|
Prezident parlament seçkisinə dair sərəncam imzaladı

Ölkə prezidenti İlham Əliyev dünən parlament seçkiləri ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri Konstitusiyaya uyğun olaraq noyabrın ilk həftəsinin ilk bazar günü keçirilməlidir. Bu tarix də noyabrın 1-nə düşür. Prezidentin sərəncamı Konstitusiyanın bu tələbinə uyğun olaraq verilib.   
Nəzərə çatdıraq ki, “Yeni Müsavat”ın ötən sayında avqustun 28-də belə bir sərəncamın imzalanacağını yazmışdıq.
 
Mərkəzi Seçki Komissiyasının sabiq üzvü Gülağa Aslanlı “Yeni Müsavat”a bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə, seçki kampaniyası seçki gününə ən azı 60 gün qalmış başlanmalıdır və bu barədə MSK rəsmi məlumat verməlidir. Seçkilərin 1 noyabrda keçirilməli olduğunu nəzərə aldıqda seçki gününə ən azı 60 gün qaldığı tarix sentyabrın 1-dir. Bu isə o deməkdir ki, seçki kampaniyası ən geci sentyabrın 1-də rəsmən başlanacaq. 
 
Seçki kampaniyasının başlandığı MSK tərəfindən elan olunandan sonra bu barədə rəsmi dövlət qəzetində dərc olunmalıdır. Rəsmi qəzetlərdə MSK-nın elanı dərc edilən gündən etibarən istənilən deputatlığa iddiaçının sənədləri seçki komissiyasına verilə bilər. Təqvim planı elə olmalıdır ki, sentyabrın birindən seçki komissiyaları sənədlərin qəbuluna başlamalıdır. Təqdim olunan sənədlərə baxılma isə beş gün ərzində həyata keçirilməlidir. Seçki komissiyası istəsə bir gün ərzində, istəsə 5 gün sonra sənədlərə baxıb deputatlığa namizədə rəsmi cavab verməlidir. İmza toplamaq üçün isə təqribən 14 gün vaxt nəzərdə tutulub. Təbliğat-təşviqat kampaniyası isə oktyabrın 8-də başlamalıdır və seçkiyə bir gün qalmış təbliğat-təşviqat kampaniyası dayandırılır.
 
Siyasi partiyalar isə deputatlığa namizədlərin ilkin siyahısını açıqlamaqdadırlar. Lakin məsələ təkcə bununla bitmir. Müxalifət partiyalarını qarşıda məntəqə seçki komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvləri, müşahidəçilər, namizədlərin səlahiyyətli nümayəndələri göndərmək kimi ciddi iş gözləyir. Azərbaycanda 5 minə yaxın məntəqə seçki komissiyası var. Hər məntəqə seçki komissiyasına bir nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü, bir nəfər müşahidəçi, bir nəfər səlahiyyətli nümayəndə göndərmək üçün 15 min nəfər lazımdır. Bəs Azərbaycanda müxalifət təşkilatlarının durumu bu qədər insan resursunu ortaya çıxarmağa imkan verəcəkmi? 
 
 
Müsavat Partiyasının Divan üzvü, təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bildirdi ki, təmsil olunduğu partiyanın sıralarında seçki işini mükəmməl bacaran təcrübəli, peşəkar insanlar kifayət qədərdir: “Onların əksəriyyəti indiyə qədər keçirilən bir çox seçkilərdə məşvərətçi səs hüquqlu komissiya üzvləri, müşahidəçi, səlahiyyətli nümayəndə olublar və təcrübəyə malikdirlər. Müsavat Partiyasının bu baxımdan problemi yoxdur, insan resursları kifayət qədərdir”. 
 
 
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, hakimiyyət seçkiləri demokratik keçirmək iradəsi nümayiş etdirməyəcəksə seçki komissiyalarında müxalifət partiyalarından komissiya üzvlərinin, müşahidəçilərin olub-olmamasının heç bir mənası yoxdur: “Təcrübə mənim bu fikirlərimin haqlı olduğunu təsdiqləyir. Seçkilərin demokratik keçirilməsinin əsas şərti nə qanunun təkmilliyi, nə də seçki komissiyalarında müxalifətin iştirakıdır. Əsas şərt siyasi iradədir. Siyasi iradə olacağı halda ən pis tərkibli seçki komissiyaları ilə də, heç bir müşahidəçi olmadan da indiyə qədər keçirilən seçkilərdən qat-qat yaxşı seçki keçirmək mümkündür. Vaxtıilə MSK-da AXCP-dən, Müsavatdan, ADP-dən tək də olsa üzvlər var idi. Həmin üzvlər saxtalaşdırılmış seçkilər olmasına baxmayaraq MSK-nın yekun sənədinə imza atdılar. Yəni biz xalqın, dövlətin taleyini seçki komissiyalarında olan fərdlərin şəxsiyyətinə, qeyrətinə, vicdanına buraxa bilmərik. Tapşırıq olandan sonra müqavimət göstərən komissiya üzvlərini də polis gəlib bayıra atır. Seçkinin demokratik keçirilməsi hakimiyyətin siyasi iradəsindən asılıdır. Odur ki, seçki komissiyalarında məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və ya müşahidəçilərin olub-olmaması ciddi əhəmiyyət daşımır. Seçki komissiyasında kimin olmasını əhəmiyyətli hesab eləmirəm. Onsuz da seçki saxtalaşdırılırsa seçki komissiyasının üzvünü, müşahidəçini adam yerinə qoyan olmur. Hakimiyyət hazırkı seçki komissiyalarına göstəriş versə ki, seçkidə saxtakarlıq olmayacaq, həmin seçkilər ideal keçəcək”. 
 
 
8 partiyanın daxil olduğu “Azadlıq 2015" seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Bəybala Əbil isə bildirdi ki, 20 ildir müxalifət o qədər sıxışdırılıb, seçkilər o qədər saxtalaşdırılıb ki, müxalifətin insan resursları azalıb. Məhz bu baxımdan KXCP partiyaların blok şəklində seçkiyə getməsində maraqlı oldu:”Reallıq budur ki, təkcə bir partiyanın ölkənin bütün ərazilərində beş minə yaxın seçki məntəqəsinə məşvərətçi səs hüquqlu komissiya üzvü, səlahiyyətli nümayəndə, müşahidəçi verməsi mümkün deyil. Bizim blokda 8 partiya var və blokdan təxminən 80 dairədən namizəd irəli sürüləcək. Həmin dairələrdə və dairələrin ərazisindəki məntəqə seçki komissiyalarında bloka daxil olan partiyaların nümayəndələri olacaq. Bu baxımdan hesab edirik ki, hər seçki məntəqəsində ən azı iki-üç adamla təmsil oluna biləcəyik".
 
 
AMİP katibi Elşən Mustafayev isə bildirdi ki, təmsil olunduğu partiyanın namizədlər irəli sürəcəyi dairələrdə və dairələrin ərazisindəki məntəqə seçki komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvləri, müşahidəçilər və səlahiyyətli nümayəndələr göndərmək üçün insan resursu var: “Hər bir namizədin seçki komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvü, müşahidəçi və səlahiyyətli nümayəndə vermək hüququ var. AMİP-in namizədləri bu hüquqdan istifadə edəcəklər. AMİP seçki təcrübəsi olan insanları bunun üçün indidən səfərbər etməyə başlayıb. Namizədlərin özlərinin yaxın ətrafının, qohumlarının da bu işə cəlb olunması yaxşı effekt verir. Biz bu üsuldan da istifadə edəcəyik”.
Cia.az