Konflikt ətrafındakı mövcud status-kvo savaş risklərini saxlamaqdadır; izolyasiyada sıxılan işğalçı ölkə isə ümidini indi həm də İrana bağlayıb; rusiyalı ekspert: “Ermənilər xülyalarla yaşayırlar...”
Hərbi əməliyyatlar üçün ən əlverişli dövr sayılan yay dövrü başa çatır. Ekspertlərə görə, qarşıdakı aylardan yalnız sentyabr ayı əlverişli ola bilər. Təbii ki, ağlı başında olan heç kəs müharibə arzulamaz. Lakin əgər söhbət Qarabağ münaqişəsindən, artıq 25-ci ilə keçmiş işğal faktından və bu fakta dünya birliyinin, vasitəçi dövlətlərin laqeydliyindən gedirsə, ayların müharibə üçün əlverişlilik kateqoriyasına bölünməsi ənənəsi də öz qüvvəsini saxlayacaq.
Müharibə riski isə həqiqətən də var və yüksəkdir. Bunu indi həm də nəticəsiz sülh danışıqları və nizamlama prosesinin neçə aydır dalana girməsi təsdiqləyir. Bəs konkret olaraq qarşıdakı aylarda, sentyabrda gözləntilər necədir, yeni müharibə ehtimalı varmı?
Burdaca yada salaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Amerikanın təşəbbüsü ilə məhz sentyabr ayına - Nyu-Yorkda planlaşdırılır. Görüş üçün məhz bu ayın seçilməsi bir təsadüfdür, yoxsa?..
***
“Nəzəri cəhətdən Qarabağ münaqişəsi zonasında yeni müharibənin başlanması mümkündür, ancaq hər halda bu il aktual deyil, növbəti ildə isə tamamilə mümkündür”. Musavat.com-un məlumatına görə, bu barədə Cənub Qafqaz məsələləri üzrə rusiyalı ekspert Andrey Yepifantsev erməni portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan nə qədər çox silahlansa və razılığa gəlmək mümkün olmasa, bir o qədər müharibə ehtimalı da yüksək olacaq. “Aydındır ki, Ermənistan heç vaxt müharibəyə başlamayacaq. Təşəbbüskar Azərbaycan olacaq” - hesab edir ekspert. Politoloqun fikrincə, bu payız Azərbaycanda parlament seçkiləri gözlənildiyindən, seçkilər başa çatmamış hərbi əməliyyatların bərpası ehtimalı sıfıra bərabərdir.

Münaqişədə Moskvanın hazırkı rolu və marağına gəlincə ekspert deyib: “Rusiyaya regionda qeyri-sabitlik sərfəli deyil. Moskva istəyir ki, situasiya tərəflərin qarşılıqlı razılığı ilə sabitləşsin. Rusiya üçün iki münaqişə tərəfinin müttəfiqi olmaq çətindir, o, daim hər iki tərəfin tənqidinə məruz qalır. Əgər Azərbaycan və Ermənistan müharibəyə girsə, Rusiya ya onlardan birini müdafiə eləməli, ya da birinin qabağını almalı, çəkindirməlidir. Əgər Kreml Rusiya-Ermənistan qarşılıqlı hərbi-siyasi müqaviləyə əsasən Ermənistanı müdafiə eləsə, bu, Rusiya-Azərbaycan münasibətlərini ciddi şəkildə korlayacaq”.
Politoloq dünya oyunçuları arasında da yeni Qarabağ müharibəsində maraqlı olan ölkənin olmadığını düşünür.“Bəlkə də, müharibə müəyyən dərəcədə Türkiyəyə sərf edərdi, əgər Ankara əmin olsaydı ki, Azərbaycan bu müharibədən qalib çıxacaq. Belə əminlik isə yoxdur. Müharibənin qızışması ABŞ-ın da marağında deyil” -əlavə edib ekspert.
***
İzolyasiya şəraitində yaşayan və iqtisadiyyatı böhran mərhələsinə girən işğalçı Ermənistan isə ümidini indi də İranla “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı əldə edilən Vyana anlaşmasından sonra İran qazının Avropa bazarlarına öz ərazisindən keçməsinə bağlayıb. Ancaq rusiyalı politoloqun da etiraf elədiyi kimi, bu, yalnız arzudur, ilğımdır. Çünki belə bir şey gözlənilmir.

Sitat: “İran qazının Avropaya çatdırılmasında ən azından 3-4 ixrac variantı mövcuddur. Mənim fikrimcə, Ermənistandan və ya Gürcüstandan keçən marşrutlar az ehtimallıdır, çünki iqtisadi cəhətdən ən bahalıdır. İrandan Ermənistana, Gürcüstana, Batumiyə, oradan ya Rumıniya, ya da Bolqarıstan. Başqa variant - Türkiyədir, hansını ki, reallaşdırmaq asandır. Orada artıq bir qaz kəməri var, ikincisini qurmaq da çətin deyil. Ola bilsin, NABUCCO layihəsi də gündəmə qayıtsın. O layihədən İrana embarqo qoyulduğu üçün imtina edilmişdi. Ancaq Tehran dünya siyasətinə qayıdandan sonra bu variant da mümkün hala gələ bilər. Mən Ermənistan vətəndaşlarına məsləhət görərdim ki, qazın nəqli ilə bağlı böyük arzular qurmasınlar. Bununla belə, kəmər Ermənistandan keçərsə, Rusiyanın reaksiyası müsbət olacaq. Lakin qaz bazarı ilk növbədə alıcının bazarıdır. Bu gün şərtləri məhz alıcı diktə edir - qazı kimdən, necə alsın və s. Əgər Avropa qazı o yolla alacaqsa, Rusiya heç nə edə bilməz. NABUCCO ilə Ermənistanı müqayisə eləsək, Moskva üçün Ermənistan məqbuldur. Ona görə ki, Ermənistan bizim müttəfiqimizdir, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Bu, bizim üçün əlverişli olardı, çünki o halda Ermənistanın rolu artardı. Hazırda Ermənistan bütün nəqliyyat imkanlarından məhrumdur”.

Rusiyalı analitik bu yerdə Vyana anlaşmasına Kremlin niyə öz ziyanına olsa belə, dəstək verməsi sualına maraqlı bir cavab verib və faktiki surətdə Moskvanın Qarabağ məsələsinə təsir imkanlarına da işıq salıb:“Rusiya həqiqətən də Tehranın ”altılıq"la anlaşma əldə eləməsinə kömək edib. Aydındır ki, bundan sonra İran qazının Avropaya nəqli bərpa oluna və bu da Rusiya qazının qiymətində özünü göstərə bilər. Bununla belə, Moskva anlaşmaya kömək edib, çünki Rusiya elə böyük dövlət deyil ki, bunu əngəlləyəydi. Əgər Qərb dövlətləri istəsəydi, Rusiya əleyhinə olsaydı da, sənəd imzalanacaqdı və Moskva axmaq vəziyyətə düşəcəkdi. Bu isə İranla sonrakı münasibətlərə neqativ təsir edərdi. Alternativ variantlar var ki, onlar İran qazının Avropaya nəqli ilə bağlı Kremlin üzləşəcəyi itkiləri kompensasiya edir. Bəli, Rusiya bu addıma şüurlu şəkildə gedib və anlaşmanın baş tutmasına stimul verib. Rusiyanın qaz ixrac kəmərlərinin qarşısını alacağını söyləmək qeyri-ciddilik olardı - Rusiyanın belə çəkisi və nüfuzu yoxdur. Rusiya əgər Ermənistandan keçən yolu əngəlləsə, Qərb bunu Türkiyə vasitəsi ilə edəcək və o zaman yüz faiz Rusiya buna mane ola bilməz. Bu, bizim üçün az əlverişlidir. Biz İran qazının Avropaya çatdırılmasına bütün hallarda təsir göstərə bilməyəcəyik. Bizim üçün həm iqtisadi, hım siyasi cəhətdən kəmərin Ermənistandan keçməsi sərfəlidir".
***
Bu, doğrudan da belədir - Rusiya dünyada, regionda sovet dönəmindəki kimi Qərb qədər güclü oyunçu deyil. Başqa sözlə, ABŞ və Avropa Birliyi Dağlıq Qarabağ məsələsində də siyasi iradə ortaya qoysa, problem həllini tapar və Rusiyanın bu prosesə dəstək verməsindən savayı çıxış yolu qalmaz.
Rusiyanın iqtisadi sanksiyalar altında getdikcə zəifləməsi bu ehtimalı günbəgün artırmaqdadır. Demək, məntiqlə rəsmi Bakının Qərblə münasibətləri gərginləşdirməsi Azərbaycanın köklü mənafelərinə, Qarabağ məsələsinin ədalətli həll perspektivinə işləyə bilməz. Rusiya ilə normal qonşuluq əlaqələri öz yerində, Qərblə münasibətlərimizi zəruri səviyyəyə çatdırmalıyıq - ən azından Qarabağa görə.
Cia.az
