|
Əmlak Komitəsi Samuxdakı torpaq maxinasiyalarını təsdiqlədi
Vətəndaşların hüquqlarını tapdamaqda məşhurlaşan “Gəncəbank”ın rəhbəri Pərvanə Novruzovanın adı keçən daha bir maxinasiya üzə çıxıb. Bu haqda redaksiyamıza məlumat verən vəkil Ceyhun Yusifov deyib ki, Samux rayon sakini İltimas Dəmir qızı Əliyevanın mətbuat vasitəsi ilə prezidentə müraciətindən sonra Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) sorğu ilə müraciət edib.
 
Yada salaq ki, İltimas Əliyeva prezidentə müraciətində bildirib ki, Pərvanə Novruzova Samuxun icra başçısı Alı Qocayevlə birgə onun torpağını qanunsuz yollarla əlindən alıblar: “25 ildən artıqdır ki, Samuxun Bozdağlar massivi deyilən ərazisində qış otlaq sahəsindən icarəyə yer götürüb əkinçilik və heyvandarlıqla məşğuluq. Onlarla insanın obyektini, evini min bir haqsızlıqla əlindən almış ”Gəncəbank"ın sahibəsi torpağımızı qanunsuz şəkildə və zorakılıqla əlimizdən almağa çalışır. Maraqlısı odur ki, bütün Gəncə və Samuxun inzibati idarəetmə orqanları Pərvanə Novruzovaya tabeçilik göstərir. Ölkə rəhbərliyinin tələblərini bir kənara qoyub ondan tapşırıq-komanda alaraq rayon rəhbərliyində işləyirlər. Öz vəzifə borclarını, dövlət başçısı qarşısındakı öhdəliklərini və nəhayət, öz vicdanlarını unudub təcrübəsiz bir qadının təhriki ilə əhalinin hüquqlarını pozur, kasıb zəhmətkeş xalqın ruzusu və çörəyi ilə oynayırlar".
 
Vəkil ƏMDK-ya ünvanladığı sorğuda Əliyevanın müraciətində göstərdiyi ərazidəki torpaqların hansı əsasla özgəninkiləşdirildiyinə aydınlıq gətirilməsini istəyib. 
 
ƏMDK Yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevin sorğuya verdiyi cavabda deyilir:
 
“Samux rayonu, Seyidlər kəndinin ”Boz-dağ" massivində yerləşən, “Gəncəbank” Acıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Pərvanə Novruzovaya məxsus torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı məsələnin həllinə koməklik gostərilməsi barədə müraciətinizə Əmlak Məsələləri Dovlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılıb. Komitənin 6 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, Samux Rayon İcra Hakimiyyəti başçısının 29 may 2013-cu il tarixli 58 saylı sərəncamı ilə Samux rayonu “Boz-Dağ” massivində 3,4,5,6,7 saylı qış otlaq sahələrindən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.4 və 16.7 maddələrinin tələblərinə zidd olaraq 100 hektar örüş sahəsinin mal-qara və davarların saxlanılması ucun Gəncə şəhər sakini Həsənov İsmət Anar oğluna 25 il müddətinə icarəyə verilməsi və həmin ərazinin 1 hektarında heyvandarlıq kompleksi və yardımçı binaların tikintisinə icazə verilməsi qərara alınıb. 
 
Qeyd edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə Samux Rayon İcra Hakimiyyətinə müvafiq məktub gondərilib və icarəçi İ.A.Həsənovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib".
 
Qeyd edək ki, İ.Əliyeva prezidentə müraciətində bildirirdi ki, rəsmi sənədlə istifadə hüququ ona aid olan ərazidə P.Novruzova tikinti aparmağa başlayıb. Yada salaq ki, P.Novruzova paytaxtdan kənarda fəaliyyət göstərən yeganə bankın İdarə Heyətinin sədridir. Bir qədər əvvəl Rusiya vətəndaşı Natalya Kərimova ölkə rəhbərliyinə müraciət edərək P.Novruzovanın onun Gəncədə yerləşən evlərini və gözəllik salonunu ələ keçirdiyini açıqlamışdı. Bundan sonra məlum olub ki, P.Novruzova barəsində Gəncə Prokurorluğunda cinayət işi başlanıb, iş Baş Prokurorluğa ötürülüb. Novruzova Gəncəyə ezam olunmuş əməkdaşlarımıza baş verənlərlə bağlı açıqlama vermək istəməyib. 
Cia.az