|
Xədicə İsmayıl və Tural Mustafayevin yaxınlarının ilginc ifadələri

Ötən saylarımızda sizi AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın cinayət işi üzrə istintaq materiallarının bir hissəsini yayımlamışdıq. İlk iki yazı dərc olunandan sonra ictimai sektorda bunu diqqətlə oxuyanlarla yanaşı, narazılıq bildirənlər də oldu. Son olaraq X.İsmayıl məhkəmədən mesaj verərək, bizim yayımladıqlarımızın istintaq materialı olduğunu, gerçək ifadələri özündə əks etdirmədiyini açıqlayıb.

Amma “Yeni Müsavat” olaraq bir daha bildiririk ki, biz cəmiyyətin diqqət mərkəzində olan cinayət işləri ilə bağlı eyni mövqeni nümayiş etdirmişik - bu işə aid olan bütün materialları dərc edirik.
 
Bu, qəzetimizin baş yazarı Rauf Arifoğlu üçün də, eks deputat Gülər Əhmədova üçün də, Lotu Quli.... üçün də keçərli olub. Bilirik ki, X.İsmayıl və onun yaxın ətrafını bu materialların yayımı məmnun etmir. Amma biz də peşə kodeksi və jurnalist etikasını nəzərə alıb, həmin materialda özəl və intim həyata aid bütün detalları çıxararaq dərc etməkdə davam edəcəyik. Məhbus jurnalistin işinin “mətbəx mərhələsi” oxucular və geniş ictimaiyyət üçün maraq kəsb etdiyindən detalları nəzərinizə çatdıracağıq.
 
Aynurə İmranova: “Tural həyat yoldaşı və uşaqlarını Bakıya gətirsə də, Xədicənin evinə gəlib-gedirdi...”
 
Bugünkü yazımızda da iş üzrə ifadə verən bəzi şəxslərin ifadələrinə yer verəcəyik. 
Şahid İmranova Aynurə İmran qızı iş üzrə verdiyi ifadəsində göstərib ki, bir neçə dəfə “Azad Avropa/Azadlıq Radiosu”nun Bakı bürosunda efirə gedən "İşdən sonra" proqramına dəvət alaraq verilişin qonağı olub, bundan başqa, radio ilə heç bir əməkdaşlığı olmayıb. Radioda məqaləsi efirə getməyib, radiodan ona heç vaxt hər hansı məbləğdə pul vəsaiti ödənilməyib.
 
"Azad Avropa/Azadlıq Radiosu" Azərbaycan nümayəndəliyinin Bakı bürosunun fəaliyyətinə hər hansı bir şəkildə cəlb edilməsi barədə heç vaxt təklif almayıb. X.İsmayılovanı bir neçə ildir ki, tanıyır, radionun Bakı bürosunun rəhbəri olduğu üçün, büroya işçilərin qəbul olunması onun səlahiyyətlərinə aid olduğundan əmək müqaviləsi ilə büroda jurnalist kimi işləmək məqsədi ilə ona müraciət edib. İlk yaxın tanışlığı da oradan başlayıb. Lakin X.İsmayılova onun radioda günəmuzd işləməsinə müsbət cavab verməyib, xidmət müqaviləsi əsasında öz VÖEN-i ilə işləməyi təklif edib, buna isə özü razı olmayıb. Sonralar bir neçə dəfə Xədicə onu özünün radioda apardığı verilişlərə dəvət edib və bunlardan sonra Xədicə İsmayılova ilə yaxın münasibətləri yaranıb. Təxminən bir il əvvəl münasibətlərində soyuqluq yarandığından elə bir ciddi əlaqələri qalmayıb. 2013-cü ilin noyabr ayında araşdırmaçı jurnalistlərin bacarıqlarını inkişaf etdirmək barədə layihə hazırlamış, elan olunmuş mövzular arasında araşdırmaçı jurnalistlərlə bağlı mövzunu seçmiş və layihəni hazırlamağa başlayandan sonra həmin layihədə Xədicə İsmayılova ödənişsiz əsaslarla işləyən əsas trener kimi, Şahvələd Çobanoğlu isə təşkilatın nümayəndəsi kimi göstərilib. X.İsmayılova araşdırmaçı jurnalist olduğuna görə onun adının layihədə olması araşdırmaçı jurnalistlər tərəfindən ciddi qəbul olunacaq. Ona görə də Xədicənin özündən onun adının layihəyə salınmasını xahiş edib və o razılaşıb. Layihə hazır olandan sonra ingilis dilinə tərcüməsi X.İsmayılova tərəfindən edilib.

A.İmranova istintaqa bildirib ki, X.İsmayılova ilə Turalın münasibətlərinin 09 mart 2014-cü ildən rəfiqəsi Rövşanə Rəhimova ilə tanış olandan sonra pozulduğunu və həmin gün Xədicənin evlərində Turalla mübahisə edərək onu evdən qovduğunu eşidib. X.İsmayılova ilə T.Mustafayevin həqiqətən də intim münasibətlərdə olduqlarını bilir. R.Rəhimovanı 2011-ci ildən tanıyır, onu tanıdığı vaxtdan Rövşanənin "Gənclik" metro stansiyasının yaxınlığında yerləşən hüquq firmasında işlədiyini bilib. Rövşanənin birgə yaşadığı anası ilə şəxsi tanışlığı isə 2014-cü ilin may-iyun aylarında olub. 
 
T.Mustafayevi isə 2013-cü ilin sentyabr ayında AzadlıqRadiosunun Göyçay rayonu üzrə müxbiri kimi tanıyıb. Turalla onu X.İsmayılova tanış edib. 2013-cü ilin noyabr ayının əvvəllərində T.Mustafayevlə birlikdə X.İsmayılovanın "Kaspian Plaza"da keçirdiyi təlimlərdə iştirak edib. Turalın AzadlıqRadiosundan işdən çıxmasının səbəblərini dəqiqliklə bilmir, Turalın Xədicə ilə dostluq münasibətləri, sonuncunun anasının evinə gəlib-getməsi 2014-cü ilin mart ayına kimi davam edib. 2014-cü ilin əvvəllərində Tural öz həyat yoldaşını və uşaqlarını da Bakı şəhərinə gətirib kirayə ev tutub, bununla belə, yenə Xədicə İsmayılovanın evinə gedib-gəlməyi davam edib. 

“Səsli mesaja qəsdən Xədicənin yanında qulaq asdım ki...”
 
2014-cü ilin mart ayının 8-də X.İsmayılova və sonuncunun dostları Arzu, Fəricanla birlikdə "Status" kafesində oturarkən, Xədicə onun rəfiqəsi Rövşanə ilə görüşməli olduğunu bilib, sonuncunu da kafeyə dəvət etməyi xahiş edib. Bundan sonra Rövşanəyə zəng edib onu kafeyə dəvət edib. Sonuncu kafeyə gələrək onlarla birgə gecə saat 23-24 radələrinə kimi məclisdə oturub. T.Mustafayev də Xədicəyə zəng vurub onun harada olmasını soruşandan sonra kafeyə gəlib. 
 
T.Mustafayev də dəfələrlə Rövşanəni rəqsə dəvət edərək onunla oynayırdı. Hamı ayağa durub evə getmək üçün bayıra çıxandan sonra Xədicə və Fəricanla birgə taksiyə oturan vaxt Turalı da maşına dəvət edəndə, sonuncu Rövşanəni yola salacağını deyib onlarla getməyib. Rövşanə və Tural kafedən çıxıb piyada gediblər. Xədicəgilin evinə çatandan sonra gecə Rövşanə ona səsli mesaj yazıb, Turalın ona öz ailəsindən danışdığını, bədbəxt olduğunu və ondan xoşu gəldiyini dediyini bildirib. Rövşanənin danışığından onun Turaldan xoşu gəldiyini hiss edib. Evdə olduğu zaman Rövşanənin səsli mesajına qulaq asanda Xədicə də bunu eşidib. Daha doğrusu, o, özü qəsdən səsli mesaja Xədicənin yanında qulaq asıb ki, sonuncu Turalın necə adam olmasını bilsin. 
 
Xədicə Rövşanənin mesajına qulaq asandan sonra bir söz deməyib, yalnız gülümsəyib. Səhərisi gün 09 mart 2015-ci il tarixdə Rövşanə ilə birlikdə Novxanı qəsəbəsində keçirilən təlimə gediblər. Orada Rövşanənin Turalla mesajlaşmasını müşahidə ediblər. Tədbir qurtarandan sonra saat 18 radələrində Xədicə İsmayılova ilə danışanda sonuncu Turalın onun yanında olduğunu bildirib. Bunu biləndən sonra, yanında olan Rövşanəyə müraciət edərək "Tural sənə deyir hardayam?", deyə soruşub, sonuncu da Turalın Əhmədlidə, dayısıgildə olduğunu dediyini bildirib. A.İmranova isə Rövşanəyə "yalan deyir, Xədicəgildədir" deyib. Rövşanə bundan pis olaraq Turala nəsə yazıb. Daha sonra Rövşanəyə hətta Turalın Xədicə ilə münasibətlərinin olduğunu da deyib.
 
09 mart 2014- cü ildə Xədicənin Turalı evdən qovmasını bilir, ancaq bu barədə tam məlumatı yoxdur. 2014-cü ilin may ayında Turalla Rövşanə nişanlanıblar. Nişandan sonra onlarla elə də yaxın əlaqələri olmayıb. 2014-cü ilin sentyabr ayında isə onların ikisini də bir yerdə görmüş, Qurban bayramında hər ikisi ona qurban payı gətiriblər. Turalın özünü öldürmək istəməsini isə həmin gün Rövşanənin zəngindən sonra eşidib. 
 
Jurnalisti tutduran gəncin atasından ilginc ifadə: “AzadlıqRadiosunda işləyənə qədər içki içmirdi, namaz qılırdı...”
 
Zərərçəkmiş şəxs Tural Mustafayevin atası Mustafayev Bulut Bahadur oğlu şahid ifadəsində bildirib ki, ailəsi ilə birgə Göyçay şəhərində yaşayır, Mustafayev Tural Bulut oğlu onun yeganə övladıdır. Tural 2000-ci ildə Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbi demək olar ki, əla qiymətlərlə bitirib, məktəbə 6 yaşında gedib, oxuduğu dövrdə müəllimlərinin sevimlisi olub. Onun sağlamlığı, psixoloji durumu ilə bağlı heç bir problemi olmayıb, ağıllı, sakit uşaq olub. 
 
Tural orta məktəbi bitirəndən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarını verərək "Təfəkkür" Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsinə qəbul olunub, 2007-ci ildə diplomu alandan sonra Göyçay şəhərinə gəlib, ANS televiziyasında müsabiqə elan olunduğunu eşidib anket məlumatlarını həmin televiziyanın saytına göndərib. 
 
Bir müddət sonra Tural ANS-in Şirvan bölgəsi, o cümlədən Göyçay rayonu üzrə bölgə müxbiri kimi işə qəbul olunub.. Təxminən bir il işlədikdən sonra ona məlum olmayan səbəbdən Tural ANS-dən çıxıb, bir müddət Şəki şəhərində yerləşən televiziyanın Şirvan bölgəsinin müxbiri vəzifəsində işləyib. Şəki televiziyasında bir neçə ay işləyib, oradan təxminən 2013-cü ilin fevral-mart aylarında AzadlıqRadiosuna işə qəbul olunub. Həmin radioya necə qəbul olunduğunu dəqiq bilmir, Tural AzadlıqRadiosuna işə qəbul olunduqdan sonra Bakı şəhərinə gedərək orada işləməyə başlayıb. Hərdən radionun işləri ilə bağlı rayona da gəlib- gedib.
 
Atasının dediyinə görə Tural söhbətlərində X.İsmayılova ilə bir yerdə işlədiklərini, münasibətlərinin yaxşı olduğunu, onun çox nüfuzlu adam olduğunu, işlərində ona köməklik etdiyini deyib. Həmçinin Turalın söhbətlərindən onu da bilib ki, X.İsmayılova əvvəllər AzadlıqRadiosunun Azərbaycanda rəhbəri olub, sonra özü həmin işdən çıxıb elə həmin radioda jurnalist kimi fəaliyyət göstərir, lakin faktiki olaraq qeyri-rəsmi həmin radionun Azərbaycan bölməsinin rəhbəridir, heç bir məsələ Xədicənin razılığı olmadan həll olunmur, hamı onu eşidir, xarici qeyri-dövlət təşkilatları ilə də əlaqələri genişdir. Radioda işlədiyi müddətdə Tural Bakı şəhərində kirayədə yaşayıb. Arvadı Şəfa və uşaqları isə Göyçayda qalıblar. 
 
Söhbət zamanı gəlini Şəfa Turalın Bakıda kimlərəsə qoşulduğunu, onun günü-gündən dəyişdiyini, uşaqlarından, ondan soyuduğunu, ona görə də ailəni qoruyub saxlamaq xatirinə Bakıya, Turalın yanına getmək istədiyini bildirib. Daha sonra da Bakıya gedib. Lakin təxminən 2013-cü ilin noyabr ayında Tural AzadlıqRadiosundan öz ərizəsi ilə işdən çıxıb. Atası bildirib ki, Tural işdən çıxmasının səbəbi kimi X.İsmayılova ilə aralarında yaranan narazılığı göstərib. Narazılığın səbəbini soruşsa da bu barədə bir söz deməyib. Tural, sadəcə, olaraq onu bildirib ki, X.İsmayılova ilə aralarında narazılıq olub, onsuz da Xədicə onu orada işləməyə qoymayacaq, ona görə də radiodakı işindən uzaqlaşıb. 
 
Təxminən 2014-cü ilin yanvar ayının əvvəllərində Tural Xədicə ilə münasibətlərinin yenidən düzəldiyini və onun köməkliyi ilə "Meydan" televiziyasına işə düzəldiyini bildirib. Söhbətlərin birində “Meydan TV”nin rəhbəri Emin Millinin Almaniyada yaşadığını, X.İsmayılova ilə münasibətlərinin çox yaxın olduğunu, dost olduqlarını deyib. Gəlini Şəfa da təxminən 2014-cü ilin əvvəllərində uşaqları ilə birlikdə Bakıya gəlib. Bakıda yaşadıqları dövrdə Turalla gəlinin arasında elə bir ciddi narazılıq olmasını eşitməyib. Ancaq Şəfa həmin dövrdə Turalın spirtli içki içməsini, evə gec gəlməsini, bəzən isə ümumiyyətlə gəlməməsini, tamam dəyişdiyini bildirib. Oğlu Tural əvvəllər namaz qılıb, spirtli içki içmədiyindən, birdən-birə içki içməsini başa düşə bilməyib, özündən soruşanda Tural bunları boynuna almayıb. 
 
Atası deyib ki, Tural Azadlıq Radiosuna işə girdiyi dövrdən namazdan uzaqlaşıb, Bakıya gedəndən sonra tamam dəyişib. 2014-cü ilin mart ayında Tural "Meydan-TV"dən də işdən çıxıb,  "Meydan TV"dən işdən çıxarılandan sonra iş yeri tapa bilməyib və maddi cəhətdən çox çətinlik çəkib. Ondan "bəs səni Xədicə işə düzəldib, nə üçün işdən çıxarıblar? Deyirdin Xədicə belə güclü adamdır", -  deyərək soruşanda Tural Xədicə ilə münasibətlərinin pozulduğunu və işdən da elə bu səbəbə görə çıxarıldığını bildirib. Ona “əgər belədirsə onda başqa yerdə işə düzəl” deyəndə Tural bildirib ki, o, müxtəlif yerlərə işə düzəlməyə çalışır, lakin bir problem var ki, onun ixtisası jurnalistdir, bunu uşaqlıqdan arzu edib və jurnalist kimi fəaliyyət göstərmək istəyir. Lakin onun X.İsmayılova ilə yaxın münasibətdə olmasını hamı bilir, müraciət etdiyi media təşkilatlarında Xədicəni hamı tanıyır və həmin təşkilatların rəhbərləri Xədicə İsmayılovaya münasibətdə ayrı-ayrı mövqelərdə olsalar da, bir hissəsi ona görə, yəni Turala görə Xədicə İsmayılova ilə münasibətlərini pozmaq istəmir. Digərləri isə onu Xədicə İsmayılova ilə eyni mövqedən reportajları hazırlayan adam kimi qəbul edir və hər iki səbəbə görə işə götürmək istəmirlər.

İntihardan sonra Tural Mustafayev Maştağadakı ruhi dispanserə göndərilib
 
Atasının dediyinə görə, Turalın X.İsmaylova ilə münasibətlərinin pozulmasına səbəb oğlunun Rövşanə adlı qızla tanış olması və X.İsmayılovanın onu qısqanması olub. Qısqanclıq zəminində də X.İsmayılova onun işə düzəlməsinə maneələr törədib, tanışlarının arasında Turalı mənfi xarakterizə edərək, barəsində böhtan xarakterli şayiələr yayıb, hətta onu homoseksual kimi qələmə verməyə çalışıb. 
 
Təxminən 2014-cü ilin aprel ayında Tural anasına Rövşanə adlı bir qızı sevdiyini və onunla ailə qurmaq istədiyini deyib, ərizə yazaraq arvadından boşanıb. 20 oktyabr 2014-cü il tarixdə Turalın intihar etmə cəhdindən sonra ona məlum olub ki, Tural bu qərarı qəbul etməzdən əvvəl X.İsmayılova ilə görüşüb, ondan əl çəkməsi ilə bağlı söhbət etmək istəsə də, X.İsmayılova onu eşitmək istəməyib, yenidən təhqir edərək görüşməkdən imtina edib. Bundan sonra Tural bütün ümidlərini itirib, çıxış yolu görməyib intihar etmək qərarına gəlib. 
 
İntiharın səhərisi gün Tural xəstəxanadan özü çıxıb zəng edərək artıq yaxşı olduğunu bildirib və Göyçaya gəlib. Rayona evə gələndən sonra onu tanış psixiatr həkimə aparıb, həkim vəziyyətini nəzərə alıb bir qədər kənar təsirlərdən aralanmaq və sakitləşmək üçün Maştağa qəsəbəsində olan ruhi əsəb dispanserinə göndəriş verib. Atası Turaldan intihar etməsinin səbəbini soruşanda Xədicənin təhdidlərindən, işsiz qalmasından, işə düzəlməyə imkan verməməsindən yorulduğunu deyib, X.İsmayılova ilə danışmaq və ondan əl çəkməsi ilə bağlı söhbət etmək qərarına gəldiyini bildirib, lakin sonuncu onunla görüşmək əvəzinə ağır sözlərlə, daha da pis vəziyyətlərə düşəcəyini deyib onunla görüşüb söhbət etməkdən imtina etdiyini söyləyib. 
Cia.az