“Onlar istəyirlər ki, müxalifət seçkidə iştirak etsin və mümkündürsə, bir blokdan çıxış etsin”; tanınmış politoloq müxalifətlə görüşlərin arxasında dayanan sirri açdı
Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun, bəzi beynəlxalq təşkilatların təmsilçilərinin müxalifət partiyaları ilə təmasları, müzakirələri intensivləşir. Son 10 gündə az qala hər gün hansısa tanınmış müxalif təşkilatların rəhbərləri ilə görüş xəbəri yayılır. Təkcə Müsavat Partiyasının başqanı Arif Hacılı ilə 10 gün ərzində Böyük Britaniya səfirliyi iki dəfə görüşüb.
Yayılan rəsmi açıqlamalarda görüşlər zamanı seçkilər, ölkədə demokratiyanın durumu, Avropaya inteqrasiya məsələlərinin müzakirə edildiyi deyilir.
Diqqəti cəlb edən məqam isə Avropa İttifaqının və Böyük Britaniya diplomatlarının fəallaşmasıdır.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, diplomatik korpusun və Avropa İttifaqının müxalifətlə təmasları intensivləşdirməsi məhz 2015-ci il parlament seçkiləri ilə bağlıdır: “Qərb anlayır və istəyir ki, bütün demokratik proseslər məhz parlamentdən başlamalıdır. Küçə və meydan mübarizəsi Azərbaycan cəmiyyətində demokratik dəyişikliklərə gətirib çıxara bilmədi. Bunun da konkret səbəbləri var və bunu təbii ki, Qərb dünyası bilməmiş deyil. Ancaq indiki şəraitdə müxalifətlə Avropa və ABŞ diplomatlarının tez-tez görüşməsi seçkilərin boykot edilməməsinə nail olmağa yönəlib. Onlar istəyirlər ki, müxalifət seçkidə iştirak etsin və mümkündürsə, bir blokdan çıxış etsin. Ola bilsin ki, bu kontekstdə hakimiyyətlə də danışıqlar aparılsın. Diqqət edirsinizsə, artıq ABŞ səfiri YAP rəhbərliyi ilə də görüşüb. Məncə, Qərb əsl müxalifətin parlamentə düşməsini istəyir. Danışıqlarda bu məsələ də güman ki yer tutur. Qərb bundan sonrakı dönəmdə məhz parlament vasitəsilə ölkədə müsbət dəyişikliklərin təməlini qoymaq istəyir. Qərbin bu planı 2005-ci ildə də var idi. O zaman seçkidə müxalifət olaraq iştirak edən ”Azadlıq" blokunun 25 nəfərlə parlamentə düşməsi məsələsi demək olar ki, həll olunmuşdu, lakin həmin blokun üzvü olan partiyalardan birinin liderinin kobud yanlışlığı ucbatından o plan baş tutmadı və proses hakimiyyətin xeyrinə inkişaf etdi.
Qərb indi də proseslərin Azərbaycanda inqilab yolu deyil, tədrici demokratikləşmə yolu ilə getməsinə çalışır. 2005-ci ildəki projenin heç olmasa bundan sonra davam etməsi üçün yenidən bu prosesi başlatmaq istəyi hiss olunur".
Cia.az
