|
Hökumətin icrasını 10 il yubatdığı fərman var…
Bu gün Azərbaycanda elə problemlər var ki, onların həlli dövlət iradəsindən çox asılıdır. Doğrudur, qanunlar qəbul olunur, Prezident qanuna müvafiq olaraq normativlərin, hüquqi aktların tətbiqi hazırlanması üçün fərmanlar imzalayır. Amma əksər hallarda Nazirlər Kabineti və ya müvafiq dövlət orqanları ölkə başçısının fərmanlarını icra etmirlər. Buna misal olaraq bir neçə fakt təqdim edirik.
- Hələ 2014-cü ilin noyabr ayında Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Qanunun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verib. Fərmana görə, Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Prezidenti görülmüş işlər barədə məlumatlandırmalıdır. Lakin bu fərmanın verilməsinin iki aydan sonra bir ili tamam olacaq. Nə kredit faizlərinin aşağı salınmasına, nə də Mərkəzi Bankın hesabatlılığına rast gəldik. Əksinə, ötən müddət ərzində faiz dərəcələrində 4-5 faiz artım oldu.
 
- Habelə, 13 yanvar 2015-ci ildə  "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə Prezident fərman verib. Fərmana görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli idi. Əlbəttə, burada söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Sadəcə olaraq, 2004-cü ildə qəbul olunan "Reyestr haqqında" Qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı.
 
Məsələn, sovetlər dövründə verilən sənədlər "Reyestr haqqında" qanunda öz əksini tapmamışdı. Bu fərmanla onların  kolxoz və sovxozlar dağıldıqdan sonra vətəndaşlara verilən pay torpaqlarının qeydiyyatı yüngülləşdirilməlidir.
 
Bu məsələnin üzərindən yarım il keçməsinə baxmayaraq, Prezidentə hər hansı bir mexanizmlər təklif olunmayıb. 
 
- 24 noyabr 2014-cü ildə qəbul olunan "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Prezidentin Fərmanının icrası da yubadılır. Prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərin üç ay müddətinə hazırlanması tapşırılsa da, sənədin tam icrası yubadılır. İcrası barədə isə beş ay müddətində Prezidentə məlumat verilməli idi. Bununla bağlı yalnız o məlumdur ki, Baş nazir Artur Rasizadə "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2009-cu il 21 may tarixli 84 nömrəli qərarını ləğv edib. Bu qərar ölkə Prezidentinin 2014-cü il 24 noyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə verilib. Vəssalam. 
 
- "Tibbi sığorta haqqında" Qanunun icrası da dalana dirənənlərdən biridir. Qanun 1999-cu ildə qəbul edilsə də, onun tətbiq edilməsini təmin etmək məqsədi ilə verilən Prezident fərmanı icra olunmur. Fərmana görə, Nazirlər Kabineti iki ay müddətində: Dövlət Sığorta Agentliyi yaratmalı və ölkə başçısına məlumat verməli idi. Kimlərin hansı şərtlərlə sığortalanmasını, eləcə də sığortanın tətbiq və tənzimlənməsini bu agentlik həyata keçirməli idi. İlkin mərhələdə tibbi sığorta üzrə ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulurdu. 2009-cu ildən bəri hər il dövlət büdcəsindən tibbi sığorta islahatlarına milyonlarca manat vəsait ayrılır və istifadə olunmadığından ilin sonunda yenidən büdcəyə qaytarılır. 
 
- Azərbaycanda gəlirlərin bəyannaməsi haqqında qanun da 2005-ci ildə qəbul olunub. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər.
Qanunun qəbulundan sonra Prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verib.
 
Amma aradan 10 il keçsə də, Nazirlər Kabineti həmin formanı hazırlayıb ərsəyə gətirə bilmir. Bu səbəbdən də 6 ilə yaxındır ki, bu məsələ düyünə düşüb.
 
Prezidentin icra olunmayan fərmanlarının siyahısını artırmaq olar. Bəs kim məsuliyyət daşıyır, qanunda bu məsuliyyət kimin üzərindədir? 
 
"Hüquqi Dövlət" Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov "Bizim Yol"a bildirdi ki, Azərbaycan qanunvericiliyinə görə, Prezident icra hakimiyyəti orqanının rəhbəridir: 
 
"Konstitusiyanın 7-ci və 99-cu maddəsində birbaşa təsbit edilib ki, Azərbaycan Respublikasının icra hakimiyyəti Prezidentə mənsubdur. 114-cü maddəsinə görə isə Prezident icra səlahiyyətlərini həyata keçirmək üçün Nazirlər Kabineti orqanını yaradır və bu kabinet dövlət başçısının rəhbərliyi altında fəaliyyət göstərir. Milli Məclis tərəfindən qanunlar və digər hüquqi aktlar qəbul olunduqdan sonra onun tətbiqi haqqında Prezident fərman və ya sərəncam qəbul edir. Orada müvafiq orqanlara konkret tapşırıqlar verilir və onlar da nəzərdə tutulduğu müddət ərzində normativlər hazırlamalıdırlar". 
Hüquqşünasın sözlərinə görə, fərman və sərəncamların icrası ilə bağlı ciddi problemlər var: "Nazirlər Kabineti tərəfindən normativ hüquqi aktların vaxtında hazırlanması, Prezidentə təqdim edilməsi prosedurlarında çox ciddi pozuntularına yol verilir. Azərbaycan hüquqi dövlət olmadığına, bütün məsələlər bir nəfərin iradəsindən asılı olduğuna görə həmin vəzifəli şəxslərə qarşı heç bir tədbir görülmür. Normal dövlətlərdə bu prosedurlara əməl etməyən vəzifəli şəxslər ən azından intizam məsuliyyətinə cəlb edilirlər. Yəni ya vəzifəsindən uzaqlaşdırılmalı, ya da töhmət verilməlidir. Məsələn, 2005-ci ildə vəzifəli şəxslərin əldə etdikləri gəlirlər barəsində müvafiq qurumlara bəyannamə təqdim olunması barədə qanun var. Qanun o zaman tətbiq olunmalıdır ki, Nazirlər Kabineti tərəfindən həmin bəyannamələrin prosedurları təsdiq edilsin. Amma qanunun qəbulundan 10 il müddət keçməsinə baxmayaraq, Nazirlər Kabineti həmin prosedur qaydalarını təsdiq etmir. Ona görə də sözügedən qanun iflic vəziyyətdədir. Sadəcə olaraq o zaman beynəlxalq təşkilatlar qarşısında hesabat vermək xatirinə belə bir qanun qəbul etdilər. 
 
Bundan əlavə tibbi sığorta, antiinhisar fəaliyyəti, rəqabətlə bağlı qanunların tətbiqi illərdi ki, yubadılır".
 
M.Baxışova görə, bütün problemlərin kökündə Azərbaycanın hüquqi dövlət olmaması durur: "Ölkə qanunlarla deyil, qaydalarla idarə olunur. Hesabat vermək üçün qanunlar qəbul olunsa da, onun müddəalarına vəzifəli şəxslər tərəfindən əməl edilmir. Konstitusiyanın 114-cü maddəsinə görə, Nazirlər Kabineti Prezident qarşısında hesabat verməlidir. Prezident Administrasiyasında 430-dan çox ştat vahidi var. Onların əsas səlahiyyəti məhz bu kimi məsələlərə nəzarət etməkdir. Administrasiya da hər bir sahə üzrə şöbələri var. Bu şöbələr məhz hesabatlılığın təminatına cavabdehdir".    
Cia.az