Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri hazırda Prezident Administrasiyasının qarşısına toplaşıblar.
Musavat.com xəbər verir ki, bir müddət öncə Nazirlər Kabinetinin qarşısına toplaşan sakinlər baş nazirin müavini Abid Şərifovla görüşmək istəyiblər. Lakin Abid Şərifovla görüşə bilməyən sakinlər Prezident Administrasiyasına üz tutublar.
Nazirlər Kabinetindən sakinlərə heç bir kompensasiyanın ödənilməyəcəyi bildirilib.
50-yə yaxın sakin evlərinin qəzalı vəziyyətdə olduğunu bildirərək, Prezident Administrasiyasından rəsmi şəxslərdən birinin onları qəbul etməsini və problemlərinin həlli üçün kömək olunmasını tələb ediblər.
Xatırladaq ki, sakinlər bir müddət əvvəl də Prezident Administrasiyanın qarşısına toplaşmışdılar. Onlara Abid Şərifovla görüşmək məsləhət görülmüşdü. Lakin A.Şərifov onları qəbul etməmişdi.
Qeyd edək ki, Zığ qəsəbəsindəki sürüşmə zonasında 100-dən çox ev qəzalı vəziyyətdədir. Sakinlərə evlərindən çıxmaq məsləhət görülsə də, onlara heç bir kompensasiya ödənilmir.
Cia.az
