|
Qərb müxalifətə parlamentdə yer ala biləcəkmi?

Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun, bəzi beynəlxalq təşkilatların təmsilçilərinin müxalifət partiyaları ilə təmasları, müzakirələri intensivləşir. Son 10 gündə az qala hər gün hansısa tanınmış müxalif təşkilatların rəhbərləri ilə görüş xəbəri yayılır. Paralel olaraq hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə təmaslara başlanıb.

ABŞ səfiri Robert Sekuta YAP icra katibi Əli Əhmədovla görüşüb. Görüşlərin davam etdiriləcəyi açıqlanıb. Bütün görüşlər barədə verilən rəsmi açıqlamalarda müzakirə olunan məsələlər sırasında noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərinin əsas yer tutduğu bildirilir. 

Siyasi təhlilçilərin verdiyi açıqlamalar və yayılan informasiyalarda bildirilir ki, Qərb ölkələri və Avropa İttifaqı Azərbaycanda real müxalifət qüvvələrinin parlamentə düşməsinə çalışırlar. Məqsəd ölkədə sabitliyi qorumaq, təlatümlərin, inqilabların əvəzinə tədrici demokratik islahatlara nail olmaqdır. Qeyd olunur ki, Qərb 2005-ci il parlament seçkilərində başlatdığı, lakin uğurla başa çatmayan projeni reallaşdırmaq istəyir. 
 
Hakimiyyətin real müxalifət təşkilatlarını parlamentə buraxıb-buraxmayacağı, Qərbdən gələn təklifin qəbul edilib- edilməyəcəyi isə hələ bəlli deyil.
 
2005-ci ildə aparılan danışıqların iştirakçısı olmuş ADP sədri Sərdar Cəlaloğlu bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qərbin belə bir təklifi varsa, hakimiyyətin onu qəbul etməsi həm də müxalifətdən asılıdır. 2005-də bir neçə partiyanın rəhbərinin tutduğu mövqe üzündən Qərbin başlatdığı proses uğursuzluqla nəticələnmişdi: “Bu, həddən artıq prinsipial məsələdir. 
 
Bu, demokratiyanın problemidir. Demokratiyada konsensus prinsipi var ki, Azərbaycanda buna nail olmaq mümkün olmur. Konsensus prinsipinin mahiyyəti ondan ibarətdir ki, çoxluq səviyyəsindən asılı olmayaraq, azlıqla razılaşmaya gəlməlidir. Azlıqla razılığa gəlməyən çoxluluq bolşevizmdən başqa bir şey deyil və bu, demokratiyaya xidmət edə bilməz. Yəni hər hansı bir qüvvə böyük bir çoxluq əldə edibsə, ancaq azlıqla razılaşmırsa, o qüvvə demokratiyanı həyata keçirə bilməz. 


 
Bu baxımdan Azərbaycanda çoxluqla azlıq arasında konsensus vacibdir və parlament seçkiləri bunun üçün ən əlverişli zamandır. Əslində Qərb ölkələri və beynəlxalq təşkilatlar Azərbaycan iqtidarını və müxalifətini konsensus prinsipinə hörmət eləməyə çağırırlar. Demokratiyanın tələblərindən biri budur ki, əgər bir siyasi qüvvə bütün ölkə boyunca qalib gəlmək gücündədirsə, könüllü şəkildə müəyyən miqdar sahədən imtina etməlidir ki, azlıq orada inkişaf eləyə bilsin. Azərbaycanda əgər demokratiya, irəliləyiş istəyiriksə, çoxluqda olan hakimiyyət azlıqda olan qüvvələrin də siyasi prosesdə iştirakına imkan yaratmalıdır. Şəxsən biz ADP olaraq neçə illərdir konsensus siyasətini aparırıq. 
 
Biz bütün beynəlxalq təşkilatlarla, Qərb dövlətlərinin təmsilçiləri ilə görüşlərimizdə bu qənaətə gəlmişik ki, Qərb Azərbaycanda konsensus prinsipinin bərqərar olmasını çox mühüm hesab edir. Bu gün, məsələn, Əli Kərimli heç bir məsələdə iqtidarla konsensusa gəlmək istəmirsə, bu, o deməkdir ki, o, Azərbaycanda ümumiyyətlə demokratiyanı istəmir. Çünki konsensus üçün ilk növbədə özün nədəsə güzəştə getməyə hazır olmalısan. Güzəştə getməyi isə satqınlıq, məğlubiyyət kimi qiymətləndirilməməlidir". 
 
S.Cəlaloğlu dedi ki, əgər bu gün Qərb 2005-ci ildəki kimi yenidən iqtidarla müxalifəti konsensusa gəlməyə dəvət edirsə, bunu müsbət bir addım kimi qiymətləndirmək gərəkdir. Müxalifətin buna cavabı 2005-ci ildəki kimi olmamalıdır. Müxalifət konsensusa hazır olduğunu bəyan etməlidir: “Müxalifət qüvvələri bir şeyi anlamalıdır ki, iqtidarla siyasi dialoqa getmək səviyyəsinə qədər inkişaf etməyən heç bir qüvvə demokratik qüvvə ola bilməz. Eyni fikirlər iqtidara da aiddir. İqtidarın daxilində elə qüvvələr var ki, iqtidarla müxalifət arasında hər hansı razılaşmanın qəti surətdə əleyhinədir. Bu qüvvələr müxalifətdə də var ki, onlar iqtidarla hər hansı şəkildə razılaşmanın əleyhinədir. Müxalifət hakimiyyət daxilindəki həmin qüvvəni arqumentlərini əlindən almaq üçün hansı məsələlərdə güzəştə getməyə hazır olduğunu bəyan etməlidir. Bu gün təəssüf ki, həm iqtidarda, həm də müxalifətdəki konsensus tərəfdarları azlıq təşkil edir. Qərbin neçə illər öncədən apardığı məlum danışıqların nəticə verməməsi bununla bağlıdır. 2005-ci ildə Qərb ”Azadlıq" blokuna parlamentdə 25 yerlə bağlı hakimiyyətlə razılıq əldə olunduğunu təklif şəklində bildirəndə blokdakı üç partiyadan ikisinin sədri faktiki olaraq razılaşmadı. Bəyan edildi ki, biz 75 yer əldə etmək istəyirik. Nəticədə konsensusa gəlmək mümkün olmadı və nəticə bəllidir. 

Builki seçkilərdə Qərb yenə konsensus əldə olunmasına çalışırsa, ilk növbədə müxalifət buna müsbət qarşılıq verməlidir, konsensusa hazır olduğunu səmimi şəkildə ortalığa qoymalıdır və hakimiyyəti fakt qarşısında qoymalıdır".

ADP sədri hesab edir ki, əgər belə olarsa, istisna deyil ki, çoxluq, yəni hakimiyyət də konsensusa gələcək və parlamentdə müxalifətin müəyyən miqdarda təmsilçiliyinə nail olmaq mümkün olacaq: “Müxalifət yenə çığallıq edəcəksə, seçkilər də həmişəki kimi keçiriləcək. İqtidarın konsensusdan qaçmasının qarşısını almaq üçün müxalifət ilk növbədə konsensusa gəlməyə hazır olduğunu bəyan etməlidir”.
Cia.az