Rubl kliniki ölüm vəziyyətində ikən rus döyüş gəmiləri Xəzərdə on günlük fasilədən sonra yenidən təlimlərə başlayıb; NATO baş katibinin Gürcüstana səfərinə cəmi bir gün qalmış Kreml həm qorxudur, həm də qorxur...
Qərbin, özəlliklə də ABŞ-ın Rusiyaya qarşı genişləndirdiyi, rublun sürətlə dəyərsizləşməsi ilə müşayiət olunan iqtisadi-maliyyə savaşı, şübhəsiz, ilk növbədə Putin hakimiyyətini laxlatmağa yönəlib. Belə görünür, qlobal demokratiya və maliyyə paytaxtları Putinin “fatihəsi”ni veriblər, sadəcə, zaman məsələsi var.
Bəs niyə Rusiyanın hazırkı prezidenti Qərb üçün, ABŞ, Avropa, NATO üçün bunca arzuolunmaz oldu? Ona görə ki, Qərb KQB məktəbinin sonuncu monstrı olan Putinin 2008-ci ildə Gürcüstana qarşı “5 günlük müharibə”dən tutmuş, Krımın Rusiyaya birləşdirilməsi avantürasınadək bəşəriyyət üçün, oturuşmuş beynəlxalq təhlükəsizlik sistemi üçün, 2-ci Dünya Savaşından sonra qurulmuş Avropa düzəni üçün, beynəlxalq hüququn özü uçun, nəhayət, Yaxın Şərqdə daimi sülhə nail olmaq üçün (Suriya məsələsi) nə dərəcədə ciddi təhlükə və əngəl olduğuna əminlik hasil etdi. Ona da əmin oldu ki, Qərbə əlcək atan Putini bu təhlükəli yoldan yalnız işğalçı Rusiyanın iqtisadi-maliyyə sistemini çökdürməklə uzaqlaşdırmaq olar.
Çünki o zaman Kremlin qorxunc hərbi qüdrəti və hərblə təhdid eləmək potensialı, faktiki, qalmayacaq - baxmayaraq ki, o nüvə dövlətidir (SSRİ də nüvə dövləti idi).
Təsadüfi deyil ki, Rusiyaya qarşı maliyyə sanksiyaları, ardınca neftin ucuzlaşması və bütün bunların da məntiqi nəticəsi kimi rublun devalvasiyası məhz məlum Krım hadisələrindən sonra start götürüb. Ayrı sözlə, bu boyda qovğa, kaşa Rusiyaya, ipə-sapa yatmayan Putinə görədir və hədəfdə də müstəsna olaraq Kremlin özü, bir də onu bataqlıqdan çıxarmaq istəyən, ona kömək əli uzatmaq istəyən Çin kimi ölkələrdir.
***
Qərbin cəza tədbirləri isə getdikcə qarda iriləşən qar topası kimi daha sanballı miqyas almaqdadır. Artıq rubl az qala hər gün dəyərini bir az daha qeyb edir. Sözsüz ki, belə vəziyyət ölkədəki biznes-oliqarx dairələrini ciddi narahat edir. Həmin dairələrin on milyard dollarlarla ölçülən maliyyə itkilərinə məruz qalmış nüfuzlu təmsilçiləri anlayırlar ki, məhz Putinin avantürist siyasətinin altını çəkirlər, ona görə ziyana düşüblər.
Qərb mətbuatının yazdığına görə, hökumət daxilində bu xüsusda Putindən gizli narazılıq böyüməkdədir. Təbii ki, bahalıq və kasıbçılıq başının üstünü kəsdirən cəmiyyətdə, getdikcə daha zəif qidalanmağa, arağın və siqaretin ən ucuzuna keçən, kəmərini bir az da sıxan sıravi vətəndaşlarda narazılıq bundan da sürətlə böyüyür.
***
“Rusiyada əhalinin kortəbii çıxışları, hakimiyyətin yuxarı elitası arasında qarşıdurma və narazılıq fonunda ölkədə siyasi hakimiyyət böhranı qaçılmaz ola bilər”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin sözlərinə görə, Qərb Rusiyaya qarşı yeni sanksiyalardan əl çəkən deyil.
Sitat: “Rusiya iqtisadiyyatı misli görünməmiş inflyasiya dövrünü yaşayır. Rusiya neftindən imtina və ölkənin beynəlxalq bank sistemindən uzaqlaşdırılması qaçılmaz ola bilər. Bu reallıq özünü doğruldarsa, ölkə iqtisadiyyatı iflas edəcək. Hazırda Moskvanın Pekinlə əlaqələrində müəyyən gərginlik yaranıb. Çünki Çinin vəziyyəti də pisləşməkdədir. Üstəlik, Pekin Moskvanı özünə etibarlı tərəfdaş hesab etmir. Bu səbəbdən də 400 milyard dollarlıq qaz layihəsi şübhə altındadır. Qərbdən ciddi təzyiqə məruz qaldığı bir şəraitdə üzünü Çinə çevirən Moskvanın Pekindən ümidini üzdüyü hiss olunur. Çırpınan Rusiyanın Oxot dənizində neft yataqlarının axtarışı ilə bağlı yeni layihəsi qeyri-real görünür. Çünki layihəyə ilk növbədə Çin və Cənubi Koreya razılıq verməlidir. İkincisi isə layihə üçün lazımi vəsait Rusiyada yoxdur”.
Politoloq Rusiyada artan hakimiyyətdaxili çəkişmələr fonunda siyasi böhranın qaçılmaz ola biləcəyini istisna etmir: “Belə layihələr hər zaman Putin tərəfindən irəli sürülürdü. Ancaq indi onu baş nazir Medvedyevin dilə gətirməsi hakimiyyətin qanadları arasında müəyyən parçalanmanın olmasının xəbərçisidir. Ölkə oliqarxlarının Putinin yeritdiyi siyasətə qarşı narazılığı durmadan artır. Rusiyanın problemləri getdikcə dərinləşir və bu, müxtəlif formalarda təzahür edə bilər. Əhalinin kortəbii çıxışları, hakimiyyətin yuxarı elitası arasında qarşıdurma və narazılıq fonunda siyasi hakimiyyət böhranı qaçılmaz ola bilər”.
***
Maraqlıdır ki, hətta belə böhranlı vəziyyətdə də Rusiya sanki tövrünü pozmadan Qərbə, region ölkələrinə əzələ nümayiş etdirməkdə davam edir. Belə ki, Xəzər dənizində Qazaxıstan və Azərbaycanla birgə hərbi təlim adı ilə manevrlər təzəcə başa çatsa da, 10 günlük fasilədən sonra dünən Rusiya Xəzər Donanmasının döyüş gəmiləri dənizdə yeni təlimlərə başlayıb. Bu barədə Rusiya Cənub Hərbi Dairəsindən məlumat verilib.
“20 döyüş gəmisi və katerlərdən ibarət donanma Xəzər dənizi zonasında su nəqliyyatı və iqtisadi obyektlərin qorunması istiqamətində təlim-döyüş tapşırıqlarını yerinə yetirir. Yekun mərhələdə gəmilər hava hücumundan müdafiə əməliyyatlarını yerinə yetirəcək və şərti düşmənin hava hədəflərini məhv edəcək” - məlumatda deyilir.
Aydındır ki, bu da növbəti güc nümayişidir və ən əvvəl region ölkələrinə, o sırada Azərbaycana və Gürcüstana qarşı yönəlib, onları ABŞ-la əlaqələrdən çəkindirməyə hesablanıb. Söz düşmüşkən, bu gün NATO baş katibi Yens Stoltonberq Gürcüstan müstəqillik qazanandan sonra ilk dəfə bu ölkəyə iki günlük rəsmi səfərə gəlir (26-27 avqust). Xəbər verdiyimiz kimi, səfər çərçivəsində alyansın Gürcüstanda hərbi-təlim mərkəzinin açılışı olacaq, qonşu ölkənin NATO-ya üzvlüyünün perspektivi bir daha diqqət mərkəzinə gətiriləcək.
Şəksiz ki, proseslərin belə inkişafı, ələlxüsus da NATO-nun, ABŞ-ın Gürcüstanda möhkəmlənmək planlarının reallaşmağa üz tutması rəsmi Moskvanı bərk narahat edir, ona görə ki, sonuncunun Gürcüstana hər hansı müdaxilə ssenarisini sıfırlayır. Həmsərhəd Gürcüstana nəzarətin itməsi isə labüd olaraq, qonşu Azərbaycanın və Ermənistanın da şimal qonşumuz üçün itirilməsi ilə nəticələnə bilər. Demək, konkret olaraq Azərbaycanda yeni Rusiya hərbi bazaları (Qəbələ RLS) qurmaq planları da öz aktuallığını itirir.
Bu və başqa səbəblərə görə, Kreml son vaxtlar həm qorxur, həm də qorxudur. Amma deyəsən, indi daha çox qorxur, nəinki hədələyir. Kremlin zəifləməsi isə Bakının Qərblə Rusiya arasında manevr imkanlarını əhəmiyyətli dərəcədə sadələşdirərdi. O mənada ki, Azərbaycan zorən zəifin yanında yer almaq, “cəhənnəmə gedənə yoldaş olmaq” əzabından qurtula bilər.
Cia.az
