Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada 10 günlük treninqlər təşkil olunub.
Kitabxanadan bildirilib ki, Xızı, Şabran, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Balakən, Lənkəran, Nərimanov, Səbail və Xətai Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm MARC 21 formatını öyrənəcək, həm də ALİSA-da iş vərdişlərini mənimsəyəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın və Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirib. O, iştirakçıları 10 gün müddətində davam edəcək treninqdən maksimum bəhrələnməyə çağırıb, qarşıya çıxan problemlərin dərhal həllini tövsiyə edib.
Treninqlər çərçivəsində müdavimlər Milli Kitabxanada gedən iş prosesləri, kitabxananın yeni iş üsulu, yeni xidmət növləri ilə yaxından tanış olacaqlar.
Sonunda müdavimlərə sertifikatlar təqdim ediləcək.
