesabatını necə şərh edirsiniz? Bunu həm də seçki mesajı hesab etmək olarmı?
- Dövlət Departamentinin seçki ilə bağlı açıqlamasına rast gəlməmişəm. Amma dövlətlərarası münasibətdə Azərbaycan suverenliyin qorunmasının, maraqların ümumi şəkildə müzakirə edilməsi və hər iki tərəfin maraqlarına hörmətlə yanaşılması prinsipinin tərəfdarıdır. ABŞ Azərbaycanın strateji müttəfiqidir, onunla beynəlxalq aləmdə bir çox vacib məsələlərdə əməkdaşlığımız var, qarşılıqlı münasibətlərdə hər iki paytaxt kifayət qədər maraqlıdır.
Bu baxımdan bizlər ABŞ-ın Azərbaycanın inkişafına dəstək mövqeyinə hörmətlə yanaşırıq. Ancaq bununla belə, təəssüf ki, bəzi hallarda Amerikanın bir sıra dairələri Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycana bu və ya digər məsələdə nə cür hərəkət etməyi göstərmək yolunu da seçirlər. Bu məsələdə əlbəttə ki, Azərbaycan öz mövqeyini qoruyur. Bunlar istisna olmaqla, ümumən götürdükdə ABŞ-la həmişə bizim konstruktiv əməkdaşlığımız və birgə mövqeyimiz var.
|
“Mingəçevirdən deputat olmaqdan əvvəl mən mingəçevirliyəm” |
- Seçkiləri müşahidə prosesində Avropanın bəzi qurumlarının da iştirakı gözləniləndir. Sizcə, münasibətlərdəki konfrontasiya şəraitinin ardınca həyata keçiriləcək bu müşahidələrin nəticələrinə etimad nə dərəcədə ola bilər?
- Ortadakı məlumat onu göstərir ki, Azərbaycanın seçkiyə məsul olan orqanları seçkini açıq, şəffaf və eyni zamanda müşahidə edilməsi mümkün olan bir proses kimi təşkil edəcəklər. Seçkini kimin müşahidə etməsinin bu gün Azərbaycan üçün əhəmiyyəti olmayacaq. Hətta Azərbaycanda keçirilən seçkilərə qərəzli yanaşan strukturlar belə, arzu etsələr, müşahidəçi kimi iştirak edə biləcəklər. Yəni belə götürəndə Azərbaycan bu məsələyə çox sakit yanaşır.
- Eyni gündə qardaş Türkiyədə də parlament seçkiləri keçiriləcək. Adətən Türkiyədəki seçkilərə marağın daha böyük olmasından danışılır. Azərbaycan seçicisinin diqqətini, beynəlxalq diqqəti daha çox cəlb etmək üçün sizcə, nələr etmək, hansı addımlar atmaq olar?
- Hər bir ölkədə keçirilən seçki həm ölkə, həm də dünya üçün maraq doğurur. Çünki hakimiyyət yenilənir, hakimiyyət yeni dövr üçün özünün proqramını açıqlayır. Bu baxımdan həm Azərbaycan, həm də Türkiyədə eyni gündə keçiriləcək seçkilər əlbəttə ki, maraq doğurur. Biz qardaş Türkiyədəki seçkilərin uğurla nəticələnməsini, eyni zamanda Türkiyənin maraqlarına cavab verən bir parlamentin seçilməsini arzu edirik. Türkiyənin uğuru bizim uğurumuzdur və biz bütün məqamlarda türkiyəli qardaşlarımızla birgəyik. Azərbaycana gəldikdə isə, Azərbaycan özünün inkişaf modelini, strateji inkişaf xəttini 1993-cü ildən ulu öndər Heydər Əliyevin vasitəsilə ortaya qoyub. Bu gün o siyasi xətt cənab prezident İlham Əliyev tərəfindən davam etdirilir və m bizim məqsədimiz güclü, müstəqil inkişaf edən, demokratik və insan hüquqları öndə olan bir cəmiyyət quruculuğunu daim davam etdirməkdir. YAP seçkilərdə məhz bu məqsədlə iştirak edir və yenidən uğur qazanmaq məqsədini qarşısına qoyur. Seçkilərin necə olacağını isə əlbəttə ki, seçicilər deyəcək. Hər halda ümid edirik ki, biz seçicilərin növbəti dəfə etimadını qazan biləcəyik.
- Son seçkilərdə Türkiyədə sensasiya baş verdi, HDP milliyyətçilər qədər mandata sahib çıxdılar. Müqayisə uğursuz olsa da, Azərbaycanda buna bənzər sensasiya gözlənilirmi?
- Hər bir ölkənin özünə məxsus bir cəmiyyət quruluşu var. Türkiyədəki son seçkilər məhz həmin dövrdə ictimai rəyin göstəricisi olub. Azərbaycanda artıq oturuşmuş bir siyasi sistem var. Bu baxımdan hər hansı bir sensasiyanın olması gözlənilən deyil. YAP daima cəmiyyətdə gedən proseslərdə avanqard rolunu oynayıb, seçici əhval-ruhiyyəsinin nəbzini tutmağa çalışıb, cəmiyyətin maraq doğuran məsələlərini müzakirəyə çıxarıb və onların həllinə çalışıb. Odur ki, yenidən öndə olacağımızı düşünürəm. Belədə eyni zamanda Azərbaycan cəmiyyəti siyasi cəhətdən rəngarəngdir. Digər siyasi qüvvələrin, o cümlədən indiki hakimiyyətə müxalifətdə olan qüvvələrin də parlamentə seçilmək şansı var. Eyni zamanda Azərbaycanda heç bir partiyanın üzvü olmayan, ancaq seçkiyə qatılan və parlamentdə müəyyən bir qüvvəyə malik olan müstəqillər mövcuddur. Bunlar ziyalılar, tanınmış insanlardır, hətta içində iş adamları da var. Bu baxımdan Azərbaycan parlamentində də rəngarəngliyin olacağı gözləniləndir.
- Belə xəbərlər var ki, Qərb müxalifətə bu seçkidə müəyyən bir “kvotanın tanınması” üçün hakimiyyətlə danışıqlar aparır. Əvvəlki seçkilər dönəmində də buna bənzər məlumatlar tirajlanırdı. Budəfəki məlumatda həqiqət payı nə qədərdir?
- Birincisi, belə danışıqlar yoxdur. İkincisi, bu fikrin özü antidemoratikdir. Seçki azaddır və seçicinin rəyinə uyğun olaraq parlament formalaşır. Əgər hansısa partiyaya kvota veriləcəksə, bunun artıq sovet dövründəki parlament modelindən heç bir fərqi olmayacaq. Yəni mən belə bir fərziyyənin özünü düzgün saymıram.
|
“Seçkini kimin müşahidə etməsinin Azərbaycan üçün əhəmiyyəti olmayacaq” |
- Aydın bəy, Mingəçevir hadisələri ilə bağlı çox az danışdınız. Seçildiyiniz dairədə nə baş verdi? Gəncin ölümü, bunun ardınca küçəyə çıxan insanlar, həbslər... Bütün bunlar haqda nə deyə bilərsiniz?
- Mingəçevirdə baş verənlərlə bağlı hüquq-mühafizə orqanları kifayət qədər açıqlama verdilər. Demək olar ki, biz hər gün orda gedən proseslərlə bağlı məlumatlıydıq. Həmin hadisə baş verən günün səhəri gün ərzində mən dörd dəfə polis rəisi, iki dəfə həlak olanın atası ilə danışdım. Ümumən götürəndə şəhərdə gedən proseslərdən xəbərdar idim. Səhəri gün baş verən aksiya isə ekspromt oldu. Yəni heç kəs bunu gözləmirdi. Mən bilsəydim, əlbəttə ki, ertəsi gün mütləq Mingəçevirdə olardım, kütlənin qarşısına çıxardım. Dəfndən sonra bir qrup gənc gözlənilmədən yas mərasiminə getmək əvəzinə, küçəyə çıxdı. Ancaq aydın məsələdir ki, icazəsi olmayan iri aksiyaların keçirilməsinə heç bir dövlət razı ola bilməz. Hüquq-mühafizə orqanları da bu zaman öz üzərinə düşən vəzifəni yerinə yetirdilər. Ümumən götürəndə bu gün Mingəçevirdə sakitçilikdir. Məsələ araşdırılır, həlak olan şəxsin ölmə səbəbləri barəsində artıq ictimaiyyətə xeyli informasiya verilib. Əlbəttə ki, bütün günahkarlar bu məsələdə cəzalanacaqlar. Mingəçevirdən deputat olmaqdan əvvəl mən mingəçevirliyəm. Orada doğulmuşam, orada olan insanların hamısını tanıyıram və həmişə mingəçevirlilərin yanında olmuşam.
- Bəy, baş verənlər sizin seçkidəki şansınıza təsir göstərə bilərmi?
- Mən YAP-ın qərarını gözləyirəm. Əlavə heç nə deyə bilmərəm...
- Həbs edilənlərin tezliklə azadlığa buraxılaması şansı varmı?
- Mən vaxtaşırı əlaqə saxlayıram. Deyilənə görə, bütün bu məsələlər araşdırılır. Onların içərisində kənardan gəlmiş, məhkum olunmuş şəxslər də var. Hər bir kəs öz əməlinə görə cavab verəcək. Ümumən götürdükdə, şəhərdə bu gün sakitlik bərpa olunub, hər hansı bir gərginlikdən söhbət gedə bilməz. Əlbəttə, səhəri gün baş verən aksiyada həm emosiya rol oynadı, eyni zamanda burada kənar şəxslərin Mingəçevirə gələrək aksiyada iştirak etməsi axıracan aydınlaşdırılmalıdır.
Cia.az
