Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə üç aydan az vaxt qalsa da, hələlik ölkədə seçki ab-havası hiss olunmur. Müşahidəçilərin fikrincə, bunun bir səbəbi də hakim partiyanın özünün seçki siyahısını elan etməyə tələsməməsidir.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində demişdi ki, siyahı bu həftə açıqlanacaq.
Seçkiyə rəsmi start veriləndən sonra YAP-ın siyahısının da elan olunacağını deyən S.Novruzov hakim partiyanın bütün partiyalardan namizəd irəli sürəcəyini qeyd edib. “YAP keçən seçkilərdə bəzi dairələrdən namizəd irəli sürməmişdi. Respublikada tanınmış bir sıra ziyalılar var idi ki, onlara, o cümlədən dövlətçilik mövqeyində olan bir sıra siyasi partiya rəhbərlərinə alternativ verməmişdi. Bu gün də bu məsələlər müzakirədədir, amma son qərar İdarə Heyətinin olacaq”-YAP funksioneri bildirib. Lakn həftənin ilk günü hakim partiya namizədlər siyahısını açıqlamadı. Bu barədə S.Novruozvun mövqeyini öyrənmək niyyətimiz isə hakim partiyada gərgin seçki hazırlıqlarının getməsi səbəbindən mümkün olmadı.
Yeri gəlmişkən, S.Novruzov demişdi ki, son qərar partiya rəhbərinin və İdarə Heyətinin olacaq və partiya rəhbərliyindən başqa siyahı barədə heç kimin müfəssəl məlumatı yoxdur.
Bəzi mənbələr xəbər yayıb ki, seçkiqabağı qeyri-rəsmi təbliğatın gücləndiyi bir zamanda parlamentdə ən çox deputat mandatına sahib olan hakim partiya çoxdan bəri gözlənilən və bir çoxlarının həyəcanına səbəb olan sürprizlərini elan edəcək.
Modern.az saytının əldə etdiyi məlumata görə YAP-ın bu həftə ərzində seçki siyahıları dəqiqləşdiriləcək. Bu siyahıda isə xeyli sürprizlər olacaq. “Bir çox YAP üzvlərinin diqqətlə, maraqla, gözlədiyi seçki siyahıları bəzi vəzifə sahibləri üçün xüsusilə həyəcanvericidir. Belə ki, bundan əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, YAP bu seçkilərdə əvvəlkilərdən fərqli olaraq rektor və digər vəzifə sahibi olanların deputatlığa namizədliyini irəli sürməyəcək”-deyə, xəbərdə bildirilir. Məlumata görə, YAP-ın seçki siyahılarını dörd gözlə açıqlanmasını istəyənlərdən biri də parlament müxalifətidir.
.jpg)
Çünki YAP tərəfindən 125 dairənin hamısından deputatlığa namizədlərin verilməsi Milli Məclisdə olan digər partiyalara güzəştin edilməməsi anlamına gəlir. Buna görə də parlamentdəki rəqiblərinin arzu və istəklərinə sədd çəkən hakim partiyanın seçki siyahılarını hamı gözləyir. “Bəlkə deputatlığa namizədlər siyahısı 125 dairəni əhatə etmədi” kimi ümidlərlə yaşayan parlament müxalifətinin liderləri də büruzə verməsələr də, şüurlarının dərin qatlarında YAP-ın hədəf və istiqaməti haqqında düşünürlər.
S.Novruzov parlament seçkilərinə hazırlıqla bağlı AzərTac-a müsahibəsində xarici müşahidəçilərlə bağlı məsələyə münasibət bidlirib. “Bütövlükdə, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur.
Məlum olduğu kimi, Azərbaycan dövləti daim keçirilən seçkilərin geniş beynəlxalq müşahidəçilər missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkələrin parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Ümumiyyətlə, Azərbaycanda seçkiləri müşahidəçi etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Məsələn, fakt üçün deyim ki, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərini on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçi izləmişdi. Belə ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və digər bir sıra beynəlxalq qurumların müşahidə missiyaları ölkəmizdə keçirilən seçkiləri izləyirlər”. S.Novruzov deyib ki, YAP ölkədə keçirilən bütün seçkiləri daha çox beynəlxalq müşahidəçilərin izləməsinin tərəfdarıdır: “Nəzərinizə çatdırım ki, Azərbaycanda keçirilən seçkiləri YAP-ın üzv olduğu və əməkdaşlıq etdiyi siyasi partiyaların birləşdiyi beynəlxalq qurumlar da müşahidə edirlər. Bunlardan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP), Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyaları təşkilatının (COPPPAL) adını çəkə bilərəm. Biz qarşıdan gələn seçkilərdə də bu təşkilatların seçkiləri izləməsinin tərəfdarıyıq".
Qeyd edək ki, seçki kampaniyasına start verilməsi üçün prezident sərəncam verməlidir. Konstitusiyaya görə, Milli Məclisə seçkilərin təyin edilməsi ölkə prezidentinin səlahiyyətindədir. Ölkə başçısı səsvermədən ən azı 60 gün öncə seçkilərin vaxtını təyin edir. Bu sərəncamın verilməsi də, təxmini hesablamalara görə, avqustun sonuna düşür.
Sərəncam rəsmi mətbuatda dərc olunduqdan dərhal sonra iki aylıq seçki kampaniyası dövrü başlayır. Yəni namizədliyin irəli sürülməsi, imzatoplama, qeydiyyat, təbliğat və sairə bu iki ayda həyata keçirilməlidir.
Cia.az
