Nə qədər ki, Amerika güclü dövlətdir, dollar da güclü valyuta olaraq qalacaq
Son bir həftədə dünya ölkələrinin valyutaları ciddi şəkildə dəyər itirib. Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çinin milli valyutası yuanın devalvasiya olmasının ardınca Türkiyədə, Qazaxıstanda və Rusiyada milli valyutalar ABŞ dolları qarşısında dəyər itirib. Analoji təhlükə Azərbaycanı da gözləyir.
Bütün bu hadisələrin mərkəzində dayanan isə ABŞ dollarıdır. Son bir ildə az qala dünyanın bütün ölkələrində milli valyutalar dəyər itirdiyi halda ABŞ dolları hələ də gücünü qoruyub saxlayır. Əcəba Amerika pulunun bu qədər güclü və dayanıqlı olmasının səbəbi nədir?
Qeyd edək ki, ABŞ-ın milli valyutası olan dollar hazırda yalnız Amerikanın deyil, eyni zamanda dünyanın rezerv pul vahidi hesab olunur. Çünki dünya ticarətinin mühüm bir hissəsi Amerika dolları həyata keçirilir.
Bu səbəbdən də dollar dünyanın bütün ölkələrində işləkdir. Dünyada ən böyük məbləğlərlə ifadə olunan neft, qaz, qızıl, o cümlədən sərmayə və beynəlxalq ticarət Amerika dolları ilə aparıldığından avtomatik olaraq dövlətlərin borcları da dollarla hesablanır və ödənilir. Bu səbəbdən də dollara tələbat yük olaraq qalır və biznes dünyasının əsas valyutası imicini qoruyub saxlayır.
Amerikada pul 17-ci əsrdən hazırlanmağa başlasa da, bu günkü dolların tarixi 1785-ci ildə başlayır. Həmin il ABŞ konqresi dolalrın Amerika milli valyutası olması haqda qərar qəbul edir. İlk kağız dollar isə 1861-ci ildə tədavülə buraxılır. 100-lük Amerika dolları hazırda dünyada ən çox yayılmış pul vahididir. Hazırda ABŞ-la yanaşı bir sıra ölkələrdə dollar rəsmi valyuta və ya fəaliyyətdə olan pul vahididir. Hazırda ABŞ 1 trilyon dollardan çox vəsaiti xaricdə saxlayır və buna da bildiyimiz kimi “Eurodollar” deyilir. Dünyanın ən çox alınıb-satılan valyutası dollar qlobal valyuta mübadilələrinin 87 faizində istifadə olunub.
Mütəxəssislərə görə, ABŞ dollarını dünyada hegemon valyuta kimi qoruyub saxlayan ikinci əsas amil ABŞ-ın dünya maliyyə hegemoniyasını yaradan Beynəlxalq Valyuta Fondu və Dünya Bankıdır. 1946-cı ildə yaradılan bu qurumlar vasitəsilə ABŞ dünyanın az qala bütün milli iqtisadiyyatlarına bu və ya digər formada “yol tapıb”.
1971-ci ildə ABŞ-ın dolları qızıl ehtiyatı ilə indeksləşdirməkdən imtina etməsindən sonra dolların çapı və dünyada yayılması faizi daha da artıb. Prezident Riçard Nikson Bretton Vuds razılaşması ilə müəyyənləşdirilmiş sabit xarici valyuta məzənnələrini dəyişməklə bu təzyiqi azaltmağa çalışdı. Almaniya və Yaponiya müqavimət göstərdikdə isə birtərəfli şəkildə fəaliyyət göstərərək 15 avqust, 1971-ci il tarixində dollarla qızıl arasındakı əlaqəni kəsdi. Hazırda dolların istifadə həcmi ABŞ-ın dünya ticarətindəki payından qat-qat çoxdur. Bu həm də o deməkdir ki, artıq dollar dünya valyutasıdır.
Və nəhayət dolların güclü olmasının əsas səbəblərindən biri də Amerika iqtisadiyyatıdır. Son illərdə dünya iqtisadiyyatları böhran yaşamasına rəğmən Amerika iqtisadiyyatı sürətlə böyüyür. XIX əsrin sonlarından etibarən ABŞ iqtisadiyyatının hədsiz böyüməsi və genişlənən ticarət əlaqələri dünya əhalisini dollarla iş görməyə öyrəşdirdi. Biznesmenlər, ayrı-ayrı şəxslər və hökumətlər bu vərdiş ətrafında müəssisələr yaratdılar.
Asiyadan Avropa və Latın Amerikasına qədər hər bir böyük şəhər və limanda dollardan on illərlə geniş şəkildə istifadə olundu. İnsanlar uzun müddət idxal və ixrac müqavilələrini dollar üzrə bağlayırdı. Valyutanın bu dərəcədə önə çıxması illərlə müəssisə, maliyyə qurumları və mərkəzi bankları dollar əmanətləri saxlamağa və investisiya qoymağa yönəltdi. Xüsusən də İkinci Dünya Savaşından sonra ABŞ-ın dünya üzərində hegemoniyasının artması, dünyanın iqtisadi nəhənginə çevrilməsi dolların da mövqelərini gücləndirdi.
Heç şübhəsiz ki, dolların “gücünün” arxasında həm də Amerika gücü dayanır. Dolların arxasında dünyanın az qala bütün nöqtələrində güc sahibi kimi çıxış edən superdövlət Amerikanın gücü dayanır. Bu səbəbdən də bir çox analitiklər dolların taleyini ABŞ-ın siyasi gücü ilə mütanəsib olaraq hesablayırlar. Nə qədər ki, Amerika güclü dövlətdir, dollar da güclü valyuta olaraq qalacaq.
Cia.az
