|
Hikmət Hacızadənin seçki haqda bədbin fikrinə müxalifətdən reaksiya gəldi
Politoloq Hikmət Hacızadənin qarşıdan gələn parlament seçkiləri ilə bağlı qəzetimizin son sayında getmiş bəzi fikirləri geniş müzakirəyə səbəb olub. Onun fikirləri seçki prosesinə qatılmaq istəyən siyasi qurumlar tərəfindən etirazla qarşılanıb. 
 
Hacızadənin etiraz doğuran fikirləri isə bunlardır:“Şəxsən mən seçkiyə getməyəcəyəm. Bundan əvvəlki parlament seçkisinə də getməmişdim. 2005-ci il parlament seçkisində iştirak etmişdim. Şəkidən namizəd idim. Onda da bilirdim ki, heç nə alınmayacaq. Ancaq getdim atamın, babamın doğulduğu torpaqları - İncə kəndini gəzdim, insanlarla ünsiyyət qurdum. Seçkidən mənə qalan da elə bu gəzmək oldu - formal bir səsvermə ilə məni qutuda qoydular. Bu gün insanlar niyə seçkiyə gedir, bu, mənə aydın deyil. Axı seçki olmayacaq. Ən güclü, ən şanslı namizədin seçkiyə qatıldığı dairədən YAP namizəd versə, qutudan YAP-çı çıxacaq. İkinci variant: əgər kimsə macəra axtarırsa, bu başqa məsələ. Mən daha bu oyunu oynamıram”.

Müsavat başqanının müavini Elman Fəttah demokratiya uğrunda mübarizənin uzun bir marafon olduğunu bildirdi: “Hikmət bəyin özünün demokratiyanın uzun yol olması ilə bağlı məşhur bir fikri var. Onu xatırlatmaq yerinə düşərdi. Hikmət bəy çox gözəl bilir ki, demokratiya uğrunda mübarizə qısa məsafəyə qaçış deyil, uzun marafondur. Müsavat Partiyası demokratiyanın bərqərar olmasında üzərinə düşən məsuliyyəti və bu mübarizənin fasiləsizliyini , ardıcıllığını anlayır. Seçkilərdə iştirak demokratiya uğrunda mübarizənin tərkib hissəsidir və ən əhəmiyyətli dövrdür. Hazırda nəinki seçki mühiti yoxdur, ümumiyyətlə, siyasi mübarizə üçün mühit yoxdur. Siyasi mühitin olmadığı dövrdə siyasi mübarizə apardığını deyənlərin, bu mübarizə üçün qismən əlverişli dövr olan seçki zamanı fasilə götürməsi məntiqsizdir. Əgər mübarizə aparırıqsa, ən uyğun dövr olan seçki dövründən necə imtina edək? Hansı məntiqlə demək olar ki, mən mübarizə aparıram, amma seçki zamanı bundan imtina edirəm. Seçki dövründə başqa zamanlarla müqayisədə siyasi mübarizə üçün daha əlverişli nəfəslik yaranır. Bu baxımdan seçkiyə getmək demokratiya uğrunda mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından çox mühümdür. İndiki halda seçkilərdə iştirak hansısa mənfəət deyil. Fədakarlıqdır. Seçkinin verdiyi imkanlardan istifadə edəcəyik. O imkanlardan ən vacibi ondan ibarətdir ki, hakimiyyətin avtoritarizmi möhkəmləndirməsi nəticəsində xalqla təmasımız sıfıra enib, amma seçki dövründə xalqla təmasımızı yaradıb, öz fikirlərimizi, mübarizənin ölmədiyini, sona qədər mübarizə aparacaq insanların olduğunu, Müsavatın demokratiya uğrunda mübarizəsini tərəddüdsüz və prinsipial şəkildə, o cümlədən, fasiləsiz olaraq davam etdirdiyini bəyan edəcəyik. Seçkiyə getməyin mahiyyətinin bu olduğunu, məncə, Hikmət bəy əslində yaxşı görür”.
 
“Azadlıq 2015" seçki blokuna daxil olan partiyalardan KXCP sədri Mirmahmud Mirəlioğlu H.Hacızadənin fikirlərində həqiqətlərin olduğunu söylədi: ”Bu məsələdə razı olanlar-olmayanlar, qarşılarına məqsəd qoyanlar, seçkiləri boykot edənlər olacaq. Hikmət bəy kifayət qədər tanınmış insandır. Hər zaman da hörmətimiz var. Azadlıq hərəkatının fəalları və rəhbərlərindən olub. Səsləndirdiyi fikirlər şəxsi mövqeyidir. O, daim öz fikirləri ilə seçilən şəxsdir. Dediklərində də çoxlu həqiqət var. Söylədiklərinin hamısı özünə aiddir. Qeyd edir ki, borc-xərc edib, seçkiyə niyə getmək lazımdır? İstənilən fikrə hörmətlə yanaşmaq lazımdır. Biz də seçkilərdə iştirak edən şəxslərin mövqelərinə hörmətlə yanaşmağı istəyirik. Qalan məsələlər də hər kəsin şəxsi işidir. Qarşılıqlı hörmət olar, qarşılıqlı da hörmət görülər. Olmazsa, yenə də hörmətlə yanaşacağıq. Bu, bizim tərbiyəmizdən asılıdır. İqtidarın bu məsələdə qabiliyyəti çatmalıdır. İllərdir saxtakarlıqlarla keçirdiyi seçkilərə son verməlidir. Əks təqdirdə, öz sonunu gətirəcək".
 
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bu düşüncədə olan insanların kifayət qədər çox olduğunu qeyd etdi: “Hikmət bəyə demokratik bir insan kimi hörmətim var. Onun şəxsi fikirləridir. Bu cür fikirləşənlər demokratik düşərgədə çoxdur. Əgər seçkilərdə iştirak etmiriksə, başqa yollarla hakimiyyəti dəyişə bilmiriksə, eyni zamanda başqa bir vasitə yoxdursa, nə etmək olar? Seçkilərin nəticələrinin saxtalaşdırılmasına heç bir şübhə yoxdur. Amma seçkilərdə iştirak etmək ən azından siyasi partiyaya bəzi funksiyalarını həyata keçirmək imkanı verir. Seçicilərlə görüşlərə şərait yaradılır. Halbuki başqa vaxt bu mümkün deyil. Ən azından siyasi fəallıq var. Müəyyən nəticələr də əldə etmək olur. Milli Məclisə 15-20 nəfər müxalifətçinin düşməsi siyasi mühiti tərəflərin xeyrinə dəyişə bilər. Ən kiçik nəticələr uğrunda belə, seçkilərə qatılmağın tərəfdarıyam. İstənilən seçki başlayanda, kimsə onun nəticəsini deyə bilməz. Nə qədər inam olmasa belə, hər halda, seçkilər nəticələri özü ilə gətirə bilər”.
Cia.az