|
AMİP və ADP namizədlər siyahısını açıqladı
Azərbaycanda parlament seçkiləri Konstitusiyaya uyğun olaraq noyabrın ilk həftəsinin ilk bazar günü keçirilməlidir. Bu tarix də noyabrın 1-nə düşür. Odur ki, Konstitusiyanın tələbinə görə seçkilər noyabrın 1-nə təyin edilməlidir. Dövlət başçısının bu barədə sərəncamı olmalıdır. Bu barədə Mərkəzi Seçki Komissiyasının sabiq üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a parlament seçkiləri kampaniyasının mərhələlərindən danışarkən bildirdi. 
 
G.Aslanlı qeyd etdi ki, Seçki Məcəlləsinin tələbinə görə, seçki kampaniyası seçki gününə ən azı 60 gün qalmış başlanmalıdır və bu barədə MSK rəsmi məlumat verməlidir. Seçkilərin 1 noyabrda keçirilməli olduğunu nəzərə aldıqda seçki gününə ən azı 60 gün qaldığı tarix sentyabrın 1-dir. Bu isə o deməkdir ki, seçki kampaniyası ən gec sentyabrın 1-də rəsmən başlanmalıdır. Seçki kampaniyasının başlandığı MSK tərəfindən elan olunandan sonra bu barədə rəsmi dövlət qəzetində dərc olunmalıdır. 
 
Rəsmi qəzetlərdə MSK-nın elanı dərc edilən gündən etibarən istənilən deputatlığa iddiaçının sənədləri seçki komissiyasına verilə bilər. Təqvim planı elə olmalıdır ki, sentyabrın birindən seçki komissiyaları sənədlərin qəbuluna başlamalıdır. Təqdim olunan sənədlərə baxılma isə beş gün ərzində həyata keçirilməlidir. Seçki komissiyası istəsə bir gün ərzində, istəsə 5 gün sonra sənədlərə baxıb deputatlığa namizədə rəsmi cavab verməlidir. Elə hallar olub ki, deputatlığa iddiaçının sənədlərini təqdim olunan gün baxıb təsdiqləyiblər. Elə hal da olub ki, sənədlər təqdim olunandan beş gün sonra baxıb təsdiqləyiblər və imza vərəqələri veriblər. İmza toplamaq üçün isə təqribən 14 gün vaxt nəzərdə tutulub. Təbliğat-təşviqat kampaniyası isə oktyabrın 8-də başlamalıdır və seçkiyə bir gün qalmış təbliğat-təşviqat kampaniyası dayandırılır".
 
 
G.Aslanlı məlumat verdi ki, Müsavat Partiyası Məclisinin avqustun 29-da növbədənkənar sessiyası olacaq:“Sessiyada Müsavat Partiyasının razılaşdırılmış namizədləri təsdiq ediləcək. Məclis razılaşdırılmamış dairələrdə sonradan razılaşmalar olanda həmin dairələrdən olacaq namizədlərin namizədliyi Divanda da təsdiqlənə bilər. Məclis bu barədə Divana səlahiyyət verə bilər. Namizədlər təsdiq olunduqdan və seçki kampaniyası başlayandan sonra namizədlərin sənədləri seçki komissiyasına təqdim olunacaq”.
 
Digər siyasi partiyalardan isə artıq bir sıra dairələr üzrə namizədlər siyahısını açıqlayanlar var. 
 
AMİP Siyasi Şurası 2015-ci il Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək namizədlərin bir qismini təsdiq edib və ictimaiyyətə açıqlayıb. Bu barədə “Yeni Müsavat”a partiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, dünən partiyanın rayon təşkilatı sədrlərinin toplantısında partiyanın deputatlığa namizədlərinin bir qismi müəyyənləşdirilib, digər namizədlərin məsələsinin isə Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınması nəzərdə tutulub. 
 
Qərara əsasən aşağıda adları qeyd olunan şəxslərin namizədliyi AMİP tərəfindən irəli sürülüb: 
 
9 saylı Binəqədi ikinci seçki dairəsindən Əli Orucov- AMİP Siyasi Şurasının üzvü , “Millət” qəzetinin baş redaktoru, 15 saylı Yasamal birinci seçki dairəsindən Elşən Mustafayev-AMİP beynəlxalq əlaqələr katibi, 19 saylı Nərimanov birinci seçki dairəsindən Eldar Hüseynov-AMİP Siyasi Şurasının üzvü,  23 saylı Nəsimi-Səbayel seçki dairəsindən Suğra Nəcəfova-AMİP Mərkəzi Şurasının üzvü, 25 saylı Nizami ikinci seçki dairəsindən Məmmədəli Səfərov-AMİP Nizami RT sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Ayaz Rüstəmov-AMİP Mərkəzi Şurasının üzvü,  34 saylı Xətai ikinci seçki dairəsindən Məhərrəm Həsənov- AMİP Siyasi Şurasının üzvü, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yusif Bağırzadə-AMİP sədri,  41 saylı Sumqayıt birinci seçki dairəsindən Dünyamin Əhmədli-AMİP Sumqayıt RT sədri, 79 saylı İmişli seçki dairəsindən Tapdıq Həsənov-AMİP İmişli RT sədri, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Elçin Əzizov-AMİP üzvü, 90 saylı Ağdaş seçki dairəsindən Loğman Əliyev- AMİP Mərkəzi İntizam Komissiyasının üzvü, 102 saylı Samux-Şəmkir seçki dairəsindən İradə Həsənova-Samux RT sədri, 113 saylı Şəki şəhər seçki dairəsindən Əbulfəz Bağırov-AMİP Şəki RT sədri, 119 saylı Ağdam kənd seçki dairəsindən Yaşar Həsənov-AMİP Ağdam RT sədri.
AMİP lideri Etibar Məmmədovun adı partiyanın açıqladığı siyahıda yoxdur. AMİP rəhbərliyi bəyan edib ki, deputatlığa namizəd olub-olmaması Etibar Məmmədovun özünün verəcəyi qərardan asılıdır. 
 
Dünən ADP də namizədlərinin ilkin siyahısını açıqlayıb. Partiyadan verilən məlumata görə, ADP-nin Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib. Toplantıda Milli Məclisə bu ilin noyabrında keçirilməsi planlaşdırılan seçkilərdə partiyadan olan namizədlərin ilkin siyahısı, seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq atılacaq addımların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib. Qərara alınıb ki, 5 sentyabr 2015-ci ildə partiyanın Ali Məclisinin iclası keçirilsin və seçkilərlə bağlı məsələlər Məclisin müzakirəsinə çıxarılsın. 
 
Eyni zamanda seçkilərdə partiya adından iştirakı dəqiqləşdirilən aşağıdakı ilkin siyahının açıqlanması qərarlaşdırılıb: Sərdar Cəlaloğlu-9 saylı Binəqədi 2-ci seçki dairəsi, Həsrət Rüstəmov-14 saylı Xəzər seçki dairəsi, Taliyət Əliyev- 21 saylı Nəsimi 1-ci seçki dairəsi, Rəşid Mansurov-22 saylı Nəsimi 2-ci seçki dairəsi, Bəhruz Məmmədov -23 saylı Nəsimi-Səbail seçki dairəsi, Nurəddin İsmayılov-25 saylı Nizami 2-ci seçki dairəsi, Zakir Hüseynov-34 saylı Xətai 2-ci seçki dairəsi, Vasif Abdullayev-35 saylı Xətai 3-cü seçki dairəsi, Xaliddin Cahangirov-42 saylı Sumqayıt 2-ci seçki dairəsi, İsa Cəfərov-44 saylı Sumqayıt-Abşeron seçki dairəsi,  Kamil İsayev-46 saylı Şirvan seçki dairəsi,  Cəbrayıl Dünyamalıyev - 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi,  Daşqın Nuriyev- 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi,   Məmmədağa Eynullayev-70 saylı Masallı şəhər seçki dairəsi, Rahib Həşimov-75 saylı Lənkəran-Masallı seçki dairəsi.
 
8 partiyanın təmsil olunduğu “Azadlıq-2015" seçki bloku isə hələ siyahını dəqiqləşdirir. Blokun seçki qərargahının rəhbəri Bəybala Əbil bildirib ki, siyahı bugünlərdə elan olunacaq: ”Blok 80 dairədən namizəd irəli sürəcək. Blok daxilindəki 8 partiyadan KXCP-nin namizədi daha çoxdur. Elə dairələr var ki, “Azadlıq-2015" blokunun oradan namizədi olmayacaq. Amma bəzi dairələrə 2-3 nəfər iddialı var. Əslində seçki qərargahının siyahını gec çap etməsinin əsas səbəbi dəqiqləşmə ilə bağlıdır. 3-4 nəfərin iddia etdiyi dairədə daha çox güclü namizəd üzərində dayanacağıq. Blok ola bilsin, mübahisəli dairədə 1 namizəd irəli sürsün, ancaq blokda təmsil olunan partiyalar öz namizədini ayrı-ayrılıqda versin. Yəqin bu həftə məsələlər həll olunacaq”.

Ümid Partiyasının müdafiə etdiyi 80-nə yaxın deputatlığa namizədin siyahısı təxminən iki həftə öncə açıqlanıb.
 
Hakim Yeni Azərbaycan Partiyası isə hələ ki siyahını açıqlamayıb. Hakim partiya siyahısını bu həftə açıqlayacağını bəyan edib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq  seçkilərə ən azı 60 gün qalmış Azərbaycan Prezidentinin sərəncamı olur. Ölkə başçısının Milli Məclisə seçkilərin elan olunması ilə əlaqədar sərəncamı dərc olunandan və qüvvəyə minəndən sonra YAP İdarə Heyəti namizədləri ilə bağlı qərar qəbul edəcək. Qərar qəbulundan sonra siyahı açıqlanacaq.
Cia.az