Türkiyədə seçkilər ölkə siyasi həyatının həlledici hadisəsi olsa da, Azərbaycan haqda bunu demək olmur...
Noyabrın 1-də Türkiyədə erkən seçkilər keçiriləcək. İyunun 7-də keçirilən parlament seçkilərindən sonra siyasi partiyaların koalisiya hökuməti qurmaq danışıqları nəticə vermədiyindən, qanuna əsasən 45 günlük koalisiya danışıqları müddəti başa çatdıqdan sonra ölkə prezidenti yeni seçkilər təyin edir.
Türkiyə qanunlarına görə, koalisiya danışıqları alınmadığı təqdirdə keçici hökumət formalaşdırılır və keçici hökumət 3 ayın içində erkən seçkiləri keçirir. Məlumdur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erkən seçkiləri noyabrın 1-nə təyin edib, keçmiş baş nazir Əhməd Davudoğluna isə keçici hökuməti təşkil etmək tapşırılıb.
Artıq parlament rəhbərliyi ilə məsləhətləşən baş nazir Davudoğlu keçici hökumət kabinetinin bölüşdürülməsi siyahısını hazırlayıb. Türkiyə mətbuatı yazır ki, qanuna əsasən hazırkı tərkibdə parlamentdə təmsil olunan partiyalar keçici hökumətdə təmsil olunmalıdır. Parlamentin hazırkı tərkibini əsas götürən baş nazir Davudoğlu baş nazir postundan başqa 11 nazir postunu AKP-yə, 5 yeri CHP-yə, MHP və HDP-yə isə hər birinə 3 nazir postu təklif edir.
Bundan başqa, qanuna əsasən seçkinin taleyini əsas həll edən daxili işlər, ədliyyə və nəqliyyat nazirləri postu isə müstəqil şəxslərə veriləcək. Bundan əlavə, keçici hökumətdə baş nazirin 4 müavinindən ikisi AKP-dən, qalan ikisi isə müxalifətdən təyin olunacaq.

Təbii ki, yuxarıda sadalananlar hazırkı Türkiyə qanunvericiliyinin seçkilər və hökumət qurulması ilə bağlı prosedur qaydalardır. Hər nə qədər Türkiyədə avtoritarizm iddiaları olsa da, 13 illik AKP iqtidarı bu qanunlardan kənara çıxmaq və ya onu dəyişdirmək fikrinə düşməyib. Qarşıdakı 3 ay ərzində Türkiyəni parlamentdə təmsil olunan 4 partiyanın namizədlərindən təşkil olunacaq hökumət idarə edəcək. Seçkiləri də bu hökumət keçirəcək.
Türkiyədə seçkilərin nəticələri barədə indidən fərqli proqnozlar, seçim sorğuları hazırlansa da, hələlik heç kim ciddi rəy söyləyə bilmir. Çünki hər nə qədər sorğular mötəbər sayılsa da, son söz Türkiyə vətəndaşının olacaq. İndilikdə isə bir çoxları seçkilərin nəticələrinə əsasən AKP-nin yenidən təkbaşına hökumət quracaq qədər mandat qazanacağını inandırıcı saymır.
Bəzi sorğularda AKP-nin bir neçə faiz səs artırdığı görünsə də, bir çox sorğularda səs itkiləri müşahidə olunur. Bu səbəbdən noyabrın 1-də Türkiyədə hansı ovqatın olacağını indidən demək mümkün deyil. Mümkün olan yeganə hal seçkilərin həqiqi bir yarış olacağı, xalqın iradəsini əks etdirən nəticə ortaya qoyulacağıdır. Bu səbəbdən də erkən seçki olmasına baxmayaraq artıq Türkiyədə seçki həyəcanı başlayıb.

Maraqlıdır ki, Türkiyə ilə eyni gündə Azərbaycanda da parlament seçkiləri keçiriləcək. Azərbaycanda Türkiyədən fərqli olaraq parlament seçkilərinin tarixi hələ ötən ildən bəlli idi. Yəni seçkilər təyin olunmuş vaxtda keçiriləcək. Ancaq Azərbaycanda qanunverici orqana keçiriləcək seçkilərə 2 ay qalmasına baxmayaraq hələ də ölkədə seçki ab-havası yoxdur. Hətta o qədər ki, əksər siyasətçilər və siyasi partiyalar namizədlərini, onların iştirak edəcəkləri dairələri açıqlamayıblar.
Üstəlik, Azərbaycanda hətta siyasətlə maraqlanmayanlar da artıq indidən seçkinin nəticələri haqda ümumi bilgiyə sahibdir. Bu mənada ölkə vətəndaşlarının son dərəcə əhəmiyyətli bir hissəsi seçkilərlə ilgilənmir və ya ən azından ciddi dəyişiklik gözləmir. Ayrı sözə, seçkilər eyni gündə keçirilsə də, iki türk ölkəsində parlament seçkiləri arasında 180 dərəcə fərq var: Türkiyədəki seçkilər Türkiyə dövlətinin taleyinin müəyyən olunmasında rol oynasa da, Azərbaycandakı seçkilərin real siyasi həyata təsiri müqayisəedilməz dərəcədə azdır.
Cia.az
