|
Təyyarənin qalıqları Xarkova aparıldı

İyul ayında Ukraynanın Donetsk səmasında vurulan Malayziyaya məxsus "MH17" sərnişin təyyarəsinin qalıqları Ukraynanın Xarkov şəhərinə gətirilib.

ANS PRESS-in məlumatına görə, qalıqlar hadisə yerində axtarışlar aparan holland ekspertlərin müşayiəti ilə qatar vasitəsilə aparılıb. Təyyarənin qalıqları və şəxsiyyəti məlum olmayan insan qalıqları yoxlamalar üçün Xarkovdan Niderlanda aparılacaq.

"MH17" təyyarəsində əksəriyyəti holland olmaqla, 298 nəfər var idi və onların hamısı həlak olmuşdu. Təyyarənin vurulmasına görə Donetskdəki Rusiya-yönümlü qüvvələr ittiham edilsə də, onlar bu ittihamları rədd ediblər.

Qəzanın dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib. Qəza yerinə yaxın döyüşlər getdiyindən araşdırmalar bir neçə həftə dayandırılmış, daha sonra döyüşçülərlə əldə edilən razılaşmadan sonra qalıqların hadisə yerindən götürülməsi mümkün olmuşdu.