|
Müsavat namizəd qıtlığı yaşayır?
Müxalifət partiyalarının deputatlığa namizədlər siyahılarının ictimaiyyətə açıqlanmamasının kökündə hansı problemin dayandığı haqda maraqlı xəbər yayılıb. Xəbərdə deyilir ki, ölkənin aparıcı müxalif partiyası olan Müsavat da daxil olmaqla müxalifət partiyalarının üzvləri seçkidə namizədliklərini irəli sürmək istəmirlər, bir çox üzvlər isə tərəddüd içindədirlər.
Hətta bildirilir ki, partiyaların sədrləri, liderləri bir çox partiya üzvlərinə namizədliklərini irəli sürmələri üçün xahiş də edirlər. Lakin problem həllini tapmamış qalır. Nəticədə partiyalar deputatlığa namizədləri siyahısını hazırlamaqda çətinliklə üzləşiblər. Üzvlərin seçkiyə qatılmaq istəməmələrinin müxalifətçilərin özlərinə inamsızlıqları deyil, seçkilərin demokratik keçiriləcəyinə inanmamaları, eyni zamanda maddi problemləri ilə bağlı olduğu qeyd edilir. Beləliklə, deyilənlər doğrudursa, belə çıxır ki, aparıcı müxalif partiyaları belə, seçkidə iştirak etməyə namizəd tapmaq çətinliyi yaşayırlar. Seçkiyə isə vaxt azalır. 
 
Xəbərdə adı keçən Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yayılan bu xəbərdə deyilənlərin Müsavata aidiyyəti yoxdur. Çünki Müsavat Partiyası belə problem yaşamır. Əksinə, elə seçki dairələri var ki, oradan 2-3 müsavatçı namizəd olmaq istəyir. 
 
Müsavatın seçkiyə ciddi hazırlaşdığını deyən Razim Əmiraslanlı Məclisin 29 avqustda keçiriləcək növbədənkənar sessiyasında deputatlığa namizədlərinin təsdiqlənəcəyini bildirdi.
Cia.az